Dünyada baş verən münaqişələrdə ABŞ-ın maraqları
Siyasət

Dünyada baş verən münaqişələrdə ABŞ-ın maraqları

Dünyada baş verən bir çox münaqişələrin pərdəarxası məqamlarında ABŞ-ın izləri görünür. Əslində, hegemon dövlət kimi dünyada sülh və barışığa yönəlmiş təbliğat aparmaqdansa, bu ölkə bütün münaqişə zonalarında öz “aktivliyi” ilə seçilir.

Ötən illərdə İraq və Suriya arasında gedən müharibədə də Amerikanın əli olduğu bildirilirdi. Bir sözlə, dünyanın istənilən nöqtəsində münaqişəli vəziyyət varsa, orada ABŞ-ın izləri bəlli olur. Bir bölgədə nisbi sabitliyə nail olunursa, çox keçmədən başqa bir yerdə hökmən gərginlik yaradılır. Anlaşılan odur ki, bu proseslər sadəcə böyük güclərin arasında gedən savaşların nəticəsidir. Ekspertlərin fikrincə, ABŞ Birinci və İkinci Dünya müharibələrində olduğu kimi, bu savaşlardan da faydalanır və supergüc statusunu qorumağa çalışır.

Baş verən müharibələrdə ABŞ-ın bir məqsədi bundan ibarətdirsə, digərində isə öz hegemonluğunu bəşəriyyətə nümayiş etdirməkdir. Məlumdur ki, SSRİ dağıldıqdan sonra Amerika meydanda özünü tək dövlət hesab edir. Lakin zaman dəyişdiyi kimi, onun şərtləri da dəyişir. Bu gün artıq Çin kimi supergücə malik inkişaf etmiş dövlət ABŞ ilə hesablaşmır.

Ötən illərə nəzər salsaq görərik ki, 2022-ci ilə qədər ABŞ Ukraynaya humanitar yardım bir yana, heç investisiya dəstəyi də göstərmirdi. Lakin Rusiya ilə müharibənin başlanmasından sonra ABŞ Ukraynaya milyardlarla dollarlıq yardım edib. Aydın olur ki, ABŞ-ın niyyəti sadəcə Ukrayna xalqına yardım etmək yox, bu ölkə vasitəsilə Rusiyaya qarşı savaş açmaqdır. ABŞ-ın "demokratiyanın inkişafına dəstək" layihələrinin arxasında hər zaman Vaşinqtonun siyasi-iqtisadi maraqları dayanıb. Dünyanın karbohidrogen ehtiyatlarına malik dövlətlərinin xarabazarlığa çevrilməsində ABŞ hər zaman əsas faktor olub. Liviya, Suriya, İraq və digər neft-qazla zəngin ölkələrin uzun illərdir münaqişə zonası olmasında ABŞ-ın tək məqsədi dünya hökmranlığını daha da gücləndirmək və həmin dövlətlərin sərvətlərindən yararlanmaqdır. Bu mənada heç də təsadüfi deyil ki, ABŞ Azərbaycanı da hər zaman özünün təsir dairəsində saxlamaq istəyib. Burada əsas məsələ odur ki, Azərbaycan həm zəngin karbohidrogen ehtiyatlarına malikdir, həm də Avrasiyanın nəhəng nəqliyyat dəhlizlərinin üzərində yerləşir.

Ekspertlərin gəldiyi qənaətə görə, hələ 1988-ci ildə Qarabağda separatizmin alovlanması da sırf Qərbin, daha doğrusu, ABŞ-ın layihəsi idi. Milli münaqişələr hesabına SSRİ-ni parçalamaq məhz Mərkəzi Kəşfiyyat İdarəsinin planı idi. Nəticədə SSRİ dağıldı, Vaşinqton isə Cənubi Qafqazdakı məkrli niyyətindən əl çəkmədi. Erməni diasporunun maliyyəsi və ABŞ-ın siyasi dəstəyi ilə Azərbaycanda separatizm alovlandı. Ardından isə ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olundu. 1992-ci ildən İkinci Qarabağ müharibəsi bitənə kimi Ermənistanın işğalı dayandırması ilə bağlı ABŞ heç bir siyasi və hüquqi addım atmayıb. Öz məqsədlərini həyata keçirmək üçün ATƏT-in Minsk qrupunda həmsədr kimi uzun illər fəaliyyətsizliyi ilə yadda qalıb. Lakin İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra şər-böhtan kampaniyasına başladı. Ermənistanı müdafiə etmək məqsədilə bəyanatlar verdi. Noyabrın 15-də Konqresdə Azərbaycanla bağlı keçirilən dinləmələrdə bildirildi ki, guya Azərbaycan Ermənistan ilə müharibəyə hazırlaşır. Bunun qarşısını almaq üçün isə Vaşinqton lazımi addımlar atır. Bu gün də ABŞ Azərbaycan-Ermənistan münasibətlərində öz prizmasından çıxış edir. Bu dövlət bir ağacda oturub, min budağı silkələyir. Henri Kissincer deyirdi ki, ola bilsin, ABŞ-ın düşməni olmaq təhlükəlidir, amma ABŞ-ın dostu olmaq ölümü qarantiya etmək deməkdir. Yer üzündə bu ölkə qədər kiçik, zəif dövlətlərdən maşa kimi istifadə edən ikinci bir dövlət yoxdur.

Ramidə YAQUBQIZI,

"Respublika".