Dövrünün mütərəqqi fikirli ziyalısı
Sosial həyat

Dövrünün mütərəqqi fikirli ziyalısı

Ölkəmiz azad, müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1918-ci il mayın 28-də Cümhuriyyətin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Müsəlman aləmində xalqımız tərəfindən ilk demokratik respublikanın yaradılması ilə bu gün hər birimiz fəxr edir, qürur duyuruq.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. Tarixi həqiqətə və ədalətə tam uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpasi Günü kimi təsis edilib.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını qürurla, iftixarla yad edirik. 104 il əvvəl Azərbaycanın İstiqlal Bəyannaməsini imzalayanlardan biri də lənkəranlı Hacı Mirzə Səlim Axundzadə olmuşdur.

Mirzə Səlim Axundzadə Lənkəranda tanınmış bir nəslin nümayəndəsidir. Atası Mirzə İsmayıl Qasir dövrünün qabaqcıl, mütərəqqi fikirli ziyalısı, şair və maarif xadimi olub. Lənkəranda "Fövcül-füsəha" ədəbi məclisinin və ilk müasir tipli "Üsuli-cədid" məktəbinin yaradıcısıdır.

M.Qasir XIX və XX əsrlərin qovuşuğunda Lənkəranın mədəni və ictimai həyatında mühüm rol oynamış, dövrünün görkəmli mütəfəkkir şairi Seyid Əzim Şirvani ilə əqidə, qələm yoldaşı, yaxın dost olmuşdur.

Mirzə Səlim 1872-ci ildə Lənkəranda Mirzə İsmayıl Qasirin ailəsində dünyaya göz açıb. Atasının açdığı "Üsuli-cədid" məktəbində fars və ərəb dillərini öyrənib, sonra Lənkəran şəhər gimnaziyasını bitirib.

Gənc Səlim Axundzadə Lənkəranda yerli məhkəmə və polis idarələrində, dövrünün tanınmış şəxsiyyəti Əsgər xan Talışinskinin evində katib işləyib, Lənkəran mədrəsəsində dini təhsil alıb.

Təhsilini başa vurandan sonra Lənkəran məscidlərindən birinə axund təyin edilib. El-oba arasında artan hörməti, nüfuzu Lənkəranda şovinist və xristian təəssübkeşli çar məmurlarını və kilsə xadimlərini narahat edib. Bu səbəbdən onu məsciddən uzaqlaşdırıblar. Səlim Axundzadə 1911-ci ildə şəhər gimnaziyasında şəriət və xarici dil müəllimi kimi fəaliyyət göstərib.

Dini təhsilini İranın Ərdəbil və Zəncan, İraqın Nəcəf şəhərlərində davam etdirib, iki dəfə müqəddəs Kəbəni ziyarət edib. Müsəlman şərqinin zəngin dini və elmi-mədəni irsinin öyrənilməsi ilə kifayətlənməyib, Türkiyədə fransız dilini də mükəmməl öyrənib. Bir sıra Qərb ölkələrinə səyahət edərək Avropa dəyərlərinə yaxından bələd olub.

Fevral inqilabından bir az sonra Lənkərana qayıdıb. 1917-ci ilin sonunda Hacı Mirzə Səlim yeni yaradılan yerli hakimiyyət orqanlarının tərkibinə daxil edilib. "Ümid" Xeyriyyə Cəmiyyətinin üzvləri arasında keçirilən gizli səsvermə nəticəsində cəmiyyətin sədri seçilib.

Səlim Axundzadə yerli əhalinin ictimai-siyasi təşkilatlanmasına yardım etmək məqsədilə Lənkərana gələn Müsavat partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub. O, Səlim Axundzadədən Müsavatın yerli şöbəsini yaratmağı xahiş edib.

Hacı Səlim seçimini edərək bu firqəyə üzv yazılıb və Müsavatın Lənkəran şöbəsinin yaradıcılarından və rəhbərlərindən biri olub. Partiyanın 1917-ci ilin 26-31 oktyabr tarixində keçirilən birinci qurultayında iştirak edib. Bu işə məsuliyyətlə, çox ciddi yanaşaraq 1917-ci il noyabrın 26-da Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavatın Lənkəran qəzası üzrə ən çox səs toplanmasına nail olub.

