XXXII GÜN. RETROSPEKTİV
Tarix

XXXII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 5 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 yanvar

  • Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilib.

2 yanvar

  • Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirələri anılıb.

4 yanvar

  • Polis əməkdaşları Xocavənddə silah-sursat aşkarlayıblar.

5 yanvar

  • Qərbi Azərbaycan İcması ABŞ-ın Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına salması ilə bağlı bəyanat yayıb.

6 yanvar

  • MSK-nın iclasında Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb.

7 yanvar

  • Yaponiyanın, Perunun, Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri etimadnamələrini Azərbaycan Prezidentinə təqdim ediblər.
  • Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının prezidenti müəyyən edilib.

8 yanvar

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilə bağlı bəyanat yayıb.

Ağ Evin ağ yalanları

ABŞ Dövlət Departamentinin dini azlıqlarla bağlı hesabatının Azərbaycana aid olan hissəsinin Amerika Erməni Assambleyasının mərkəzi ofisinin kommunikasiya üzrə keçmiş direktoru, Livanın Los-Ancelesdəki Konsulluğunun sabiq əməkdaşı Daniela Saroyan-Aşbaxyanın rəhbərlik etdiyi ictimai xidmət tərəfindən hazırlanması, qarayaxma kampaniyasının öncədən və məqsədyönlü şəkildə, siyasi sifariş əsasında təşkil edildiyindən xəbər verir.

Daniela Saroyan-Aşbaxyanın ABŞ-ın beynəlxalq dini azadlıq komissiyasının ictimaiyyətlə və konqreslə əlaqələr üzrə rəhbəri olması isə Birləşmiş Ştatların "Xarici təsirlər haqqında" (Foreign-influence laws across the United States) qanunvericilik aktlarına görə qeyri-qanunidir. Diqqətçəkən faktlardan biri də Daniela Saroyan-Aşbaxyanın 2020-ci ildə, 44 günlük müharibədən sonra bu vəzifəyə gətirilməsidir ki, bu da qətiyyən təsadüfə bənzəmir.

Təkcə bu faktın özü Birləşmiş Ştatların Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatın hazırlanmasını ABŞ-dakı erməni diasporunun rəhbərlərindən, fəal və aparıcı simalarından birinə həvalə etməsi ölkəmizə qarşı qərəzli yanaşmanın bariz nümunəsi sayıla bilər.

  • Papa Fransisk Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb.

9 yanvar

  • Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü keçirilib.

Səmimi dostluq, etibarlı tərəfdaşlıq

Məlum olduğu kimi, yanvarın 9-da ölkə başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və s. bir sıra vacib sənədlər imzalanıb.

Son illər Azərbaycanla BƏƏ arasında nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə yüksəldib. Etibarlı tərəfdaşa çevrilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Ölkəmizin Avropa, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyədədir və getdikcə inkişaf edir.

Münasibətlər təkcə iqtisadi əməkdaşlıq üzərində qurulmur, siyasi münasibətlərin inkişaf etdirilməsinə də önəm verilir.

  • Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

10 yanvar

  • Ölkə başçısı yerli televiziya kanallarına müsahibə verib.
  • Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub.

11 yanvar

  • Dövlət başçısı Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Prezident Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb.

12 yanvar

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel arasında telefon danışığı olub.

13 yanvar

  • Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

14 yanvar

  • Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar FHN əhaliyə təkrar müraciət edib.

15 yanvar

  • Növbədənkənar prezident seçkilərinin təşviqat kampaniyası başlayıb.

Zəfər seçkiləri

Yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına start verilib. Fevralın 6-sı saat 8:00-da isə təşviqatın aparılması dayandırılacaq.

Yanvarın 8-i saat 18:00-da qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb. Bununla da "Zəfər" seçkilərində yeni mərhələyə start verilib. MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə verdiyi açıqlamada işğaldan azad edilmiş ərazilərdə də mərkəzi seçki komissiyalarının yaradıldığını bildirib.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaratdı. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bu reallıqları təsbit edir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində təşkil olunacaq.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi xarici qüvvələr hələ də qəbul etmir.  Cənubi Qafqaz regionunda bərqərar olacaq sülhü həzm edə bilməyən qara qüvvələr öz "demokratik" təxribatlarından əl çəkmirlər. Azərbaycanda seçki keçirilməsini tez-tez tələb edənlərin qərəzli mövqe nümayiş etdirmələri siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Növbədənkənar seçkilərin təyin edilməsi və bununla bağlı Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara dəvət notalarının göndərilməsi həm də onu göstərir ki, Azərbaycan islahatlar həyata keçirməkdən, ədalətli seçki mühitini təmin etməkdən çəkinmir.

16 yanvar

  • İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun 60-cı sessiyası işə başlayıb.
  • İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsinin yaradılması açıqlanıb.

17 yanvar

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.
  • Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
  • Fransa Senatı yanvarın 17-də "Azərbaycanın Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması" barədə Azərbaycanın əleyhinə qətnamə qəbul edib.

