Birlik, bərabərlik bayramı
CƏMİYYƏT

Birlik, bərabərlik bayramı

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir və bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündə qeyd olunur. Bayram adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir, ondan bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac içərisində olan ailələrə, insanlara paylanır. Hamıya bərabər pay verilir. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda hamı sevinməlidir: imkanlılar Allaha xoş gedən əməli icra etdikləri, kasıbları sevindirdiklərinə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə, qayğıya görə.

Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür.

Dünya müsəlmanlarının birlik və həmrəylik bayramı olan Qurban XII əsr Şərq intibahında da, İslam coğrafiyasının müharibələr şəraitində qaldığı əsrlərdə də öz aktuallığını itirməyib. Bu bayram Azərbaycanda da hər zaman böyük sevgi ilə qeyd olunub.

Azərbaycan Xalq Cümhuriyyəti və ona rəhbərlik edən hökumət də Qurban bayramına xüsusi dəyər vermişdir. Demokratik respublikanın qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə 1914-cü ildə “İqbal” qəzetinin saylarının birində “Qurban münasibətilə” başlıqlı məqalədə Qurban bayramına, onun dərinliyində yatan birlik fəlsəfəsinə münasibət bildirmiş, dövlətçiliyin mənəvi ideologiyaya olan rəğbətini ifadə etmişdir. Elə sovetlər dönəmində də Azərbaycan Qurban bayramına biganə qalmamış, müstəqilliyimizi bərpa etdikdən sonra dövlətin dəstəyilə Qurban bayramı daha mütəşəkkil şəkildə qeyd olunmağa başlamışdır.

Müstəqilliyin ilk, çətin dövrlərində hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1994-cü il mayın 21-də Qurban bayramında Bibiheybət məscidinə gedərək xalqı bu müqəddəs bayram münasibətilə təbrik etmiş və demişdir: “Xalqımız təcavüzkarlar tərəfindən müharibəyə cəlb olunub. Qəhrəman oğullarmız torpaqlarımızı qorumaq uğrunda şəhid olurlar. Biz doğma torpaqlarımızı müdafiə edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edərək milli, dini ənənələrimizin hamısını bərpa edəcəyik. Xalqımız bundan sonra ulu babaların yolu ilə gedərək və xoşbəxt gələcəyə çatacaqdır”.

Ulu öndərin təbrikində ifadə etdiyi “xoşbəxt gələcək” düsturunun tərkibində isə mənəvi dirçəliş kodeksinin də olması xalqı yenidən öz ruhi yaddaşına qaytarmaq məqsədi güdürdü. əsl xoşbəxtlik də məhz bunda idi: xalqın özünün ruhi yaddaşına qayıtması. Qurban bayramına adi şəriət hökmü ilə deyil, bu cür ideoloji, mənəvi rakursdan yanaşılması Azərbaycanda ruhi dirçəlişin ilk rüşeymlərini yaratdı.

Qurban bayramına bu münasibət bu gün də yüksək səviyyədə davam edir. Prezident İlham Əliyev digər dövlət və dini bayramlar kimi, Qurban bayramının da xalq tərəfindən lazımi şəkildə qeyd olunmasına böyük önəm verir. Hər il Qurban bayramı ərəfəsində qeyri-iş gününün elan edilməsi də dövlət başçısının xalqımızın bu müqəddəs bayrama verdiyi önəmin ifadəsidir.

Bu il Qurban bayramı münasibətilə dövlət başçısının təbrik məktubunda deyilir: “Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”.

Zümrüd QURBANQIZI,

“Respublika”.