Şəhid baş leytenanta həsr edilən kitabın təqdimatı
Sosial həyat

Şəhid baş leytenanta həsr edilən kitabın təqdimatı

Vətən müharibəsi şəhidi baş leytenant Famil Əhmədzadəyə həsr edilmiş "Bir hərbçinin manifesti və..." kitabının təqdimat mərasimi keçirilib.

Şəhid ailələrinin, rayon icra hakimiyyəti başçısının, hüquq-mühafizə orqanları əməkdaşlarının, müharibə qazilərinin, şəhidin döyüş yoldaşlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 44 günlük Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Famil Əhmədzadənin keçdiyi mənalı ömür və şərəfli döyüş yoluna bir daha nəzər salınıb. Tarix yazan tarix müəlliminin vətənpərvərliyi və igidliyi konkret faktlarla vurğulanıb.

Famil Əhmədzadə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi idi. Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına qatılan qəhrəman vətən oğlu Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azad edilməsində böyük şücaət göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub, noyabrın 3-də Şəhidlər Xiyabanında dəfn olunub.

Silahlı Qüvvələrin hərbi qulluqçusu Famil Əhmədzadənin döyüş rəşadəti yüksək qiymətləndirilib, ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".