Ədalətli sülh 10 noyabr Bəyanatının icrasından asılıdır
Siyasət

Ədalətli sülh 10 noyabr Bəyanatının icrasından asılıdır

İkinci Qarabağ müharibəsi Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Döyüşü davam etdirməyə nə gücü, nə də hünəri qalmayan düşmən noyabr ayının 8-də Şuşanı itirdikdən sonra təslim olduğunu bəyan etdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanat imzaladılar. Bu tarixi Bəyanat 30 illik münaqişənin son nöqtəsi oldu.

Belə ki, hərbi əməliyyatların tamamilə dayandırılmasını ehtiva edən akta əsasən ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını dinc yolla Azərbaycana qaytarmalı və Rusiya silahlı qüvvələrinin hərbi qulluqçuları, hərbi zirehli texnikası, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti isə sərhədboyu və Laçın dəhlizi istiqamətində yerləşdirilməli idi. Təslimolma aktının bu müddəalarının müharibə bitdiyi gündən yerinə yetirilməsinə başlandı. Belə ki, müzəffər Azərbaycan ordusunun gücü, şücaəti qarşısında diz çökən Ermənistan Azərbaycanın üç rayonunu bir güllə atılmadan öz sahibinə qaytardı. Sərhədboyu isə rus sülhməramlıları yerləşdirildi.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi yalnız Ermənistanı deyil, onun havadarlarının, iş ortaqlarının, erməni diasporunun vəzifə kürsüsünə oturtduğu bir sıra ölkələrin dövlət başçılarının kabusuna çevrildi.  30 illik şirin yuxularına, xam xəyallarına son qoyan İkinci Qarabağ müharibəsində Azərbaycanın qalibiyyəti ilə barışmaq istəməyən erməni havadarları Ermənistanda revanşist meyillərin gücləndirilməsi, xalqın məğlubiyyətlə barışmayaraq etiraz aksiyaları keçirməsi üçün əlindən gələni etdi və bu gün də edir. Belə ki, həmin erməni xislətli dövlətlərin "məsləhəti" ilə Ermənistan Qarabağ müharibəsində uduzaraq imzaladığı üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır, Azərbaycanın sülh təklifini qəbul etmir. Ölkəmizin ərazi bütövlüyünü pozan, əhalimizə qarşı soyqırımı həyata keçirən, əzəli torpaqlarımızı işğal edən Ermənistan Azərbaycanın sülh təklifini dəyərləndirmək məntiqinə sahib olmadığından onu meymun kimi ortada oynadan İran, Fransa kimi öz mənafeyinə Ermənistanı qurban verən ölkələrin fitvasına uyur.

Sözsüz ki, Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması nə İrana, nə də Fransaya sərf edir. Cünki İran 30 ilə yaxın bir müddətdə Ermənistanla birgə işğal altında olan Azərbaycan torpaqlarında narkotik maddələrin istehsalı, Emmanuel Makron isə erməni lobbisinin sayəsində oturduğu rahat kreslosu ilə vidalaşmağı göz önünə almaq istəmir. Təbii ki, nə İran, nə də Fransa İkinci Qarabağ müharibəsi zamanı övladlarını itirən, müharibədən həm maddi, həm də mənəvi əziyyət çəkən erməni xalqının aqibətini düşünmür. Əslində, heç Ermənistan özü də bu mövqedə deyil. Əgər Ermənistan öz xalqını azacıq da olsa düşünmüş olsaydı, o zaman Azərbaycanın beş baza prinsipinə əsaslanan sülh təklifini qəbul etmiş olardı. Çünki Azərbaycanın Ermənistana 5 prinsip əsasında təklif etdiyi sülh müqaviləsinin əsasını - dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi təşkil edir. Həmçinin, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq sülh sazişinin baza prinsipləridir. Bu təklif açıq-aşkar bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına, xalqların mehriban qonşuluq şəraitində yaşamasına yönəlmiş humanist təklifdir.

Lakin havadarlarının boş vədlərinə uyan Ermənistan isə gah Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə status verilməsindən dəm vurur, Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyir, gah da sülh sazişi imzalamaq əvəzinə "iki ölkə arasında münasibətlərin qurulması üçün lazım olan prinsiplər toplusu" - çərçivə anlaşmasını təklif edir. Bununla da, Azərbaycan tərəfindən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və s. barədə müzakirələrin aparıldığı üçtərəfli görüşlər də nəticəsiz qalıb. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanata əsasən Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən Zəngəzur dəhlizinin açılması da Ermənistan tərəfdən müsbət qarşılanmır.

Ermənistana havadarlıq edən, bütün dünyada alnına işğalçı damğası vurulan Fransanın Azərbaycan ərazisində yaşayan ermənilərə xüsusi status verilməsini tələb etməsi, İranın Ermənistanın sərhədlərini özünün qırmızı xətti elan etməsi isə uğursuz siyasət həyata keçirən Ermənistanı uçuruma yuvarlamaqdan başqa bir şey deyil.

Ermənistandan fərqli olaraq Azərbaycan düzgün, məqsədyönlü və düşünülmüş siyasət həyata keçirir və bu siyasətin təməlində Azərbaycan xalqının mənafeyi dayanır. Xalqının maraqlarından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən qısa müddət sonra qalib ölkənin Prezidenti olmasına baxmayaraq, regionda əmin-amanlıq, sabitlik naminə düşmən ölkəyə sülh təklif etmişdir. Və sülh sazişinin yalnız və yalnız Azərbaycanın təklif etdiyi 5 baza prinsipi çərçivəsində imzalanacağını da dəfələrlə bəyan etmiş və eyni zamanda Azərbaycanın səbrinin daimi olmadığını vurğulamışdır. Müstəqil siyasət yürüdən, Ermənistandan fərqli olaraq heç bir ölkədən asılı olmayan Azərbaycan hər zaman olduğu kimi, dediyi sözünün sahibidir: əgər, sülh sazişi imzalanacaqsa, Azərbaycanın təklifi əsasında imzalanacaq. 2020-ci ildə üçtərəfli Bəyanatı imzalayarkən üzərinə götürdüyü bütün öhdəliklərə əməl edən Azərbaycan qarşı tərəfdən də bunu tələb edir. Bu isə o deməkdir ki, ədalətli sülh 10 noyabr Bəyanatının icrasından keçir. Ona görə də, Ermənistanın məğlub olduğu zaman əli əsə-əsə imzaladığı kapitulyasiya aktının müddəalarını icra etməkdən başqa yolu yoxdur.

Mehparə ƏLİYEVA,

"Respublika".