Ermənidən çox ermənilik edən rəsmi Paris
Siyasət

Ermənidən çox ermənilik edən rəsmi Paris

Fransa dövləti ermənilərin əlində alətə çevrilib. Ona görə də ermənilərin xoşuna gəlmək üçün ermənidən çox ermənilik edərək Azərbaycana qarşı qətnamələr qəbul edir, qərəzli fikirlər söyləyir, Natəvanın abidəsinə qarşı vandallıq edirlər. Öz tarixi müstəmləkəçilik, qırğınlar, insanların istismarı, islamofob siyasəti ilə tanınan bu dövlətin Azərbaycanla bağlı hər hansı bir qətnamə qəbul etməyə ümumiyyətlə, haqqı yoxdur. Fransa Senatı əvvəllər də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Amma onların qəbul etdikləri qətnamələr bizim üçün lazımsız bir kağız parçasından başqa bir şey olmayıb. Çünki bu dövlətin başında dayananlar ciddi şəxslər deyillər. Ona görə də onların qəbul etdikləri kağız parçaları da ancaq elə Senatın divarları arasından kənara çıxmayacaq.

Qətnamədə "Ermənistan Respublikasının ərazi bütövlüyü", həmçinin Ermənistana müdafiə qabiliyyətini artırması, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verilməsinə çağırır. Bu gün Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Azərbaycan ordusu isə şərti sərhəd hesab olunan ərazidə möhkəmlənib. Əgər Fransa Azərbaycan ordusunun Ermənistan ərazisində olduğunu hesab edirsə, bunu müəyyənləşdirməyə bir çətinlik yoxdur. Bunun üçün Cenevrədə arxivdə saxlanılan Azərbaycan Demokratik Cümhuriyyətinin və Ermənistanın sovetlər tərkibinə daxil olduğu vaxtda hansı ərazilərə malik olmasını göstərən xəritələrini açıb yaxşı baxsınlar. Keçmiş müttəfiq respublikalar sovetlərin tərkibinə hansı ərazilərlə daxil olublarsa, sovetlər dağılandan sonra da həmin ərazilərlə də ayrılmalıdırlar.

Qətnaməni hazırlayan senatorlar Azərbaycanın ötən ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin "humanitar faciə və əsl etnik təmizləmə" ilə nəticələndiyini, Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etməyə çalışdığını qeyd edirlər. Fransa senatorları yaxşı bilirlər ki, Qarabağdan çıxan ermənilərə qarşı heç bir etnik təmizlənmə aparılmayıb. Onlar könüllü şəkildə ərazilərimizi tərk ediblər və Azərbaycanın vətəndaşlığını alıb yaşamaq, qalmaq təkliflərinə məhəl qoymadan gediblər. O cümlədən BMT missiyası iki dəfə Qarabağa səfər edərək etnik təmizlənmə ilə bağlı hər hansı bir faktın müəyyən olunmadığını qeyd ediblər. Əsl etnik təmizlənmə isə 1988-ci ildə Ermənistanda yaşayan 300 min azərbaycanlıya qarşı törədilib. Onlar güc yolu ilə öz ata yurdlarından deportasiya olunublar. O cümlədən 90-cı illərin əvvəlində Qarabağ torpaqlarını işğal edərkən dinc insanlara qarşı soyqırımları törədən, onların milli-mədəni, dini dəyərlərini məhv edərək təhqir edən Ermənistan olub. Azərbaycanlılara qarşı bu soyqırımları və etnik təmizlənmələr həyata keçiriləndə fransızların gözləri kor idi, görmürdülər? Bu gün Qərbi Azərbaycanda, İrəvanda azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi və tarixin saxtalaşdırılmasını fransalı senatorlar görmürlər? Təbii ki, hər şeyi görürlər. Sadəcə, onlar müsəlmanları əzməyə öyrəşiblər. Amma Azərbaycanı digərləri ilə eyniləşdirməsinlər. Bu gün Azərbaycan dövləti öz ədalətli mövqeyini müdafiə edə bilən ölkədir və ölkəmizə qarşı həyata keçirilən hər bir təxribata ciddi cavabımız olacaqdır.

Fransa Senatının yanvarın 17-si Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi antiterror tədbirlərini pisləyən, Azərbaycan rəsmilərinə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyalara çağıran qətnaməsi də ondan əvvəlki hərəkətləri kimi iflasa uğrayacaqdır. Fransa bundan əvvəl də 5 dəfə BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul etdirilməsi ilə bağlı məsələni gündəliyə çıxarıb. Amma hər dəfə biabırcasına məsələni geri çəkməyə məcbur olub. O cümlədən Avropa İttifaqına çıxarılacaq məsələ də ayaq tutub yeriməyəcəkdir. Bu gün Avropa İttifaqına daxil olan 9 ölkə ilə Azərbaycanın ikitərəfli strateji əməkdaşlıq haqqında müqavilələri var. O cümlədən Azərbaycan qazı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında həyati rol oynayır. Bu baxımdan, Fransanın Azərbaycana qarşı olan çirkin niyyətləri onların, ancaq öz ürəklərində qalacaqdır.

Fransa Senatı qəbul etdikləri kağız parçalarının dəyərsiz olduğunu özləri də bilirlər. Bu, sadəcə onların Azərbaycana qarşı qərəz və düşmənçiliyinin bir ifadə formasıdır.           

Azər BADAMOV,

Milli Məclisin deputatı.