Müstəqillik yolunda cəsarətli addım
Tarix

Müstəqillik yolunda cəsarətli addım

14 mart 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR-in Ali Məclisi SSRİ-nin saxlanılmasına dair Ümumittifaq referendumunda Muxtar Respublikanın iştirak etməməsi barədə qərar qəbul edib

Ötən əsrin 80-ci illərinin sonunda SSRİ-nin süqutu prosesi özünü aydın şəkildə büruzə verdi və 90-cı illərin əvvəllərində son mərhələyə çatdı. Yerlərdə baş verən milli azadlıq hərəkatını zor gücü ilə yatırmaq cəhdi sovet xalqlarının mərkəzi hakimiyyətə olan inamını əhəmiyyətli dərəcədə sarsıtmış, keçmiş SSRİ-nin bir çox respublikalarında, eləcə də ölkəmizdə müstəqillik ideyasının sürətlə yayılmasına, azadlıq hərəkatının genişlənməsinə səbəb olmuşdu. Belə olan təqdirdə ciddi müzakirələrdən sonra Sov.İKP MK Siyasi Bürosunun 1991-ci il 30 yanvar tarixli iclasında SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsinə qərar verilmişdi. Məqsəd SSRİ-yə olan münasibəti müəyyənləşdirməkdən daha çox, inzibati resurslar və təbliğat maşınından istifadə edərək onun qorunub saxlanılmasına nail olmaq, bitən, tükənən sovet ideologiyasına yeni nəfəs vermək idi.

Həmin dövrdə Naxçıvanda siyasi fəaliyyət göstərən ümummilli lider tərəfindən Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi bərqərar olması üçün tarixi qərarlar da məhz muxtar respublikada verilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə o dövr üçün son dərəcə cəsarətli, bütün Azərbaycana örnək olacaq bir addım atıldı. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 14 mart 1991-ci ildə keçirilən sessiyasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun yerli strukturlarının zorla keçirdikləri 17 mart 1991-ci il tarixli referendumda iştirak etməməklə bağlı qərar verildi. Naxçıvan Muxtar Respublikasının referendumda iştirak etməməklə bağlı mövqeyi həm siyasi, həm də mənəvi-ideoloji baxımdan mühüm önəm kəsb edirdi. Bu, hər şeydən öncə muxtar respublika sakinlərinin, onların timsalında Azərbaycan vətəndaşlarının SSRİ-nin saxlanmasına olan mənfi münasibətini, eyni zamanda azadlıq, müstəqillik arzusunu əks etdirirdi. Referendumda iştirakdan imtina ilə bağlı qərar onu göstərirdi ki, Naxçıvan Muxtar Respublikasında artıq SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı fikir bildirilib.

Mərkəzi hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq, muxtar respublikanın vətəndaşları 17 mart referendumunda iştirak etmədilər. Bu, SSRİ rəhbərliyinə, onların xalqları əsarətdə saxlamaq siyasətinə ölümcül zərbə oldu. Bu qətiyyətli mövqe Azərbaycanda yüz minlərlə insanın mübarizə əzmini daha da gücləndirdi, onlar müstəqillik ideyası uğrunda daha cəsarətlə mübarizəyə qoşuldular.

Naxçıvan Muxtar Respublikası 17 mart referendumunda iştirak etməsə də, mərkəzi hakimiyyətin təzyiqi ilə ölkəmizin digər bölgələrində referendum keçirildi, daha doğrusu, onun keçirilməsi ilə bağlı imitasiya yaradıldı. Ulu öndər sonralar bu barədə deyirdi: "...Ancaq onu da qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında, - mən o vaxt orada yaşayırdım və oradan Azərbaycan parlamentinə deputat seçilmişdim - Sovet İttifaqının saxlanması ilə əlaqədar referendum keçirilmədi. Bu, orada mənim və mənimlə bərabər olan adamların iradəsi nəticəsində oldu. Azərbaycanın bütün başqa bölgələrində referendum keçirildi. Şübhəsiz ki, Azərbaycanın ümumi səsində Naxçıvanın xüsusi çəkisi o qədər böyük olmadığına görə, məlumat verdilər ki, Azərbaycan əhalisinin doxsan neçə faizi Sovetlər İttifaqının saxlanmasının tərəfdarıdır. Beləliklə, o vaxt Azərbaycan Respublikası Sovetlər İttifaqının saxlanmasına səs verdi. Ancaq hesab edirəm ki, xalqımız səs verməmişdi, bu, saxtakarlıq nəticəsində olmuşdu".

