İnanırıq ki, əzəli yurdumuza qayıdacağıq
Sosial həyat

İnanırıq ki, əzəli yurdumuza qayıdacağıq

XX əsrin bəlası – Deportasiya

Bizim kəndi Qərbi Azərbaycanın universiteti adlandırmaq olardı. Çünki kəndimizdə elmə son dərəcə böyük dəyər verirdilər, orta məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti ali məktəblərə qəbul olunurdu. Hətta ermənilər kəndimizin müəllimlərini İrəvan institutlarında qəbul imtahanlarında iştirak etməyə dəvət edirdilər. Çox güclü pedaqoqlarımız var idi. Qaçqınlıqdan sonra respublikamızda da müəllimlərimizi yüksək dəyərləndirdilər.

Bu barədə söhbətində Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində 1956-cı ildə anadan olan həkim Firidun Ağayev dedi. Rayonumuzun Şirazlı kəndində erməni məktəbi vardı, böyük qardaşım həmin məktəbi "Qızıl medal"la qurtaran ilk azərbaycanlı oldu. Ermənilər buna qısqanclıqla yanaşırdılar, reallığa inana bilmədiklərindən təkrar imtahan vermək üçün qardaşımı İrəvana aparmışdılar. O vaxt "Sovet Ermənistanı" qəzetinin Həsənov soyadlı redaktoru bunu bilən kimi özü də imtahanda iştirak etmişdi. Qardaşım bütün suallara cavab verdiyinə görə ermənilər susmuşdular və bununla belə bir erməniyə də "Qızıl medal" verilməsini təklif etmişdilər.

İsmayıllı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinin müdiri işləyən həmsöhbətim qeyd etdi ki,  Qərbi Azərbaycan İcmasının siyahıda tərtib etdiyi 13 nəfər elmlər doktoru və professor, 34-ə yaxın fəlsəfə doktoru, 200-dən çox həkim  və tibb işçisi təkcə bizim Nərimanlı kəndinin payına düşür. Elə bir ailə yoxdu ki, orada ali təhsilli olmasın.

Qərbi Azərbaycanda yaşadıqları illərdə ermənilər tərəfindən müxtəlif təhlükələrlə qarşılaşdığını deyən Firidun həkim bildirdi ki, yadıma gəlmir ki, biz rayon mərkəzinə tək gedib-gələydik. Daim bizə qarşı hücumlar olurdu, addımbaşı təhqir etməyə çalışırdılar. Doğma yurdumuzda bizə normal şəraitdə yaşamağa imkan vermirdilər. Hətta indiki kimi yadımdadı, 1972-ci ildə 8-ci sinifdə oxuyurdum. Rəhmətlik Yusif Rzayev rayon partiya komitəsinin birinci katibi idi, onu işdən çıxarıb yerinə erməni Viktor Ambartsumyanı qoymuşdular.  O da çıxış edərək dedi ki, bundan sonra Basarkeçər rayonunun adı dəyişdirilərək Vardanes olur. Az keçmədi ki, rayondakı bütün abidələri uçurtmağa başladılar. Deyirdilər ki, bu abidələri türklər qoyub, dağıtmaq lazımdı. Bununla yanaşı kəndlərin adlarını da dəyişməyə başladılar.

Həmin vaxt Azərbaycanda isə vəziyyət tamamilə başqa idi. Tələbə vaxtı görürdüm ki, Bakıda ermənilər rahat yaşayır və yüksək vəzifələrdə işləyirlər. Orada olan vəziyyətlə buradakı tam fərqli idi. Bu səbəbdən də valideynlərimiz bizə yaxşı təhsil verməklə xoşbəxt gələcəyimizi təmin etməyə çalışırdılar.

İgid  həmyerliləri ilə qürur duyduğunu deyən həmsöhbətim bildirdi ki, bir kəndin ümumilikdə 24 şəhid verməyi yüksək vətənpərvərliyin və qəhrəmanlığın göstəricisidir.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşündə dedi ki, biz artıq Qarabağı azad etmişik, indi isə növbəti istəyimiz əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıtmaqdır.

Ümid edirəm ki, tezliklə öz yurdumuza qayıdacağıq. Bizim nəslin dünyasını dəyişənlərin bir hissəsinin qəbirləri o torpaqlardadır, biz onların xatirəsini daim yad etməliyik. Düzdür, erməni faşizminin çirkin niyyəti nəticəsində qəbiristanlıqlarımızı da dağıdıblar.

Kəndimiz dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir və çox şəfalı havası, saf suyu olan bulaqları ilə seçilirdi. Tələbəlik illərində tətillərdə kəndimizə gedib orada istirahət edirdik.

Kəndə qayıdacağı təqdirdə evlərini rahat taba biləcəyini deyən Firidun həkim qeyd etdi ki, müasir informasiya texnologiyasının üstünlüklərindən istifadə etməklə kəndimizin ərazisini izləyə bilirik. Ermənilər bütün evləri və binaları darmadağın ediblər.  Demək olar ki, kənddə yaşayış yoxdu. Başqa kəndlərdə də belədi. Daşnaklar çox qəddardırlar, bizi öz yurdumuzdan  qovmaqla yanaşı qəbirləri də dağıdıblar. 32 il ermənilərin arasında işləyən atam deyirdi ki, onların çirkin niyyətini heç vaxt unutmaq olmaz.

Prezidentimizə inanırıq və əminik ki, onun qətiyyətli rəhbərliyi sayəsində əzəli yurdumuza qayıdacağıq.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".