Çətin və şərəfli yol 27 sentyabrda başladı...
Tarix

Çətin və şərəfli yol 27 sentyabrda başladı...

"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-də xalqımıza müraciətində söylədiyi bu sözlərin reallığa çevrilməsi cəmi 44 gün çəkdi.

İkinci Qarabağ müharibəsinə qədər işğalçı ölkəni daim sülhə səsləyən, danışıqlar masasında konstruktiv mövqe ortaya qoymasını tələb edən dövlət başçımız dəfələrlə vurğulamışdı ki, əgər münaqişə sülh yolu ilə həll olunmasa məsələnin hərbi yolu vardır. Lakin beynəlxalq qurumlar və Ermənistan dövləti öz aləmlərində Qarabağ məsələsini bitmiş hesab edir, nə vaxtsa regionda geosiyasi mənzərənin dəyişməsini ağıllarının ucundan belə keçirmirdi. Əksinə olaraq "yeni ərazilər uğrunda yeni müharibələr" şüarları ilə ölkəmizi işğalla hədələyirdilər.

İşğalçı Ermənistan dövləti beynəlxalq hüquqa və tarixi ədalətə baş əymək əvəzinə, havadarlarının verdiyi dəstəklə 30 il ərzində elə arxayınlaşdı ki, nəinki 20 faiz zəbt olunmuş torpaqlarımızı geri qaytarmaq həvəsinə düşdü, hətta İkinci Qarabağ müharibəsindən 2 ay öncə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribata əl atıb işğal sahəsini genişləndirməyə cəhd etdi. Bunun nəticəsində təkcə hərbçilərimiz deyil, mülki şəxslər də həlak oldu. İyulun 12-dən 17-nə qədər davam edən Tovuz döyüşləri Azərbaycanın qələbəsi ilə nəticələnsə də, Milli Qəhrəmanlarımız general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev də daxil olmaqla 12 hərbi qulluqçumuz şəhid oldu.

Dünyanın gözü qarşısında Azərbaycanın suveren torpaqlarına hücum etməyə çalışan Ermənistanın heç bir beynəlxalq təzyiqlə üzləşməməsi bu ölkənin yeni təxribatlara cəhd etməsinə səbəb oldu. Belə ki, 2020-ci ilin avqust ayında hərbçilərimiz tərəfindən ələ keçirilən erməni kəşfiyyat-diversantı açıq-aşkar etiraf etmişdi ki, Azərbaycan ərazisinə keçməkdə məqsədi terror hadisəsi törətmək olub. Bütün bu hadisələr tezliklə Ermənistan silahlı qüvvələrinin daha genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Hətta dövlət başçısı BMT-də çıxışı zamanı bu məsələyə diqqət çəkərək Ermənistanın yeni müharibəyə hazırlaşdığını və bunun mütləq sürətdə dayandırılmalı olduğunu bildirmişdir.

Hər zaman olduğu kimi, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə qərəzli yanaşması, işğalçı ölkəyə qarşı heç bir sanksiyaların qoyulmaması 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanı da sələfi kimi arxayın etmişdi. Baş nazir seçildiyi ərəfədə Qarabağ münaqişəsinin həllinə görə dövlət başçımızdan vaxt istəyən Nikol Paşinyanın sonrakı addımları onu göstərdi ki, onun əvvəlki məsləkdaşlarından heç bir fərqi yoxdur. Əvvəlcə özünü yazıq, məzlum, sülhpərvər göstərən baş nazir sonradan daxilindəki erməni xislətini tam olaraq göstərdi. "Qarabağ Ermənistandır" deyib, Şuşada sərxoş halda rəqs edib Azərbaycan xalqının qüruruna toxunması faktiki olaraq danışıqlar prosesinin üstündən xətt çəkmiş oldu.

Nəhayət 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlandı. Vətən müharibəsi adlandırdığımız bu savaşın başlamasında əsas səbəb Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması oldu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

2020-ci il sentyabr ayının 27-si həm xalqımızın yaddaşında, həm də tariximizdə önəmli bir gün kimi qalacaq. Məhz bu gündən başlayaraq Azərbaycan xalqı 44 gün ərzində şanlı Zəfərə gedən yolda bir yumruq kimi birləşib, torpaqlarımızı işğaldan azad etdi. Döyüşlərin başladığı ilk gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərin Silahlı Qüvvələrimiz tərəfindən geri qaytarılması Qələbəyə olan inamımızı daha artırdı. Artıq intiqam zamanı yetişmiş, 30 il öncə xalqımıza zülm edən erməni cəlladların haqq-hesaba çəkilmə vaxtı gəlib çatmışdı.

İkinci Qarabağ müharibəsində qarşı-qarşıya olan iki cəbhədə fərqli ab-hava hökm sürürdü. Bir tərəfdə Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşərək Ordumuzu daim irəli səsləyirdisə, düşmən tərəfində bunun əksi baş verirdi. Torpaqlarımız işğal altında olarkən, Azərbaycanı müharibə ilə hədələyənlər 44 gün ərzində zəng vurmadığı lider, qapısında yalvarmadığı beynəlxalq təşkilat qalmadı. Lakin bunların heç biri öz bəhrəsini vermədi. Prezident İlham Əliyev döyüşlərin yalnız bir şərtlə dayanacağını qeyd etmişdi. Bu da erməni silahlı qüvvələrinin kapitulyasiya aktına imza atması ilə baş tutacaqdı.

Şanlı Ordumuzun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını düşməndən azad etməsi və noyabrın 8-də Şuşa şəhərinin fəth etməsindən sonra Ermənistan silahlı qüvvələri məğlubiyyətlə barışmalı oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən razılaşdırılmış vaxt qrafiki ilə digər rayonlarımız - Ağdam, Kəlbəcər və Laçın 30 ildən sonra əsl sahiblərinə qaytarıldı.

Bu çətin və şərəfli yolda şəhid və qazilərimizin şücaəti sayəsində beynəlxalq təşkilatların edə bilmədiyi tarixi ədalət bərpa olundu, düşmən qüvvələr torpaqlarımızdan birdəfəlik qovuldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsi uca tutulur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər ilin bu günü Anım Günü kimi qeyd olunur.

Musa BAĞIRLI,

"Respublika".