İli uğurla başa vururuq
İqtisadiyyat

İli uğurla başa vururuq

Hacıqabul rayonunda iqtisadiyyatın əsasını təşkil edən aqrar sahəyə xidmət göstərən Hacıqabul Suvarma Sistemləri İdarəsinin vəzifəsi cari 2023-cü ildə rayonun 19089 hektar suvarılan torpaqlarda kənd təsərrüfatı əkinlərini, meşə zolağını və 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirməkdən, mülkiyyətdə olan suvarma sistemlərinin istismarını təşkil etməkdən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Əməkdaşımız ilin son günlərində idarənin rəisi Mafisət Cəfərovla görüşüb mühüm xidmət sahəsində görülən tədbirlər barədə danışmağı xahiş etmişdir:

- Əsas vəzifəmizin yerinə yetirilməsi üçün idarənin balansında olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal iş rejimində istismar olunmasını təmin etmək fəaliyyətimizdə başlıca yer tutur.

Ümumilikdə cari 2023-cü ildə 9113 hektar taxıl, 236 hektar şəkər çuğunduru, 2164 hektar yem bitkiləri, 298 hektar bostan-tərəvəz, 114 hektar pambıq, 450 hektar qarğıdalı, 348 hektarda çoxillik əkinlər, 2325 hektar həyətyanı sahələr, 563 hektar meşə zolağı, digər əkinlər suvarma suyu ilə təmin olunmuşdur. Əkinlərin su təminatının yaxşılaşdırılması üçün ötən ilin payızından başlayaraq bu günə kimi 372 kilometr magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Ondan 248 kilometri cari ildə təmizlənmişdir.

Ötən illərdə olduğu kimi, bu il də su itkisinin qarşısının alınması vacib işlərdən hesab olunmuşdur. Meyniman suvarma sahəsi üzrə su itkisinin qarşısının alınması tədbiri olaraq 2022-ci ilin sonunda torpaq məcralı "Ələtli" kanalının 1,345 kilometrlik hissəsi üzərindəki 7 ədəd hidrotexniki qurğu ilə birlikdə əsaslı təmir olunaraq beton üzlüyə alınmış və istismara verilmişdir. Cari 2023-cü ildə həmin işlərin davamı olaraq "Ələtli" kanalında 1,293 kilometr məsafədə torpaq kanalın beton üzlüyə alınması və üzərindəki hidrotexniki qurğularla birlikdə əsaslı təmir işlərinə start verilərək nəzərdə tutulmuş işlər podratçı təşkilat tərəfindən yerinə yetirilməklə, qısa müddət ərzində başa çatdırılmışdır. Yola saldığımız ildə idarə üzrə 78 ədəd hidrotexniki qurğuda, 2 kilometr nov kanallarda, 3 kilometr beton kanallarda, 2 kilometr boru xətlərində, 7 ədəd mülki və istehsalat binasında, 7 ədəd nasos stansiyada cari təmir işləri yerinə yetirilmişdir. Əsaslı təmir işləri üzrə MV-1 boru kəmərində 1,125 kilometr məsafədə 200 millimetrlik polietilen borudan ibarət yeni boru xətti çəkilmişdir. Bütün bunlar cari 2023-cü təsərrüfat ilində su təminatının yaxşılaşdırılması işlərinə stimul vermişdir.

Rayon ərazisində Ədliyyə Nazirliyinin Dövlət qeydiyyatından keçmiş 6 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir ki, onlar su ayrıclarından suyu müqavilələr əsasında qəbul edərək növbəliklə su istifadəçiləri arasında paylayırlar. Quraqlıqlar ilə əlaqədar Pirsaat Su Anbarı altında olan əkinlərin su təminatında yaranmış çətinliklərin aradan qaldırılması üçün daxili imkanlar səfərbər edilərək vəziyyətdən çıxmaq mümkün olmuşdur. Belə ki, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq ərazilərdə kəndlərin yerli icra, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə aparılmış məqsədyönlü işin nəticəsi olaraq razılaşma əsasında kəndlərin suvarma növbəliliyi tətbiq olunmuş və bunun sayəsində Pirsaat Su Anbarında suvarılmalı olan Navahı, Atbulaq, Qızılburun kəndlərinin ərazilərində əkinlər Navahı nasos stansiyası hesabına su ilə təmin olunur. Respublikamızda su təsərrüfatı sahəsində ölkə rəhbərliyinin sərəncamı ilə aparılan islahatların nəticəsi olaraq öhdəmizə böyük vəzifələr qoyulmuşdur. Əkinlərin suvarma rejiminə ciddi riayət olunması, suvarmaların mütəşəkkil keçirilməsi, sudan səmərəli istifadə olunması, su itkilərinə yol verilməməsi, habelə suvarmaların növbəlilik qrafiki əsasında həyata keçirilməsinə əməl olunması əsas vəzifələrdəndir.

Dövlət Su Ehtiyatları Agentliyi rəhbərliyi və Hacıqabul İcra Hakimiyyətinin birgə tapşırığının icrası olaraq idarənin xidmət etdiyi ərazilərdə su istehlakçıları ilə bu istiqamətdə maarifləndirici söhbətlərin aparılması üçün yerlərdə görüşlərin keçirilməsi cədvəli tərtib olunmuş, bu cədvəllərə əsasən artıq 14 kənddə çoxsaylı görüş keçirilmişdir. Razılıq hissi ilə deməliyəm ki, görüşlər şəffaflıq, səmərəlilik və razılıq yönümündə baş tutur. Kollektivimiz 2023-cü ildə kənd təsərrüfatı əkinlərinin suvarılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, respublikamızda kənd təsərrüfatı məhsulları bolluğunun yaranması üçün mütəşəkkillik göstərir.

Tofiq HÜSEYN,

"Respublika".