Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qlobal Dialoq Forumunda iştirak edəcək
CƏMİYYƏT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qlobal Dialoq Forumunda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) təşkilatçılığı ilə mayın 15-16-da Lissabonda keçiriləcək “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunda iştirak edəcək.

Bu barədə "Respublika"ya Komitədən məlumat verilib.

Qeyd edək ki, KAICIID dünyanın bütün əsas dinlərinin nümayəndələri tərəfindən idarə olunan yeganə hökumətlərarası təşkilatdır. Təşkilatın missiyası müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar arasında sülh, tolerantlıq və anlaşmanı təşviq etməkdir. Qlobal Dialoq Forumunun məqsədi isə BMT-nin 2030-cu il Gündəliyində təsbit edilən ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir. Tədbirdə sabiq hökumət başçıları, nüfuzlu beynəlxalq dini və siyasi təşkilatların, QHT, dini mərkəz və elmi institutların nümayəndələri iştirak edəcəklər.

Yeddi panel sessiyanı əhatə edəcək Forumda dialoq və etimadın yaradılması, münaqişə və müharibənin əsas səbəblərinin aradan qaldırılması, davamlı sülhün yaradılması prosesi, o cümlədən təbii resursların mühafizəsi və iqlim dəyişikliyi problemlərinin həllində dini və dünyəvi tərəfdaşlığın rolu barədə müzakirələr aparılacaq.