İsveç Türkiyənin şərtlərini qəbul edəcəyi təqdirdə NATO-nun tamhüquqlu üzvü ola bilər
Dünya xəbərləri

İsveç Türkiyənin şərtlərini qəbul edəcəyi təqdirdə NATO-nun tamhüquqlu üzvü ola bilər

Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra NATO üzvü olmayan və tarixən bitərəf qalan Baltikyanı ölkələr böyük risklə üzləşdilər. Rusiyaya coğrafi yaxınlığına görə Finlandiya və İsveç NATO-ya müraciət edərək üzvlük prosesinin sürətləndirilməsini istədilər. Türkiyənin narahatlığını aradan qaldırmağı bacaran Finlandiya üzv olduğu halda, Türkiyə hələ də İsveçdən 1 iyun tarixindən etibarən qüvvəyə minən Terrorla Mübarizə Qanununun tətbiqi ilə bağlı konkret addımların atılmasını gözləyir. İsveçin üzvlüyündən asılı olmayaraq, Türkiyə hər bir beynəlxalq platformada olduğu kimi, beynəlxalq terrorizmlə mübarizəni NATO  daxilində də ortaq məqsədlərdən biri etməkdə israrlıdır.

"2000-ci illərdən bəri Avropa ilə Rusiya arasında siyasi və iqtisadi təsir toqquşmasının meydanı olan Ukrayna Qərbə yaxınlaşmaq üçün yüksək bədəl ödəməli oldu. İşğaldan əvvəl Rusiya NATO-nun genişlənməsini dayandırması və Ukraynanın bu alyansa qoşulmamasını tələb etmişdi. Rusiyanın Ukraynanın milli suverenliyinə xələl gətirən tələbi boşda qalınca işğal üçün zəmin yarandı. Bu vəziyyət qarşısında NATO-ya daxil olmayan Finlandiya və İsveç kimi ölkələr oxşar təhlükə ilə üzləşməmək üçün alyansa üzvlüyə müraciət etdilər". Bu fikri açıqlamasında Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu - SETA-nın direktoru professor Murat Yeşiltaş vurğulayıb. O deyib ki, Rusiyanın Ukraynanı ciddi müqavimət göstərmədən işğaletmə planları bir neçə səbəbdən iflasa uğradı. 2014-cü ildə Krımın işğalından sonra Ukrayna öz ordusunu xeyli gücləndirdi. ABŞ kəşfiyyatı işğalı qabaqcadan xəbər verdi və Ukrayna Rusiyanın qəfil basqınının qarşısını aldı. Paytaxt Kiyevi və ölkəni tərk etməyi düşünməyən ölkə prezidenti Volodimir Zelenski vəziyyəti idarə etdi. Ordusunun güman ediləndən qat-qat hazırlıqsız və təsirsiz olması Rusiyanın "sürətli uğur" xəyalını qeyri-mümkün etdi. Şərqi Avropa və Baltikyanı ölkələr Rusiyanın hərbi sahədə güclü olmadığını görsələr də, müharibənin xüsusən ilk aylarında onlara sıçraya biləcəyindən narahat oldular.

"Ukrayna müharibəsi kontekstində Finlandiya və İsveçin təhlükəsizlik konsepsiyalarını dəyişməsi və neytral mövqedən əl çəkməsi hər baxımdan tarixi əhəmiyyət kəsb edir. Bu zaman Türkiyə də bir çox NATO ölkəsinin PKK-nın Suriya qolu YPG-yə birbaşa və dolayısı ilə dəstək verməsinin ölkəsinin təhlükəsizliyinə təhdid olduğunu gündəmə gətirdi. NATO sammitlərində həm Suriya, həm də beynəlxalq terrorla mübarizə məsələlərində bu problemi dəfələrlə gündəliyə çıxaran Türkiyə ABŞ və bəzi müttəfiqlərinin xüsusilə YPG-yə dəstəyini məhdudlaşdırmaq və dayandırmaq üçün əlindən gələni etdi. Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Sazişin tələblərini tez yerinə yetirən Finlandiya ilə müqayisədə daha yavaş hərəkət edən İsveçə Türkiyənin münasibəti dəyişməyib. Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları Türkiyənin yaxın günlərdə keçiriləcək Vilnüs Sammiti öncəsi bu mövzuda sürətli addımlar atmağa tələsməyəcəyini göstərir'', - deyə vurğulayan M.Yeşiltaş həmçinin deyib: "Türkiyə NATO-nun genişlənməsi üçün açıq qapı siyasətini dəstəkləyir. Bu  baxımdan nə Gürcüstan, nə də Ukraynanın üzvlüyünə etiraz etmədi. Amma regional münaqişələrdən narahat olan Türkiyə İsveçin eqoistcəsinə öz demokratik dəyərlərini qorumaq üçün digər ölkələrin milli təhlükəsizlik qaydalarına məhəl qoymamasına etiraz bildirir. Bu münasibət təkcə İsveçə aid deyil, ABŞ, Almaniya, Fransa kimi ölkələr də bəzən Türkiyənin terrorla bağlı narahatlığını qulaqardına vururlar. Ona görə də NATO-nun qlobal səviyyədə özünü yeniləməyə çalışdığı bir zamanda Türkiyənin terroru əsas gündəlik maddələrindən birinə çevirməyə çalışması tamamilə qanuni və ağlabatan bir siyasətdir. İsveçin bu məsələdə həssaslıq göstərməməsi NATO-nun gözlənilən genişlənmə prosesinə təsir edir. Halbuki NATO-nun İsveçi üzv olaraq qəbul etməsi ancaq Türkiyənin razılığı ilə mümkündür.

