Ehtiyatlı olun! Mina!
Siyasət

Ehtiyatlı olun! Mina!

İstər 30 illik işğal dönəmində, istərsə də postmüharibə zamanı Ermənistanın mina terroru regionda sabitliyə, təhlükəsizliyə əsaslı təhdid olmuşdur. Xain düşmənin basdırdığı partlayıcı qurğular can almağa davam edir.

Əfsuslar olsun ki, məğlub Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının müddəalarını yerinə yetirməyərək minalanmış ərazilərin dəqiq xəritələrini verməmək üçün saysız-hesabsız bəhanələr gətirdi. Ötən müddət ərzində 300-dən çox vətəndaşımız mina partlayışı nəticəsində zərər görüb. Ümumiyyətlə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaranan 1998-ci ildən 2020-ci ilin noyabrına qədər 810 minə yaxın mina və partlamamış sursat aşkarlamışdır.

2020-ci ilin noyabrından bu il sentyabrın 1-nə qədər isə 95318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmişdir. Bununla yanaşı, 93410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilmişdir. Xatırladaq ki, son günlərdə 6 soydaşımızın mina partlayışı nəticəsində həlak olmasından sonra separatçı xunta rejiminin Qarabağdakı varlığına son qoyuldu və Azərbaycan öz ərazilərində suverenliyini tam bərpa etdi. Lakin xain xislətli düşmən günü bu gün də tərk etdiyi ərazilərə minalar və müxtəlif partlayıcı vasitələr basdırıb. Nəticədə nəzarətə götürülən ərazilərimizdə hərəkət məhdudlaşır ki, bu da vəziyyətin nə dərəcə kritik olduğunu göstərir.

Ərazilərimizin minalarla çirkləndirilməsi bunu ehtiva edir ki, müharibə bitsə də, onun fəsadlarını tam aradan qaldırmaq olduqca böyük vaxt tələb edəcək. Nəzərə alaq ki, sıravi vətəndaşların mina qurbanları siyahısındakı sayı getdikcə artır. Xüsusilə Füzuli, Tərtər, Ağdam, Xocavənd rayonunun ərazilərində - Ermənistanın mina ilə çirkləndirdiyi suveren ərazilərimizdə mülki vətəndaşlarımızın mina qurbanı olduğunu müşahidə edirik. Xain düşmən çaylar vasitəsilə də partlayıcı qurğuları regionlarımıza yaymağa cəhd edir. Hətta heyvanlara (itlərə) partlayıcı qurğular bağlayaraq sərhəd ərazilərimizə göndərir.

Əfsuslar olsun ki, ərazilərində 1,5 milyondan çox mina basdırılmış Azərbaycan ən çox mina ilə çirklənmiş dövlətlər sırasına daxil olmuşdur. Ölkə başçımız dəfələrlə Ermənistanın mina terrorunu beynəlxalq tribunalardan səsləndirmiş, dünya birliyini bu bəşəri cinayətə qarşı səssiz qalmamağa çağırmışdır. Qeyd etmək lazımdır ki, düşmənin bu cür xain fəaliyyəti "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarına ziddir. Ümumi ekosistemə də olduqca böyük mənfi təsir göstərən bu cinayət əməlinə qarşı beynəlxalq ictimaiyyət isə səssiz qalmaqdadır. Xain düşmən 30 il boyunca müxtəlif yollarla dilbər guşələrimizi minalar ilə zəhərləmiş, bu ərazilərdə hər cür cinayət əməli törətmişlər. Xatırladaq ki, Laçın dövlət sərhədi ətrafında "humanitar" şou hazırlayan mənfur xislətin sahiblərinin əsas dərdi də Laçın-Xankəndi yolundan qeyri-qanuni yükdaşımalarının hərəkətini reallaşdırmaq idi. Məhz minaların ərazilərimizdə kütləvi şəkildə basdırılması tarixən bu yol vasitəsilə mümkün olmuşdur.  Həmçinin Laçın yolundan ermənilər daim cinayət tərkibli əməllər üçün istifadə etmişlər. Müxtəlif diversiya qruplarının hərəkəti, silah-sursatın keçirilməsi, narkotik tranziti məhz bu yol vasitəsilə həyata keçirilirdi. Artıq Azərbaycan dövləti belə qanunsuz əməllərin qarşısını almış, Laçındakı sərhəd-buraxılış məntəqəsini quraraq əraziyə tam nəzarəti bərpa etmişdir.

19 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində bir daha sübut etdik ki, xunta rejimi hələ bundan sonra da müxtəlif diversiya qrupları vasitəsilə ərazilərimizdə minalama prosesi aparmaq niyyəti güdüb. Belə ki, onların təslim olması və döyüş mövqelərini tərk etməsi ilə yanaşı, silah-sursat anbarı da aşkar edildi ki, buradan müxtəlif növ partlayıcı qurğular, mərmilər və minalar vardı.

N.ABDALOV,

"Respublika".