Sonralar öz "Xatirat"ında bu barədə belə yazıb: "Badkubənin üç gün yığıncağı tamam olandan sonra mən Müsavatın ləvazimati-dəfatir və möhür və qeyri-əşyalarını götürüb Lənkərana övdət elədim. Bir gözəl intellegentni təşkilat dürüst elədim. Badkubədə Müsavatın şöhrəti və zahir-qüvvəti olduğu üçün Lənkəranda günü-gündən Müsavatın qüvvəti və qüdrəti artıb, yüksək mərtəbəyə yetişdi".

1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisdə Zaqafqaziya Seyminin işində iştirak edəcəyini bildirirlər. Əlbəttə, bu haqq Hacı Mirzə Səlim Axundzadəyə verildi. Çox illər sonra qürbətdə yaşayan Hacı Səlim Axundzadə bu hadisəni xatırlayaraq yazırdı: "Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər".

O vaxt Lənkərandan Bakıya gəmiylə on iki saatlıq yol idi. Səhər Bakı limanında gəmidən düşüb birbaşa Məhəmməd Əminin naşiri və redaktoru olduğu "Açıq söz" qəzetinin redaksiyasına gəlib. Müsavat sədri qonağı gözlənilən səfər barədə məlumatlandırıb və Müsavat Xeyriyyə Cəmiyyətinin mehmanxanasında yerləşdirib.

Mirzə Səlim "Xatirat"ında o səfər haqqında belə yazıb: "Məhəmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdən adları yadımda qalan yoldaşlarım bunlar idi: Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Mustafa Mahmudov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qəbulzadə. Gəncədə Nəsib bəy Yusifbəyli vaqona minib bizə qatıldı. "İttihat" firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Həybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi. Yanvarın 12-də günorta vaxtı Tiflisə varid olduq".

Fevralın 13-də Azərbaycandan gələn nümayəndələr Zaqafqaziya Seyminin iclasında iştirak ediblər. Mirzə Səlim Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü seçilib.

1918-ci il aprelin 22-də isə daha böyük tarixi hadisə baş verdi. Zaqafqaziya Seymi Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratmaq barədə qərar qəbul etdi.

Yeni hökumət mayın 1-də Mirzə Səlimə məsul bir vəzifə tapşırdı. Əslən Qaxdan olan İsmayıl bəy Qəbulzadə ilə Zaqatala bölgəsinə ezam olundu. Bölgədə türk hərbi əsirləri, azərbaycanlı, gürcü və dağlı camaatın ağsaqqalları, islam və xristian din xadimləri, yerli ziyalılarla görüşlər keçirib gözlənilən ədavəti, gərginliyi aradan qaldırdılar.

Tapşırığı icra edib yenidən Tiflisə qayıtdılar. Təzə yaradılan federativ respublika gürcü, erməni və azərbaycanlı nümayəndələrinin daxili narazılıqları üzündən dərin böhran keçirirdi. Gürcüstan federasiyadan çıxaraq öz dövlət müstəqilliyini elan etdi. İki gün sonra 1918-ci il mayın 28-də Seymin azərbaycanlı üzvlərindən ibarət Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Bu müqəddəs tarixi sənəddə on ikinci imza Azərbaycan Milli Şurasının üzvü, lənkəranlı Hacı Mirzə Səlim Axundzadəyə məxsusdur.

Parlamentin üzvü kimi o, bütün tədbirlərdə fəal idi. Bu dəfə ona daha bir məsul iş tapşırıldı. 1918-ci ildə daşnak cəlladı Andronik Zəngəzurda azərbaycanlı əhalini amansızcasına qətlə yetirirdi. Mirzə Səlim türk qoşunlarının və yeni yaradılan Azərbaycan ordu bölmələrinin tərkibində 4 minlik hərbi qüvvə ilə Gəncədən Zəngəzura yollandı. Erməni daşnaklarına qarşı qanlı döyüşlərdə fədakarlıq, bölgənin müsəlman əhalisinin müdafiə olunmasında igidlik və şücaət göstərdi. O, həmçinin, Bakının boşeviklərdən və xalqımıza qənim kəsilən düşmən ünsürlərdən azad olunması ilə nəticələnən türk-azəri hərbi birləşmələrinin müzəffər yürüşündə də rəşadətlə iştirak edib.

