Ermənistan Qərbin
Siyasət

Ermənistan Qərbin "səxavəti" qarşılığında Cənubi Qafqazda gərginliyə çalışır

Azərbaycanın İkinci Qarabağ müharibəsində qalibiyyətindən sonra Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, Türkiyə ilə sarsılmaz dostluq, qardaşlıq əlaqələri, Rusiya ilə müttəfiqlik münasibətləri bəzi dövlətlərin narahatlığına səbəb olub. Aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistanın iştirakı ilə keçirilən üçtərəfli görüş Qərbin Cənubi Qafqazı münaqişələr meydanına çevirmək niyyətinin, Rusiyanı regiondan uzaqlaşdırmaq istəyinin təzahürü, Ermənistanı Azərbaycanla yeni münaqişələrə hazırlamaq kimi məkrli siyasətinin növbəti mərhələsidir. Bu siyasətin qurbanı isə  təxribatçı, terrorçu ölkə kimi tanınan Ermənistandır ki, Qərb onun bu "məharətindən" pul kisəsinin ağzını açmaqla çox rahatlıqla istifadə edir. Bir sözlə, Ermənistan Qərbin səxavətinin qarşılığında Cənubi Qafqazda gərginlik yaratmaqdan əsla çəkinmir, bundan zərərçəkən isə haylardır.

Brüssel görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Aİ-nin Ermənistana gələcək tərəfdaşlıq çərçivəsində iqtisadiyyatını möhkəmləndirməyə, infrastruktur layihələrinə, bərpaolunan enerji istehsalına dəstək olacağını,  növbəti dörd il ərzində ölkəyə qrant şəklində 270 milyon avro sərmayə qoyacağını bildirib. Bu dəstək paketinin Avropa İttifaqının Ermənistan iqtisadiyyatına investisiya yatırmaq planının əsas tərkib hissəsi olduğunu vurğulayan Ursula Fon der Lyayen Aİ-nin məsləhət, texniki və maliyyə vasitəsilə Ermənistanda islahatların aparılmasına dəstəyini əsirgəməyəcəyini deyib: "Bu onu göstərir ki, Avropa İttifaqı və Ermənistan dəyərlər və maraqlar baxımından getdikcə uzlaşır. Biz bu gün daha geniş tərəfdaşlığa baxacağıq və bunu Avropa İttifaqı ilə Ermənistan arasında yeni və iddialı tərəfdaşlıq gündəliyi ilə irəli aparacağıq". Aİ rəsmisi, həmçinin Qarabağ ermənilərinin vəziyyətinin prioritet olduğunu, keçən ilin sentyabr ayından bəri onlara dəstək üçün 30 milyon avrodan çox yardım edildiyini və bundan sonra da bu dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib. Göz dəyməsin?!..

ABŞ-ın öz büdcə vəsaitindən 65 milyon dollar yardım etməyi planlaşdırdığını diqqətə çatdıran dövlət katibi Antoni Blinken isə deyib: "Ərzaq təhlükəsizliyi, rəqəmsal infrastruktur, enerjinin şaxələndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və baş nazirin müəyyən etdiyi digər prioritetlər üçün investisiyalarla Ermənistanın demokratik və iqtisadi dayanıqlılığına dəstəyimizi daha da artırmağa sadiqik".

Bəli, bu ianələrin əvəzində Ermənistan da öz yeni "ağa"larına sadiqliyini nümayiş etdirməli, onların istəyi ilə geosiyasi qarşıdurmanı gücləndirməlidir. Ermənistan artıq "fəaliyyətə" başlayıb. Belə ki, Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 6-da düşmən ölkənin silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Aprelin 7-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Brüssel görüşündən dərhal sonra Ermənistanın bu əməlləri sülh posesinin irəlilədiyi bir vaxtda Qərbin ikili standartlara əsaslanan siyasəti nəticəsində onun təxribata sürüklənməsinin əyani göstəricisidir. Lakin Qərbin çirkli pullarından gözləri qamaşan Ermənistan unudur ki, "ağa"sının kim olmasından asılı olmayaraq öz siyasətində hər zaman qətiyyət, prinsipiallıq nümayiş etdirən Azərbaycan haqlı mövqeyindən bir addım belə geri çəkilən deyil və ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş hər bir təhdidə adekvat cavab verəcək. Dünyaya inteqrasiya edən, bir çox dövlətlərlə əlaqələrini genişləndirən, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən Azərbaycan üçün işğalçı ölkənin "mükafatlandırılması" məqsədilə təşkil olunan görüşlər və bu görüşlərdə aparılan danışıqlar heç bir əhəmiyyət kəsb etmir. Ölkəmiz regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı və icraçısıdır, dövlət başçımızın bütün səyləri isə regionun inkişafına, Qafqazda sabitliyin qorunub saxlanılmasına sərf olunur.

Amma görünən odur ki, Brüssel görüşləri Cənubi Qafqazda sülhə və əməkdaşlığa gətirib çıxarmayacaq. Belə ki, Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyadan uzaqlaşması, Qərbə meyil etməsi, daha dəqiq desək, Aİ və ABŞ ilə genişlənən "tərəfdaşlığı" regionda sabitliyin, əmin-amanlığın bərqərar olması baxımından yaxşı heç nə vəd etmir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, bu görüş region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da müdaxilə etməsi, orada yeni haçalanma yaradan fikirlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhv edilməsi məqsədi daşıyır.

Vaxtilə Rusiyanı özünün ən yaxın dostu və tərəfdaşı hesab edən Ermənistanın indi Aİ və ABŞ-dan maliyyə, hərbi dəstək alaraq geosiyasi oriyentasiyasını dəyişməsi isə ona baha başa gələcək. Çünki 102-ci hərbi bazası Ermənistanda yerləşən Rusiyanın bu ölkə üzərində təsir imkanları kifayət qədər çoxdur.

Mehparə ƏLİYEVA,

"Respublika".