Sovet rəhbərliyi elan etdi ki, referendumun nəticəsi sovet xalqlarının SSRİ-nin saxlanmasına tərəfdar olduğunu göstərir. Halbuki, əsl həqiqət tamamilə fərqli idi, nəinki imperiyanın ucqarlarında, hətta Moskvanın özündə belə, xeyli sayda insan bu ittifaqın saxlanılmasına qarşı çıxırdı. Buna səbəb sovet dövlətinin siyasi-iqtisadi deyil, həm də ideoloji baxımdan çökməsi idi. Məhz bu səbəbdən də referendumun nəticəsinə baxmayaraq qırmızı imperiyanı saxlamaq mümkün olmadı. Bir neçə keçmiş sovet ölkəsinin ardınca 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini elan etdi. Bu tarixi hadisə Ümummilli Liderin öndərliyi ilə addım-addım azadlığa doğru irəliləyən Naxçıvan Muxtar Respublikasının referendumda iştirak etməməklə bağlı qərarının nə qədər düzgün və uzaqgörən olduğunu bir daha sübut etdi.

17 mart referendumunda iştirakdan imtina etməklə bağlı məsələ 1991-ci ilin 7 və 14 mart tarixlərində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində geniş şəkildə müzakirə edilmiş, ümummilli lider bu müzakirə əsnasında geniş nitq söyləmiş, SSRİ-nin mövcud durumu, gələcək taleyi ilə bağlı dəqiq proqnozlar vermiş və qısa müddət sonra bu öz təsdiqini tapmışdır. Belə ki, ulu öndər müzakirələr zamanı SSRİ-nin süqutunun qaçılmaz olduğunu qeyd etmiş, Naxçıvan Muxtar Respublikasının bu referendumda iştirakının yanlış qərar olacağını söyləmişdir: "...Sovetlər İttifaqı dağılır və dağılmalıdır. Azərbaycan heç bir yeni İttifaqa girməməlidir və Azərbaycan Sovetlər İttifaqının saxlanması ilə əlaqədar olan referendumda iştirak etməməlidir". Dahi lider hesab edirdi ki, SSRİ-nin saxlanılması tarixilik, milli yaddaş və ənənə baxımından da yanlış qərar olar: "Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O, öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır".

Tarix bütün digər hadisələrdə olduğu kimi, bu məsələdə də Heydər Əliyevin haqlı oduğunu sübuta yetirdi. 17 mart referendumundan cəmi bir neçə ay sonra SSRİ-nin süqutu rəsmən elan olundu və keçmiş sovet məkanında müstəqil dövlətlərin bayraqları dalğalanmağa başladı. Bu gün - 14 mart 1991-ci il sessiyasında alınan tarixi qərarın üstündən illər keçsə də, Naxçıvan Muxtar Respublikasının müstəqillik yolunda atdığı böyük addım xalqımız tərəfindən qürurla anılır. Milli tariximizin parlaq səhifələrindən biri olan bu hadisə bir daha sübut edir ki, Azərbaycan xalqı hər zaman azadlıq və müstəqilliyə özünün ən böyük sərvəti kimi yanaşmış və buna nail olmaq üçün o dövrün ən qüdrətli imperiyasına belə cəsarətlə meydan oxumuşdur.

Mehparə ƏLİYEVA,

"Respublika".