Ermənilər və havadarları sülh müqaviləsinin imzalanmasını istəmirlər
Digər xəbərlər

Ermənilər və havadarları sülh müqaviləsinin imzalanmasını istəmirlər

Fransanın Azərbaycana qarşı atdığı addımlar Bakı ilə Paris arasında münasibətləri yenidən gərgin nöqtəyə gətirib. Qarabağ məsələsində Fransa rəsmiləri tərəfindən Azərbaycana qarşı verilən qərəzli, yalan bəyanatlar, Laçın yolu ətrafında yaradılan süni oyunlar, Paris merinin Ermənistana səfəri, Qarabağa humanitar yük adı altında 10 TIR-ın Laçın sərhəd-keçid məntəqəsində saxlanılması və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirilməsi, Fransanın regionda vəziyyəti daha da gərginləşdirmək maraqlarından xəbər verir.

''Fransa hər zaman ermənipərəstliyi ilə seçilib və hər zaman da ermənilərdən alət kimi istifadə edib. Fransanın Qarabağa humanitar yük göndərməsində məqsədi kömək etmək deyil. Bu, bir oyundur. Fransa həqiqətən yardım etmək istəyirsə, getsin Paris küçələrində ac-susuz qalan insanlarına kömək etsin. Makron hakimiyyətinin istəyi Təhlükəsizlik Şurasının daimi üzvü kimi çıxış edərək bu regionda problemlər olduğu görüntüsünü verməkdir. Amma güdülən bu niyyətin nəticəsi olmayacaq". Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz vurğulayıb. Deyib ki, Fransanın ermənipərəst olduğu hamıya bəllidir. Ermənilər məsələsində Fransa daxili siyasətə, seçkiyə hesablanmış addımlar da atır. Burada daxili məsələlər də var. Qarabağ ermənilərinə humanitar yardım adı altında yük gətirən Paris meri Ann İdalqo önümüzdəki dönəmdə Fransa Prezidenti olmaq iddiasındadır. Bundan əvvəl İdalqo sosialistlərin namizədi olub, yetərli səs qazana bilməyib. İndi bu xanım gələcəkdə Fransa vətəndaşı olan ermənilərin səslərini almaq perspektivinə çalışır. Yəni İdalqonun ermənilərdən umacağı olduğu üçün belə canfəşanlıq nümayiş etdirir. Hətta Ann İdalqo 2017-ci ildə Ermənistanın "Şərəf" ordeni ilə də təltif edilib. Bu orden xarici vətəndaşlara o şərtlə verilir ki, təltif olunan şəxs Ermənistan üçün xüsusi xidmət həyata keçirmiş olsun. Ann İdalqo tək antiazərbaycançı kimi deyil, bütövlükdə Türk dünyasına düşmən bir şəxsdir. Məsələn, Türkiyənin Aİ-yə daxil olmasına qarşı Fransada aparılan kampaniyanın da başında məhz İdalqo dayanır. Bundan başqa, Fransanın Qarabağa göndərdiyi humanitar yükü müşayiət edən Marsel və Strasburq merləri də ermənidir.

Yücel Karauz vurğulayıb ki, Fransa Azərbaycanın və Türkiyənin hər cür xoş niyyətinə, ikili nankorluq standartı tətbiq edir. Generalın fikrincə, Fransa minlərlə kilometr uzaqlıqda olan Ermənistan-Azərbaycan məsələsinə müdaxilə edənə qədər öz mövcud problemləri, Afrikada itirilən nüfuzu ilə məşğul olmalıdır: "Azərbaycanın siyasi hakimiyyəti, daxili işləri ilə yanaşı, Fransa Türkiyənin siyasi gündəmini da qarışdırmaq istəyir. Ötən il məşhur jurnalların birində Türkiyə ilə Yunanıstan arasında başlayan müharibə ssenarisindən, Fransanın bu müharibəyə müdaxiləsindən, bu müdaxilə nəticəsində siyasi gücü itirməsindən danışmağa cəsarət etmişdilər. Bu əsassız sayıqlamalardan başqa bir şey deyil. Heç kim Azərbaycanın hüquqlarına, ərazi bütövlüyünə və beynəlxalq işinə xələl gətirə bilməyəcək".

Azərbaycanın Livandakı səfirliyinə edilən hücuma münasibət bildirən Y.Karauz deyib ki, bu hücum erməni xislətinin, eyni zamanda erməni terrorunun bir dəst-xəttidir. Terror və qətl Ermənistanın siyasi xəttinin əsasını təşkil edib və bu siyasət bu gün də davam etdirilir. İrəvan məhz terror təşkilatlarına güvənərək regionda sabitliyi daim gərgin vəziyyətdə saxlamağa cəhd edir. Erməni terror təşkilatları tarixin müəyyən dövrlərində türklərə qarşı ağır cinayətlər törədiblər. Hələ XX əsrin əvvəllərində dünyanın bir sıra ölkələrində türk diplomatları erməni terrorunun qurbanı olublar. Bütün bunları nəzərdən keçirərək qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyəti yalnız bir məqsədə xidmət edir. Bu məqsəd isə regionda sülhün hökm sürməsinə imkan verməməkdən ibarətdir. Görünən odur ki, ermənilər və onların havadarları sülh müqaviləsinin imzalanmasını istəmirlər və daimi konflikt olmasını təşviq edirlər.

Geosiyasi proseslərin nəticəsində regionda marağı olan dövlətlərin tələbatı ödəndikdən sonra Ermənistan yenə meydanda tək qalacaq və özünü yazıq obrazına salıb təbliğata başlayacaq. Onların belə bir zamanda separatçılıq, terror və diplomatik nümayəndəliklərə hücumları hiddətlə qarşılanmır. Ermənistan bilməlidir ki, sülhün alternativi yoxdur və onlar istəsə də, istəməsə də o müqavilə imzalanacaq.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.