İfrat Fransız movetonluğu
Digər xəbərlər

İfrat Fransız movetonluğu

"Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır...". Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bildirib.

Avropanın başının Rusiya-Ukrayna müharibəsinə qarışdığı bir vaxtda, ötən ilin martında Fransanın Korsika adasının sakinləri muxtariyyət tələbi ilə küçələrə axışdı, etiraz aksiyasına Fransa həbsxanasında saxlanılan Korsika millətçisinə təşkil olunan hücum təkan verdi. Polis zor tətbiq edərək yüzə yaxın etirazçını saxladı. Aksiyada 10 min nəfər iştirak edirdi. Bu isə 340 min əhalisi olan ada üçün kifayət qədər böyük rəqəm hesab olunur.

Paris isə hər şeyi görməzdən gəlir və adada yaşayanlara muxtariyyət vermək istəmir. Bu yerdə deyə bilərik ki, bu, Fransanın daxili işidir, ancaq maraqlı bir məqam var. Uzun illərdir ki, Fransa Qarabağda yaşayan bir ovuc erməni separatçısını dəstəkləyir, onlara müstəqillik tələb edir, yeri gəldi-gəlmədi status mövzusunu gündəmə gətirir, bu bölgəyə icazəsiz səfərlər təşkil edir. Ancaq Korsikada sayı Qarabağ ermənilərindən dəfələrlə çox olan bir millətə muxtariyyət vermir. Halbuki, XX əsrdə çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərdən fərqli olaraq, Korsikada yaşayanlar adanın yerli xalqıdır.

Fransa 30 illik işğal dövründə, Vətən müharibəsi zamanı və ondan sonra da erməni separatçılarını dəstəkləyib. Fransada bütün prezidentlər və bu posta namizəd olanların hamısı erməni kartından istifadə edir. Artıq bu, ənənə halını alıb. Separatizmə dəstək verən Fransa indi öz cəzasını çəkir. Korsika adasının sakinlərinin muxtariyyət tələbi ilə çıxış etmələri bu ölkə üçün daha bir problem yaradır. Prezident İlham Əliyev nazirlər görüşündə bununla bağlı deyib: "Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır".

Fransa mübarizə aparır, yalnız özünə sərf edən istiqamətdə. Korsikalıları ölkəni bölməkdə, parçalamaqda ittiham edən Fransa hakimiyyəti Qarabağdakı separatçıları açıq-aşkar dəstəkləyir. 2020-ci il noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruruliyinə dair" qətnamə layihəsi təqdim olundu, noyabrın 25-də həmin qətnamə müzakirə edilərək qəbul edildi. Əlbəttə, bu, heç bir təsir qüvvəsi olmayan, adi kağız parçası olsa da, hər halda separatizmin dəstəklənməsi faktıdır.

Ötən ilin noyabında Fransa senatında Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan daha bir bədnam qətnamə qəbul olundu. Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunurdu. Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərinin qaytarılmasını" tələb edirdilər: "Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək tələb olunur, həmçinin Fransa hökumətinə "Dağlıq Qarabağda humanitar büro açmaq" təklif edilirdi. Təkliflər arasında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması da yer alırdı. Eyni zamanda, Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb edilirdi. Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında idi. Təbii ki, məsələyə bu cür münasibət Fransada son zamanlar Azərbaycana qarşı artan ədalətsiz yanaşmanın nəticəsidir. Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi qətnamələr isə tamamilə qərəzlidir və Ermənistanın maraqlarına xidmət edir. Bu, həm də Fransada beynəlxalq humanitar hüququn və insan haqlarının süqutunun göstəricisidir. Bunu qətnamə əleyhinə səs vermiş yeganə senat üzvü Natali Qule də təsdiqləyib. O, bildirib: "Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib. Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil".

Buradan belə çıxır ki, Fransa hakimiyyətinin, onun rəhbəri Emmanuel Makronun Azərbaycanın daxili işlərinə qarışmağa heç cür haqqı yoxdur. Zorla başqasının işinə burnunu soxmaq isə tərbiyəsizlikdən başqa bir şey deyildir. Fransız movetonluğunun (yəni tərbiyəsizliyinin) həddi-hüdudu yoxdur. Atalar məsəlində deyildiyi kimi: "Utanmasan, oynamağa nə var ki?". Tarix boyu törətdiyi cinayətlərdən, pis əməllərdən heç bir dərs çıxarmayan Fransa hakimiyyəti utanmadan hər cür oyundan çıxır. Təki, təbii sərvətləri zəngin olan keçmiş koloniyaları üzərində üstünlüyünü qoruyub saxlaya bilsin, onların təbii sərvətlərini soyub talasın, Afrika kimi nəhəng bir bazarda dominant rolunu əldən verməsin. Təki, özünün neokolonializm siyasətini davam etdirsin. Elə Cənubi Qafqaza can atması, Azərbaycanın daxili işlərinə qarışması da buna xidmət edir. Əks təqdirdə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan sülh danışıqları prosesini pozmağa çalışmazdı. Lakin Fransa unutmamalıdır ki, nə onun nəzarəti altında olan qurumların qəbul etdiyi qətnamələr, nə də ki Parisin Brüssel formatını dağıtmağa göstərdiyi cəhdlər Azərbaycanın sülh üçün səylərinin qarşısını ala bilməyəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".