Xocalı Soyqırımı Memorialının yaradılması gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir
Siyasət

Xocalı Soyqırımı Memorialının yaradılması gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin, idarəçilik fəlsəfəsinin əsas qayəsini xalqına verdiyi vədlərə məsuliyyətlə yanaşması, vaxtında və dəqiq yerinə yetirməsi təşkil edir. Tarixdə və müasir dünyamızda az lider tapılar ki, bu ali keyfiyyətlərə sahib olsun. Prezident İlham Əliyevi xalqına sevdirən, ona olan inamı daha da artıran həm də bu xüsusiyyətlərdir.

2003-cü ildə dövlətimizin başçısı Biləsuvar rayonundakı çadır şəhərciyində qaçqınlarla görüşündə bildirmişdi ki, çox yaxın illərdə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv olunacaq, onlar üçün yeni evlər tikiləcək. O, bu vədini də qısa müddət ərzində - cəmi dörd ilə həyata keçirdi. Belə ki, 2003-cü ildə Biləsuvarda 5, 2006-cı ildə Bərdə və Ağcabədidə 4, 2007-ci ildə isə Saatlı və Sabirabad rayonlarında 3 çadır şəhərciyi ləğv edildi. Həmçinin Prezident İlham Əliyev məcburi köçkünlərlə keçirdiyi görüşlərdə bəyan edirdi ki, biz işğal altında olan torpaqlarımızı mütləq azad edəcəyik, sizlər üçün orada daha müasir, hər cür şəraiti olan evlər tikiləcək. Bu gün biz həmin vədin real nəticələrinə şahidlik edirik və bu mənzərəni gördükcə çox fərəhlənirik.

Ümumiyyətlə, Xocalı xalqımızın hər bir nümayəndəsinin qəlbində ağır yara idi. 1992-ci ildə erməni faşistləri insanlıqdan uzaq, dünya tarixinin ən böyük qanlı cinayətini törətdilər. Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə bu qisası döyüş meydanında misli ilə aldı. Fevralın 26-da müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu artıq nəticədir, Qələbəmizin bəhrəsi, əzəmətli tariximizin ən qürurlu mənzərəsidir. Sakinlər öz doğma yurdlarını ziyarət edirlər, yaxın zamanlarda onlar Xocalıda - öz ata-baba yurdlarında həyatlarına davam edəcəklər. Bu, xalqımızın müzəffər oğlu Prezident İlham Əliyevin müdrik siyasətinin uğurlu nəticələrindəndir.

Sakinlərlə görüşündə dövlətimizin başçısı bildirdi ki, biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Bu, son dərəcə ağır faciədir. Erməni silahlıları həmin gecə bütün vəhşiliklərə əl atıblar. Hətta şəhid edilmiş insanların üzərində təhqiredici hərəkətlərə yol vermişdilər - meyitlərin başlarını, digər orqanlarını kəsir, dərisini soyur, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnını yarırdılar. Quduz düşmən bu hərəkətləri acımadan, vicdansızcasına edib. Həm də onlar dinc sakinlərin üzərinə hücum zamanı istifadəsi qadağan olunmuş patronlardan, habelə kimyəvi silahlardan belə istifadə ediblər. Odur ki, biz düşmənin bu vəhşiliyini heç vaxt unutmayacağıq. Bütün dünya da bundan xəbərdar olmalı, şiddətlə qınamalıdır. Artıq neçə illərdir dövlətimiz, Heydər Əliyev Fondu, tarixçilərimiz, hadisələrin şahidləri baş verənləri tutarlı faktları beynəlxalq ictimaiyyətə çatdırırlar. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasını xüsusilə qeyd etmək istərdim. Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Yüz minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.

Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən təməli qoyulan Xocalı Soyqırımı Memorialı vacib bir layihədir. Memorial Xocalı hadisələrinin dünyada təbliğində, gələcək nəsillərə ötürülməsində, soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşamasında əhəmiyyətli rola malik olacaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.