Fransa müstəmləkəçiliyinin qurbanı - Yeni Kaledoniya
Digər xəbərlər

Fransa müstəmləkəçiliyinin qurbanı - Yeni Kaledoniya

Adı daim qanlı cinayətlərdə, günahsız insanlara qarşı törədilən genosidlərdə hallanan Fransa bu gün də öz xain müstəmləkəçilik siyasətini davam etdirməkdədir. Öz qaranlıq keçmişini ört-basdır etməyə çalışan ölkə səbəbkarı olduğu soyqırımlarının məsuliyyətindəndə boyun qaçırır. Belə ki, Fransa hər zaman işğalçılıq ənənələrini yaşatmaqla yanaşı, özünə yeni təsir dairələri formalaşdırmağa cəhd etmiş, əsarətdə saxladığı xalqları əzmiş, onların hüquqlarını pozmuş, sərvətlərini mənimsəmişdir. Lakin Fransa unutmamalıdır ki,   ən böyük, uzunömürlü imperiyalar da tarixi arxivlərə qarışmış, törədilən cinayətlərin gec-tez üstü açılmışdır. Görünür, Fransa bu reallığı qəbul etmək istəmir. Ölkənin neokolonist siyasəti nəticəsində afrikalıların, əlcəzairlilərin illərlə zülm çəkməsində, vəhşicəsinə öldürülməsində, bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həyatını itirdiyi Ruanda soyqırımında da Fransanın əlinin olması təsadüfi deyil. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Fransanın 1853-cü ildə zorla ələ keçirdiyi Yeni Kaledoniya adasının azadlıq mübarizəsidir. Ada xalqı illərlə fransızlara qarşı mübarizə aparmış, 1864-cü ilə qədər Kaledoniyada Fransa bayrağının qaldırılmasına imkan verməmişdi. 1986-cı ildə Yeni Kaledoniya BMT-nin qeydiyyatından keçmiş, Fransanın bu müstəmləkəçiliyə son qoymasının vacib olduğu açıq şəkildə bəyan edilmişdir. Yeni Kaledoniya xalqı 1998-ci ildə imzalanmış Numea sazişinə görə müstəqilliyinə qovuşmaq üçün üç referendum keçirməli idi. 2021-ci il dekabrın 12-də baş tutan sonuncu referendumda xalqın müstəqillik tələbinə Fransa məhəl qoymamışdı. Görünür, Fransa beynəlxalq hüquq çərçivələrindən kənara çıxmağı daha üstün tutur. Bu baxımdan, Emmanuel Makronun Afrika turu çərçivəsində siyasi qalmaqalla üzləşməsi də təsadüfi deyil. Belə ki, Makron Konqoda olarkən ölkə Prezidenti Feliks Tşisekedi ilə mübahisə etmişdir. Tşisekedi Pa­risin respublikada təhlükəsizliyin bərpa­sına necə kömək edəcəyini soruşduğu zaman Makron məsələdən yayınıb. Bunlar kifayət deyilmiş kimi, Makron hələ utanmazcasına təhlükə­sizlik məsələsində məsuliyyətin yerli hakimiyyət orqanlarının üzərinə düşdü­yünü iddia edib: “Bütün bu yükü öz üzərimə götürməkdən imtina edirəm. Fransa sizi “yaxşı” etməyə borc­lu deyil, bu, sizin vəzifənizdir – asayişi qorumaq, cinayətkarları mühakimə et­mək...”. Əslində, Emmanuel Makron bu sözləri ilə cinayətkar sözünü bir daha öz üzərinə götürdüyünü təsdiqləmişdi. Çünki Paris öz günahını bilməsə, anındaca Tşisekediyə cavab verərdi. Bunun əksinə, Makron sadəcə fikri mövzudan yayındırmaq və tarixən təsdiq olunmuş cinayətlərindən boyun qaçırmaqla kifayətlənmişdi.

Xatırladaq ki, martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışında da bu məsələyə toxunmuş, Fransanı kəskin şəkildə tənqid etmişdir: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”. Ölkə başçımızın bu çıxışı Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest tərəfindən yüksək qiymətləndirilmişdir. Müvəkkil bu il martın 2-də AzTV-yə verdiyi müsahibəsində Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemlərin Bakı platformasından dünyaya çatdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. 

Bundan başqa, Fransa rəhbərliyinin saxtakarlıqla xalqların dostluğundan danışması isə heç də reallığı əks etdirmir. Rəsmi Parisin özgə torpağına göz dikən Ermənistanla tərəfkeşlik etməsi onun xain xislətini bir daha təsdiqləyir. Azərbaycan 44 günlük müharibədə əldə etdiyi qələbə ilə haqq-ədaləti bərpa etdi. Yeni Kaledoniyanın da Fransadan canını qurtaracağına ümid edirik... 

 Nəzrin ELDARQIZI,

“Respublika”.