Onu da qeyd edək ki, İsveçin alyansa tamhüquqlu üzv olması üçün Türkiyənin şərtlərini yerinə yetirməsi lazımdır. İsveç bəzi terrorçuları Türkiyəyə təhvil verməli, eləcə də PKK/YPG terror təşkilatına maliyyə dəstəyini dayandırmalıdır. Ötən ilin iyun ayında NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında baş tutan danışıqlarda da əsas müzakirə mövzusu bu məsələlər idi. Danışıqların nəticəsi olaraq isə üçtərəfli memorandum imzalanmışdı. Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər. Finlandiya öhdəliklərini yerinə yetirdi. Amma İsveç hələ də "manevrlər" etməyə çalışır. Belə ki, son vaxtlar İsveçdə terrorçu şüarlar artmağa başlayıb. Həmçinin bir müddət öncə YPG terrorçularının Prezident Rəcəb Tayyib Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asması, bəzi nəşrlərin də Ərdoğanı hədəfə alması iki ölkə arasında gərginliyi artırdı. Bütün bunların ardınca Alyansın Vilnüsdə keçirilən sammitində Stokholmun mərkəzində müsəlmanlar üçün müqəddəs olan Quranın yandırıldığı şəraitdə İsveçin üzvlüyünün təsdiqlənməsini gözləmək qeyri-realdır. Bu cür şəraitdə NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl, hətta ondan sonra da yaxın gələcəkdə Türkiyə tərəfinin İsveçin müraciətini təsdiqləyəcəyinə ümid etmək çətindir.

Öz növbəsində, Türkiyə hakimiyyəti Stokholmun mərkəzində Quranın yandırılmasını kəskin şəkildə pisləyib. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, belə çirkin əməllərə göz yummaq cinayətə ortaq olmaq deməkdir. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç isə NATO-ya üzv olmaq və Türkiyənin müttəfiqi olmaq istəyən İsveçi qanunsuzluğa və təxribatlara son qoymağa çağırıb.

Bu yaxınlarda Ankaraya səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə ilə İsveçin münasibətlərini pozmaq istəyən qüvvələrin olduğunu bildirmişdir. Ölkəsinin NATO-ya üzvlük üçün müraciətindən sonra keçən prosesə toxunan İsveçin xarici işlər naziri Billström isə terrorla mübarizə mövzusunun üçlü memorandumda mühüm yer tutduğunu və bu mövzuda yeni qanunun bir müddət əvvəl qüvvəyə mindiyini xatırlatmışdı.

İsveçin əsas hədəfi odur ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində alyansa tamhüquqlu üzv qəbul olunsun. NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç, artıq yaxınlarda bir neçə PKK tərəfdarlarının Türkiyəyə ekstradisiyasına da  razılıq verib.

Qeyd edək ki, İsveçin indiyədək üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi Türkiyə hökuməti ilə yanaşı, cəmiyyətdə də ciddi etirazlarla qarşılanırdı. Sözügedən gərginliklə əlaqədar NATO müstəvisində müəyyən addımlar atıldı ki, Türkiyə ilə İsveçin münasibətləri normallaşsın. Əks halda, İsveç özünün alyansa üzvlüyünü əngəlləmiş olardı. Türkiyə prosesdə hər zaman xoş niyyətini ifadə edir. Lakin rəsmi Ankaranın prinsipial mövqeyi ondan ibarətdir ki, müttəfiqlər bir-birinə qarşı münasibətdə terrorçulara yer verməməlidirlər. Yəni Türkiyə öz şərtlərində israrlıdır. Ona görə də İsveç NATO-ya üzvlük məsələsində kimlərəsə güvənməməlidir.

Bu gün Türkiyə dünyada güclü və söz sahibi olan bir dövlətdir. Bu ölkənin alyansa üzvlüyü rəsmi Ankaranın haqlı şərtlərini nə dərəcədə yerinə yetirməsindən keçir. Əgər şərtlər tam yerinə yetirilərsə, İsveç Vilnüs Sammitində NATO-nun tamhüquqlu üzvü ola bilər.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.