Dünənin, bu günün və gələcəyin sərvəti
Digər xəbərlər

Dünənin, bu günün və gələcəyin sərvəti

Azərbaycanı dünyaya tanıdan, dövlət müstəqilliyinin qorunmasında fədakar xidmətləri olan, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Dahi şəxsiyyətin yubileyi münasibətilə Ağcabədi Heydər Əliyev Mərkəzi və Qarabağ Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan muğamı" adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli dövlət xadiminin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev çıxış edərək, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan dünyaşöhrətli siyasətçi öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

Tədbirdə çıxış edənlər Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamların qorunması, yaşadılması və dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən, 2003-cü ildə Azərbaycan muğam sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindəki fəaliyyətindən bəhs ediblər. Tədbirin bədii hissəsində Qarabağ Muğam Mərkəzinin səs müəllimi Əhəd Təhməzovun və 5-ci sinif şagirdi Səbuhi Əliyevin ifalarında "Alagöz", "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək", "Küçələrə su səpmişəm" mahnıları səsləndirilib.

Salman ALIOĞLU,

"Respublika".