Elşad Mirbəşiroğlu: Azərbaycan Cənubi Qafqazın lokomotividir
MÜSAHİBƏLƏR

Elşad Mirbəşiroğlu: Azərbaycan Cənubi Qafqazın lokomotividir

“Cənubi Qafqaz-inkişaf və əməkdaşlıq” mövzunda Bakıda təşkil olunan konfrans həqiqətlərin növbəti dəfə dünya ictimaiyyətinin, ayrıca olaraq, elmi dairələrin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri fikir daşıyıcıları olmaqla yanaşı, həm də fikrə təsir etmək imkanına malikdirlər. Konfrans iştirakçıları nüfuzlu beyin, elmi-tədqiqat və analitik mərkəzlərin təmsilçiləri olmaqla, müvafiq mövzular üzrə öz gələcək işlərində və düşüncələrində təbii ki, Azərbaycan Prezidentinin dilindən eşitdikləri obyektiv həqiqətlərdən çıxış edəcəklər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, tədbirdən əvvəl konfrans iştirakçılarının işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etmələri Ermənistanın işğalçılıq siyasəti və erməni vandalizmi haqqında onlarda aydın təsəvvür yaratdı. Bu, Azərbaycanın postmünaqişə dövründəki vəziyyəti üçün olduqca vacibdir. Azərbaycan Prezidenti aprelin 12-də keçirilən müşavirədə postmünaqişə mərhələsində ölkəmizin qarşısında əsasən iki prioritet fəaliyyət istiqaməti müəyyənləşdirildiyini diqqətə çatdırdı: “Birincisi, işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, dirçəldilməsi və keçmiş məcburi köçkünlərin məskunlaşması üçün yaxşı həyat şəraitinin yaradılması. İkincisi isə Azərbaycanın yaratmış olduğu yeni reallıqların dünyada qəbul etdirilməsi. Hesab edirəm ki, hər iki hal üçün beynəlxalq beyin mərkəzlərində regiondakı vəziyyət haqqında aydın təsəvvürlərin formalaşdırılması təsirli olacaq.

Bu baxımdan, Bakıda “Cənubi Qafqaz-inkişaf və əməkdaşlıq” mövzusunda konfransın təşkil olunması və tədbirdə Prezident İlham Əliyevin iştirak etməsi vacib və əhəmiyyətli idi. Dövlətimizin başçısı Ermənistanın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və vandalizm haqqında geniş məlumat verməklə saxta erməni təbliğat maşınına növbəti zərbəni vurmuş oldu”.

E.Mirbəşiroğlu bildirib ki, dövlətimizin başçısı üçtərəfli Bəyanatın imzalanmasından sonra ermənilərin müraciətinə əsasən Azərbaycan tərəfinin Kəlbəcərin boşaldılması üçün onlara əlavə on gün möhlət verməsindən vandalizm törətmək üçün istifadə etdiklərini, evləri, su elektrik stansiyalarını yandırdıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı: “Prezident bu məqamları səsləndirməklə bir daha ermənilərin vandal, təcavüzkar mahiyyətini ortaya qoydu. Ermənilər tərəfindən 30-dək su elektrik stansiyasının məhv edildiyini bildirən dövlətimizin başçısı elektrik stansiyalarının yenidən qurulması istiqamətində mühüm işlərin görüldüyünü qeyd etdi. Konfransda 2022-ci ildə 25 MVt-lıq hidroelektrik stansiyasının istifadəyə veriləcəyinin anonsu da məhz Prezident tərəfindən verilmiş oldu. İşğaldan azad edilmiş ərazilərimizin elektrik enerjisi ilə təmin olunması üçün infrastrukturun qurulduğunu deyən dövlətimizin başçısı çətin şəraitlərdə də işlərin davam etdirildiyini diqqətə çatdırdı”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin konfransda toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk qrupu ilə bağlı oldu. Ermənistan tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirilən zaman BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri xatırladan dövlətimizin başçısı həm də vurğuladı ki, BMT TŞ-nin daimi üzvlərindən üçü ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. İşğalın nəticələri Ermənistan və ATƏT-in Minsk qrupu üçün məqbul idi. Azərbaycan üçün isə məqbul deyildir. Ölkə rəhbəri tərəfindən bu məqamın diqqətə çatdırılması vacib idi. Həqiqətən də, ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin tənzimlənməsi istiqamətində heç bir addım atılmadı. Əksinə, Minsk qrupunun sərgilədiyi mövqe status-kvonun saxlanılmasına xidmət edirdi. Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdi. Prezidentin xatırlatdığı kimi, postmünaqişə mərhələsində ATƏT-in Minsk qrupunun sonrakı fəaliyyəti ilə bağlı mövqe sərgilənməsi istənilsə də, bu günə qədər heç bir reaksiya müşahidə olunmayıb.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonrakı prosesləri pozitiv dəyərləndirərək sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü beş təklifin Ermənistan tərəfindən qəbul olunduğunu bildirdi. Azərbaycan tərəfinin irəli sürdüyü prinsiplər gələcək sülh sazişinin əsasını təşkil edəcək. Bu prinsiplərə uyğun olaraq, Ermənistan tərəfi sərhədlərin müəyyənləşdirilməsi üçün işçi qrupunun yaradılmasına razılıq verib. Bütün bunlar bir daha nümayiş etdirir ki, Azərbaycan prosesləri öz ədalətli maraqlarına uyğun şəkildə inkişaf etdirməkdədir.

“Beynəlxalq ictimaiyyət də aydın görür ki, Azərbaycan sülh və əməkdaşlıq gündəliyini təbliğ edir. Ermənistan tərəfi müharibədən sonra iki ilə yaxın müddətdə sülh sazişini imzalamaqdan yayınmağa çalışdır. Müxtəlif vasitələrə əl atan Ermənistanın özünün ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmək istiqamətində etdiyi bütün cəhdlər səmərəsiz oldu. Belə olan halda Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamağa razı olduğunu bildirdi. Bununla, biz düşməni sülhə məcburetmə taktikasını həyata keçirmiş olduq. Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi ümumilikdə Cənubi Qafqazın inkişafına xidmət edir. Bu, təkcə Azərbaycanla Ermənistan arasında olan məsələ deyil, bütün regionun məsələsidir”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu məqama ayrıca toxunulması həm də bir çağırış xarakteri daşıyır. Cənubi Qafqazda maraqları olan subyektlər Azərbaycanın sülh və əməkdaşlıq gündəliyini dəstəkləməlidirlər. Çünki məhz Ermənistanın təcavüzü, təxribatları və işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqazda dayanıqlı sülhü və etibarlı təhlükəsizliyi təmin etmək mümkün olmayıb. Hazırkı mərhələdə isə, Azərbaycanın yaratdığı yeni reallıqlar həm region dövlətləri, həm də burada mafraqları olan kənar subyektlər üçün real imkanlar açır. Bu yeni imkanlar isə dəyərləndirilir. Artıq hamılıqla qəbul olunur ki, Azərbaycan regionun lokomotividir.

AZƏRTAC