DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ: İSRAİL DÖYÜŞLƏRİN İNTENSİVLİYİNİ AZALTMAQ NİYYƏTİNDƏDİR

“İsrail hakimiyyəti Qəzza zolağında döyüşlərin intensivliyinin azaldılmasının vacibliyini dərk edir, lakin bunun nə vaxt baş verəcəyi bəlli deyil”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlama verib.

“İsrail tərəfi bildirir ki, hərbi əməliyyatların fərqli mərhələsinə keçmək zərurətini qəbul edir. Demək istəyirəm ki, hər hansı hərbi kampaniyada yeni bir hədəfə keçid və fərqli taktikalardan istifadə olunur, bu hərbi əməliyyatların aparılması üçün standartdır”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.

Eyni zamanda, Con Kirbi qeyd edib ki, bu halda söhbət hərbi əməliyyatların intensivliyinin azaldılmasından gedir, lakin o, İsrailin bunu nə vaxt edəcəyini bilmədiyini etiraf edib.

Con Kirbinin sözlərinə görə, əgər İsrail belə bir addım atmağa qərar verərsə, bu, gələcəkdə Fələstin-İsrail münaqişəsinin “mümkün olan ən yaxşı nəticəsi”nə kömək edəcək.

UKRAYNADAN BƏZİ Aİ VƏ NATO ÖLKƏLƏRİNƏ ÇAĞIRIŞ

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak ölkəsi ilə bağlı təhlükəsizlik zəmanətləri haqda bəyannaməyə hələ də qoşulmayan Avropa İttifaqı və NATO ölkələrinin adlarını açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Andrey Yermak birgə bəyannaməyə 31 dövlətin qoşulduğunu vurğulayıb.

Bununla ynaşı, Ukrayna rəsmisinin sözlərinə görə, “G7”nin bütün üzvləri və Aİ ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sazişlərlə bağlı ikitərəfli məsləhətləşmələrə başlanılıb. Aparat rəhbəri qeyd edib ki, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya müvafiq sazişlərin layihələrini təqdim edib.

Andrey Yermak bildirib ki, Aİ-nin 27 ölkəsindən yalnız altısı (Avstriya, Xorvatiya, Malta, Polşa, Slovakiya və Macarıstan) birgə bəyannaməyə qoşulmayıb. O, qeyd olunan dövlətləri və NATO ölkəsi olan Türkiyəni bəyannaməyə qoşulmağa çağırıb.

ABŞ-IN TƏŞKİL ETDİYİ KOALİSİYAYA 20-DƏN ÇOX ÖLKƏ QOŞULUB

ABŞ-ın Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub. “Report” agentliyinin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder bildirib.

Generalın sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi bu koalisiya Qırmızı dənizdə naviqasiya azadlığını və təhlükəsizliyi qorumağa sadiq olan dünyanın müxtəlif ölkələrindən ibarətdir.

Eyni zamanda, xəbər verilir ki, husilərin ticarət gəmilərinə hücumları Qırmızı dənizdən neft tankerlərinin keçidini 40 faiz azaldıb. Açıqlamaya əsasən, bu həftə Bab əl-Məndəb boğazından cəmi 30 neft tankeri keçib. Bu isə əvvəlki üç həftə ərzində oradan keçən gəmilərin sayının 40 faiz azalması deməkdir.

48 İL HƏBSDƏ OLAN ŞƏXSIN GÜNAHSIZ OLDUĞU ÜZƏ ÇIXDI

ABŞ-ın Oklahoma ştatında 48 il həbsdə olan 70 yaşlı Qlin Simmonsun günahsız olduğu sübuta yetirilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Oklahoma məhkəməsinin hakimi Emi Palumbo məhkəmədə Simmonsu günahsız elan edərək, onun qətl törətmədiyini bildirib.

“Məhkəmə açıq və qənaətbəxş sübutlarla müəyyən edib ki, Simmonsun mühakimə edildiyi və həbs olunduğu cinayət onun tərəfindən törədilməyib”, - deyə hakim vurğulayıb.

Məlumata əsasən, Simmons Oklahoma şəhəri ətrafında bir içki mağazasında soyğunçuluq zamanı Kerolin Su Rocersin qətlinə görə ölüm cəzasına məhkum olunmuş, daha sonra bu, ömürlük həbs cəzası ilə əvəz edilmişdi. Qətl zamanı yaşadığı Luiziana ştatında olduğunu bildirən Simmons 1975-ci ildə mühakimə olunaraq ölüm cəzasına məhkum edilərkən 22 yaşında idi.

