Ədliyyə naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib
Sosial həyat

Ədliyyə naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə yerində baxılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Dekabrın 7-də ədliyyə naziri Fikrət Məmmədov Şabran rayonunda Şabran, Xaçmaz, Siyəzən və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Görüşdə vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib.

Bölgə sakinləri ilə görüşdə, həmçinin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar əsasında qurulması, insanlara layiqli xidmət göstərilməsi, müraciətlərə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığı vurğulanıb.

Vətəndaşlar onların müraciətlərinə qayğı ilə yanaşılmasına və yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkərək onların iş şəraiti ilə tanış olub, işin daha səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçirilən görüşlərdə "Heydər Əliyev İli"ndə Ümummilli Liderin zəngin irsinə həsr olunan çoxşaxəli tədbirlərin keçirildiyi bildirilib. Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasına uyğun olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızın tərəqqisi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası qeyd olunub, müasir çağırışlara uyğun həyata keçirilən ədliyyə və məhkəmə islahatlarına toxunularaq qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

“Respublika”.