BQXK-nın ermənipərəst mövqeyi
Digər xəbərlər

BQXK-nın ermənipərəst mövqeyi

44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın otuzillik işğalına son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu və bununla da sərhədlərimizin toxunulmazlığının nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdik.

Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınmasının qarşısını alır. Ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır. Qarabağ iqtisadi rayonundakı ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan şöbəsinin bu yoldan təhlükəsiz istifadəsinə də şərait yaradıldı. Lakin təəssüflər olsun ki, insanların həyat və sağlamlığını qorumaq, onların əzab-əziyyətlərini yüngülləşdirmək məqsədilə yaradılan bu komitə Azərbaycanda mandatına uyğun fəaliyyət göstərmir. Ermənistan ilə dövlət sərhədində Laçın keçid məntəqəsindən buraxılış müvəqqəti olaraq dayandırıldı. Buna səbəb Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması idi. Özündə dünya üzrə 100 milyon nəfərə yaxın könüllünü, üzv və işçi heyətini cəmləşdirən Beynəlxalq Qırmızı Xaç Komitəsi Laçın yolunda və Qarabağda qanunsuz əməlləri ilə bütün əməkdaşlarının fəaliyyətinə də kölgə salır. Onlar bu davranış və pozuntu ilə Azərbaycanın qanunlarına hörmətsizlik ediblər. 44 günlük Vətən müharibəsi zamanı Füzulidə ermənilər mühasirəyə düşərkən hay-küy salaraq bölgəyə gedən Qırmızı Xaç nümayəndələrinin onları Hadrut istiqamətində çıxarmağa çalışmasını da qeyd etmək yerinə düşər. Belə ki, 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından, ən amansız qatillərdən olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində Xankəndidən Ermənistana keçirilərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Məlumdur ki, Xaçaturyanı "müalicəyə" aparan Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun hərbi cinayətkar olduğundan xəbərdar idilər və bu, regiondakı balansın pozulması üçün atılan addımdır. Azərbaycanlılara qarşı bu haqsızlığa nəinki göz yuman, hətta qatil erməniləri himayə edən Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənipərəst mövqeyini ölkəmizdə fəaliyyətə başlayandan bu günədək davam etdirir.

BQXK bölgədə artıq daha çox zərər verməyə başladığından Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzərində fokuslanmaq daha doğru olar. Qeyd edək ki, 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarı ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olduğu barədə bəyanatla çıxış etmişdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi önəmli addımdır. Ermənistan humanitar yüklərin Laçın yolu vasitəsilə daşınmasını həyata keçirməyə çalışır. Qızıl Aypara Cəmiyyətinin humanitar yük karvanı həm də beynəlxalq aləmə bir mesaj verir ki, Azərbaycan öz ərazisində, öz vətəndaşları ilə davranışda da humanist prinsiplərdən çıxış edir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmalıdır. Sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, səmərəli yol kimi istifadə olunub. Qarabağda yaşayan ermənilər üçün nə lazım olacaqsa, bu yolla çox rahat çatdırmaq mümkündür. Həmçinin onlar da bu yoldan istifadə edərək öz məhsullarını Azərbaycan bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Lakin onlar bu yoldan istifadə etmək əvəzinə yolda maneələr yaratmaqla məşğuldurlar. Çünki bəllidir ki, bu yol onlara sərf etmir. 29 avqust Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan ermənilərə yardım məqsədilə Bakıdan yola saldığı humanitar yardım karvanı günlərdir Ağdam-Xankəndi yolundadır. TIR-lar 40 ton un məmulatları ilə yüklüdür.

31 avqustda xarici diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Azərbaycanın xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim etmişdir, amma bundan imtinaya görə məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür: "Orada yaşayan erməni əsilli sadə sakinlər həmin rejimin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadırlar. Onlar öz mövcudluqlarını bu cür aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar və gördüyünüz kimi, bunların heç bir əsası yoxdur. Yüklər buradadır və ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansısa yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir".

Bir sözlə, qeyd etmək lazımdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi yalnız ermənilərin maraqlarını güdür.

Röya RÜSTƏMLİ,

"Respublika".