Xəbər verilir ki, bir şahid digər şübhəliləri müəyyən etdikdən və prokurorların bütün sübutları müdafiəçilərə təhvil vermədiyi aşkar olunduqdan sonra məhkəmə Simmonsun cəzasını ləğv edib.

48 il 1 ay 18 gün həbs olunan Qlin Simmons ən uzun müddət haqsız yerə həbs edilən şəxsdir. Oklahomada haqsız yerə məhkum edilmiş və həbs cəzası çəkən insanların 175 min dollara qədər təzminat almaq hüququ var.

VİKTOR ORBAN AVROPA İTTİFAQINI ŞANTAJDA İTTİHAM EDİB

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Komissiyasının ölkəsi üçün nəzərdə tutulan milyardlarla avro vəsaitin dondurulmasını şantaj adlandırıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

V.Orban mətbuat konfransında deyib: “Macarıstan qanunun bütün maddələrini yerinə yetirir. Avropa İttifaqı Komissiyasından xüsusi tələblər olduqda da, həyata keçirir və əməkdaşlıq edirik. Aİ həqiqətən şantajla məşğuldur. Bunu Avropa Parlamenti (AP) üzvləri də qəbul edir. Şantaj qarşısında Macarıstanın maraqlarını qorumaq üçün əlimdən gələn hər şeyi etdiyim üçün heç kim məni günahlandıra bilməz”.

Məlumat üçün qeyd edək ki, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasını və 50 milyard avro dəyərində yeni maliyyə yardımı paketini dəstəkləmir.

Xatırladaq ki, Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlaması ilə bağlı qərar 2023-cü il dekabrın 14-15 tarixlərində  Brüsseldə keçirilən Aİ Liderlər Toplantısında Viktor Orbanın Almaniyanın kansleri Olaf Şoltz tərəfindən qəhvə içmək üçün salondan çıxarılmasından sonra qəbul edilib.

QIRĞIZISTAN PREZİDENTİ DÖVLƏT BAYRAĞI İLƏ BAĞLI DƏYİŞİKLİYİ TƏSDİQLƏYİB

Qırğızıstan prezidenti Sadır Japarov ölkənin dövlət bayrağının qismən dəyişdirilməsi haqqında qanun imzalayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, Qırğızıstanın yeni bayrağında günəşin təsviri dəyişdirilib. 1992-ci ildən istifadə edilən bayraqda şüalar dalğalı idisə, dəyişdirilmiş versiyada şüalar düzdür.

Eyni zamanda, layihə müəllifləri, qeyd ediblər ki, günəş şüalarının əvvəlki nümunəsi bir çox vətəndaşa günəbaxanı xatırladır, bu bitki isə Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu deyil. Eyni zamanda, Qırğızıstan parlamentinin deputatlarının fikrincə, düz şüalar daha realistik görünür.

Xatırladaq ki, bir müddət öncə bayrağın dəyişdirilməsi layihəsi respublika parlamenti tərəfindən təsdiq edilmişdi. Qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul edilib.

FİNLANDİYA VƏTƏNLƏRİNƏ QAYIDACAQ QAÇQINLARA ÖDƏNİŞLƏRİ 25 DƏFƏ ARTIRır

Finlandiya Daxili İşlər Nazirliyi ölkədə müdafiədən imtina edərək vətənlərinə könüllü qayıtmağa razı olan şəxslərə ödənişləri 25 dəfə artıracaq. “TASS” agentliyinin məlumatına görə, bu barədə nazirliyin saytında dərc olunan məlumatda bildirilir.

Yeni qərara görə, ödənişin məbləği indiki 200 avrodan 5000 avroya qədər artacaq. Bu məbləği almaq üçün sığınacaqdan imtina edildikdən sonra 30 gün ərzində müvafiq sorğunu təqdim etmək lazımdır.

Bildirilir ki, sözügedən qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edilir ki, hazırda vətəninə könüllü qayıtmağa qərar verən şəxsin bütün ailə üzvləri üçün tamamilə pulsuz səfər təşkil edilir, səfər sənədləri olmadıqda belə onların qeydiyyatı həyata keçirilir, eləcə də hər bir yetkin vətəndaş üçün 200 avro, hər uşaq üçün isə 100 avro ödənişlə təmin olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.