Parlamentdəki fəaliyyəti barədə xatirəsində yazırdı: "Badkubədən izhar etmişdilər ki, bu məclisin müddəti-əmri bir həftə və yainki 15 gün olacaqdır. Amma mən yoldaşlarıma dedim ki, mənim zənnimcə, bu müsafirət 7-8 ay çəksin. Necə ki, 2 iləcən çəkdi".

Bakıda olduğu iki il ərzində Hacı Mirzə Səlim axund parlament fəaliyyəti ilə kifayətlənmir, gənc respublika quruculuğunun digər sahələrində də fəal iştirak edirdi. Yeni yaradılan Bakı Dövlət Universitetində dərs deyir, İslam dini, Şərq aləmi ilə bağlı bilgiləri tələbələrə həvəslə öyrədirdi.

1920-ci il aprelin 28-də xarici hərbi təcavüz və yerli kommunistlərin qiyamı nəticəsində Azərbaycan Cümhuriyyətinin varlığına son qoyuldu. Sovet hakimiyyətinin repressiya maşınından canını qurtarıb xaricə mühacirət edən sabiq parlament üzvlərinin arasında Hacı Mirzə Səlim də var idi.

O, İrana getməyi qərara aldı. Çünki bu ölkə məsafəcə yaxın idi, əhalisinin az qala yarısını azərbaycanlılar təşkil edirdi. Dini təhsili və tərbiyəsi Səlim Axundzadəni İrana bağlayırdı. Həm də Axundzadə sovet hakimiyyətini müvəqqəti bir hal sayır, tezliklə Vətənə qayıdacağını düşünürdü. Amma illər keçir, Vətən günü-gündən əlçatmaz olurdu.

Hacı Mirzə Səlim İrana gedəndə 1914-cü ildən evli olduğu Münəvvər xanım Teymurbəy qızı Qulubəyli iki qız uşağı ilə Lənkəranda qalmışdı. Hər iki qız uşaq yaşlarında dünyasını dəyişdi. 1924-cü ildə qaynı Məşhədi Ağa bəy bacısını Lerik yolu ilə Ərdəbilə aparıb onları yenidən qovuşdurdu. Amma özü Lənkərana qayıdan kimi həbs olundu və taleyindən heç bir soraq olmadı.

İranda Mirzə Səlimin Münəvvər xanımla İşıq və Zahir adlı iki oğlu dünyaya gəldi. Burada yerli dövlət məktəbində şəriətdən dərs deyirdi. Türkiyədə yaşayan Müsavat liderləri - Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə ilə müntəzəm məktublaşırdılar. Lənkərandakı qohumları vasitəsilə Vətəndən məlumat alırdı. Azərbaycanı bir an belə unutmurdu. "Xatirat"ında Azərbaycan xalqının mütləq yenidən öz dövlət müstəqilliyinə qovuşacağına əminliklə yazıb. Bunu o zaman yazıb ki, üfüqdə istiqlalın əlaməti belə görünmürdü.

Mirzə Səlim Axundzadə Xəzər sahilindəki liman şəhəri Lənkəranda dünyaya göz açmışdı. 1930-cu il dekabr ayının 15-də Xəzərin o biri sahilindəki liman şəhəri Ənzəlidə Vətən həsrəti ilə gözlərini əbədi yumdu.

Mühacirətdə olarkən qələmə aldığı "Xatirat"ı yadigar qalıb. 2016-cı ildə "Azərbaycan torpağına türbət demişəm" adı ilə kitab şəklində çap olunub.

Əlisəfa HƏSƏNOV,

 "Respublika".