18 yanvar

  • Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

19 yanvar

  • Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib.
  • COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi yenilənib.

20 yanvar

  • Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanı ziyarət edilib.

Xalqımızın mübarizə əzmi

1990-cı ilin qarlı, boranlı 20 yanvar günü... Damarlarda qan donduran o müdhiş gecə... Yox, o gün şaxtadan, sazaqdan deyil, baş verənlərin dəhşətindən donmuşdu çöhrələrdəki təbəssümlər, dodaqlardakı gülüşlər, sevgi dolu gözlər... Günahsız insanların axıdılan qanlarına yer-göy ağlayır, fəryad qoparırdı. Hər addımda yollara düzülmüş cansız insanların ruhu isə vətən göylərində dolaşaraq qorxmazlığı, cəsurluğu ilə ölümə meydan oxuyurdu. O gecə işığı sönən ocaqları azadlıq, istiqlaliyyət qığılcımları alovlandırdı. Vətən torpaqlarına göz dikən yağıların xəbis niyyətlərini puç edənlər, "Torpaqdan pay olmaz" deyənlər ölümdən belə çəkinmədən ədalətsizliyə, haqsızlığa qarşı mübarizəyə qalxdılar...

19 yanvar... Gecənin zülmətini, sükutunu pozan güllə səslərini ildırım çaxması zənn etmişdim. Divarların silkələnməsini yeraltı təkan sanıb qorxudan nə edəcəyimi bilməmişdim. Bir an içində fikrimdən nələr keçməmişdi?.. Yalnız gecənin bir aləmində öz istiqlaliyyəti uğrunda ayağa qalxan dinc insanlara silahların tuşlanmasından savayı. Getdikcə artan atəş səslərinin, küçələrə axışan insan izdihamının təbiət hadisəsi ilə heç bir əlaqəsi olmadığını anlasam da, hələ də baş verənlərin mahiyyətini tam dərk edə bilmirdim. Çünki o vaxta qədər müharibələri, insanların atəşə tutulmasını, qan tökülməsini ancaq filmlərdə görmüşdüm. Bütün bunları bir gecədə yaşamaq, üstəgəl, səhər açılar-açılmaz sevimli müəlliminin də rus əsgərləri tərəfindən güllələnməsi xəbərini almaq, sözün əsl mənasında, faciə idi. Bəli, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımız faciə yaşadı. Qanlı 20 Yanvar faciəsini. O gün həm də qarşıdakı illərdə xalqımızın başına gətiriləcək müsibətlərə zəmin yaradılırdı.

21 yanvar

  • Ağdamda mina partlayıb, bir nəfər xəsarət alıb.

22 yanvar

  • GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.
  • Dövlət başçısı Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış olub.
  • COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.

23 yanvar

  • Dövlət başçısı Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.
  • Azərbaycan XİN Cozef Borrelin səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edib.

24 yanvar

  • Milli Məclisdə Azərbaycan və Özbəkistan parlamentləri arasında əlaqələrə dair müzakirələr aparılıb.
  • Azərbaycan AŞPA ilə əməkdaşlığı və təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

AŞPA-dakı nümayəndə heyətimizin qətiyyətli mövqeyi

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu qərar bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Səbəblər sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı avropalı deputatların Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürü idi.

Bəli, Qərbi Azərbaycandan olan soydaşlarımız hələ də öz vətənlərinə - Göyçəyə, Zəngəzura və digər bölgələrə ayaqlarını belə basa bilmirlər. Bəs bu müddətdə AŞPA da daxil olmaqla, Avropa qurumları onların öz evlərinə qayıtmaları üçün Ermənistandan nə isə tələb ediblərmi?

  • Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

25 yanvar

  • Azərbaycan XİN Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ölkəmizə mina xəritələrinin təqdim olunması niyyəti barədə 2024-cü il 25 yanvar tarixli bəyanatını qeydə alıb.
  • Azərbaycan ilə Belarus arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
  • Qərbi Azərbaycan İcması AŞPA-dakı son təxribatın qurumun islamofob mahiyyətini bir daha üzə çıxardığını bildirib.

26 yanvar

  • Milli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.
  • Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim edilib.

27 yanvar

  • XİN İrandakı səfirliyə qarşı terror hücumunun birinci ildönümü ilə bağlı bəyanat yayıb.
  • "Environmental Protection First" Koalisiyası Amuldağ qızıl yatağında monitorinq aparmağa hazır olmasına dair bəyanat yayıb.

28 yanvar

  • Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.

29 yanvar

  • Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.
  • Azərbaycan XİN Ermənistanın baş nazirinin "ordu" günündə səsləndirdiyi fikirlərə dair yerli medianın verdiyi açıqlamaya münasibət bildirib.

30 yanvar

  • Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
  • Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub.

31 yanvar

  • Qərbi Azərbaycan İcması senator Ben Kardinin azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib.