Bakı Enerji Həftəsi dünya mediasının diqqət mərkəzindədir
Gündəm

Bakı Enerji Həftəsi dünya mediasının diqqət mərkəzindədir

B akı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgiləri dünya mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" rəsmi informasiya agentliyi, "24 ae.", "Əl İttihad", "Şarjah 24", "Mediaoffice. Abu-Dabi", "Əl Xalic", "uae.barq" qəzet və portalları, habelə "CNN arabic", "Abu Dabi1" telekanalları, Səudiyyə Ərəbistanının "Saudigulffprojetcts" nəşri Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabiri qəbul etməsi, habelə Azərbaycanın dövlət başçısının və Əmirliklərin nazirinin bu mötəbər tədbirdə çıxışının əsas məqamları barədə məlumat veriblər.

BƏƏ və Səudiyyə Ərəbistanı mediası, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in sədri Sultan bin Əhməd Əl-Cabirin iki günəş və bir külək enerjisi layihəsinin təməlqoyma mərasimində iştirakı haqqında geniş məqalələr dərc edib. Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, bu layihələr təmiz enerji sahəsində dünya lideri olan "Masdar" tərəfindən Azərbaycanın milli neft şirkəti SOCAR ilə birgə işlənib hazırlanacaq.

Məqalələrdə diqqətə çatdırılıb ki, Sultan bin Əhməd Əl-Cabir Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını, hazırkı COP prezidenti Birləşmiş Ərəb Əmirliyinin COP29-un sədrliyi ilə sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib. O, həmçinin bütün ölkələri, maraqlı tərəfləri COP29-un heç bir şübhəyə yer qoymayan orqan olmasını təmin etməyə dəstək verməyə çağırıb.

Bakı Enerji Həftəsinin açılış mərasimi haqqında Qazaxıstanın "Kazinform" agentliyi, Çinin "Siamnews", "Chinamoneynerqork" portalları, Avstraliyanın AAP informasiya agentliyi, Tailandın "Thailand business" nəşri, Almaniyanın "Finanznachritchen", Kanadanın "Newswire", İtaliyanın "İnarmazione", İngiltərənin "Morningstar", Tayvanın "Taiwannews" elektron qəzetləri geniş məqalələr dərc ediblər.

Məqalələrdə qeyd edilib ki, qlobal enerji böhranı dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir 30-dan çox ölkədən 300-dək şirkəti bir araya gətirib. Dünya mediası Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirlərinə də yer ayırıb.

Xəbər və məqalələrdə Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə geniş məlumat verilib.

Qlobal miqyasda investorların əsas media orqanı olan "Investor Observer" nəşri, Fransanın "Le Lezard" elektron qəzeti, Asiya ölkələri sahibkarlarının media orqanı "Enterpise Asia", ABŞ-ın "Central Charts", "Street Insider" portalları, Səudiyyə Ərəbistanın ingilis dilində nəşr olunan "GoalFore Advisory" analitik iqtisadi jurnalı, İraqın "Əl Ayn", Pakistanın "Press Release Hub" saytlarında da jurnalistlərin qlobal enerji təhlükəsizliyinin barometri adlandırdıqları Bakı Enerji Həftəsinin açılışında Azərbaycanın dövlət başçısının çıxışından əsas məqamlar dərc edilib. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev 4 iyun tarixinin sadəcə iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacağını, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də əlamətdar olduğunu deyib. O əlavə edib ki, bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir.

Məqalələrdə diqqətə çatdırılıb ki, "Şahdəniz" qaz yatağının əhəmiyyətindən danışan Prezident İlham Əliyev hazırda Azərbaycanın təbii qaz ixracının artdığını, bu il ixracatın 24 milyard kubmetrdən artıq olacağını bildirib. O əlavə edib ki, səkkiz ölkə Azərbaycandan qaz alır, bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb və bu, həqiqətdir. Azərbaycanın lideri vurğulayıb ki, hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Yazılarda o da qeyd edilib ki, Azərbaycan Prezidenti enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu, idxaldan asılı olan ölkələrin ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtardığını, Azərbaycanın simasında məhz bunu əldə etdiklərini bildirib. O vurğulayıb: "Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik".

Məqalələrdə, həmçinin Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian, Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borrero, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kameranın da Bakı Enerji Həftəsinin açılışında çıxış etdikləri, habelə bu mötəbər tədbirə dünyanın nəhəng enerji şirkətlərinin rəhbərlərinin qatıldıqları qeyd olunur.

Eyni zamanda, diqqətə çatdırılıb ki, 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.