Turistlər nəyə görə ən çox Bakıya üz tutur?
Sosial həyat

Turistlər nəyə görə ən çox Bakıya üz tutur?

Turizm ölkə üçün əsas gəlir mənbəyidir. Hazırda işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, ölkəmizin bütün bölgələrində bərpa-quruculuq işləri görülür, yeni mehmanxana, restoranlar, əyləncə məkanları, parklar və s. tikilir.

Qeyd edək ki, cari ilin birinci yarısında, turistlərin 84,2 faizi Bakıda, qalan 15,8 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bu isə onu göstərir ki, turistlər hələ də paytaxtətrafı rayonlarımıza üstünlük vermir. Bunun bir sıra səbəbləri ola bilər. İlk növbədə quru yolları bağlıdır və ölkəyə yalnız təyyarə ilə gəlmək mümkündür. Azərbaycana birbaşa uçuşlar hələ ki, Bakı, Gəncə və Naxçıvan üzərindəndir. Turistlərin çoxu uzunmüddətli gəlmədikləri üçün yalnız  Bakıya səyahət etməklə kifayətlənirlər. Paytaxtın istər qədim və ya yeni memarlıq abidələri, istər görməli məkanlarının çoxluğu, istərsə də nəqliyyat cəhətdən daha əlçatan olması onu digər bölgələrdən fərqləndirir. Bundan başqa, tədbir və festivalların, yarışların paytaxt Bakıda baş tutması onu digər şəhər və rayonlarımızdan daha da cəlbedici edir. İnsanlar teveviziyada, sosial şəbəkələrdə daha çox Bakının gözəlliklərinə şahid olur, məhz buna görə də Azərbaycanın adı çəkiləndə ilk ağla Bakı gəlir. Digər bir məqam isə Bakının dənizə yaxın olmasıdır. Buna görə də turistlərin daha çox diqqətini çəkir. Səyahət blogerləri bildirir ki, turistlər  getdikləri ölkələrdə ilk növbədə təhlükəsizlik məsələsinə fikir verirlər: "Turistlər Bakıya üz tuturlar, çünki təhlükəsiz şəhərdir. Əslində rayonlarımız da elədir. Amma rayonlara üz tutmamalarının əsas səbəblərindən biri də odur ki, orada turistik yerlər və kirayə verilən evlər şəxsi mülklərdir.

Bundan başqa insanlar hər hansısa bir yerə səyahət edəndə ordan öz sosial şəbəkələri, paylaşmaq üçün kontent çıxarmaq istəyirlər. Fərqi yoxdur ki, bu şəxs məşhurdur, yoxsa sadə vətəndaş. Ona görə də fərqli yerlərə getmək, istirahət etmək istəyirlər. Bakıda isə kontent çıxaracaq çox şey var. Ona görə də paytaxt daha çox üstün tutulur. Əyləncə məkanları da Bakıda daha çoxdur. Rayonlarda isə bunu düzgün formada təqdimat, reklam etmirlər".

Səyahət blogeri Tural Namazov vurğulayıb ki, insanlar səyahət etməzdən öncə fərqli tətbiqlərdən istifadə edib maraqlı yerlər tapırlar. Onlar əsasən Airbnb, Booking.com, Agoda kimi proqramlara üz tuturlar. Burada siz rahatlıqla gedəcəyiniz ölkədə kirayə qalmaq üçün istirahət evlərini, otelləri tapa, getməzdən öncə rezervasiya edib, yerindəcə və ya daha öncədən ödəniş edə bilərsiniz. Həmçinin fikrinizdən daşınsanız öncədən bron etdiyiniz otağı ləğv etməkdə mümkündür.  "Səyahət edən zaman "Airbnb"dən istifadə edirik. Baxırıq ki, fərqli hansı yerlər var. Təəssüf ki, rayonlarımızda mövcud olan kirayə ev və otellərin heç biri bu tətbiqlərdə yoxdur. Ona görə də mövcud olan fərqli tikililərdən turistlərin xəbəri olmur və ora getmirlər. Bundan əlavə, səyahət etmək üçün insanlar səyahət blogerlərini izləyir. Təəssüf ki, bizim turistik yerləri tanıtmaq üçün heç bir xarici bloger dəvət edilmir. Misal üçün, biz əvvəl İordaniyaya getmişdik. Daha sonra isə İordaniya ümumi blogerləri dəvət edib, həmin yerləri reklam etdirdi. Bununla da oranın turizmi  daha da artdı", - deyə Tural Namazov bildirib.

Bir insanın başqa bir ölkəyə səyahət etməsi üçün bir neçə səbəb olur. Bunlardan biri də pərəstişkarı olduğu  idman yarışını və festivalı izləməkdir. Təkcə Formula 1 yarışlarında ölkəmizə minlərlə xarici vətəndaş gəlib. 2018-ci ildə bu yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə, 2023-cü ildə bu rəqəm 100-ü ötüb. Həmçinin yarışın ölkəmizdə keçirildiyi ildən bu yana gələn əcnəbilərin sayı 30 faizdən çox artıb. Bundan başqa, paytaxtımız "Bakı-2015" Avropa oyunları, 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2016-cı ildə şahmat üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə evsahibliyi edib. Azərbaycan Respublikasının Turizm Agentliyi qeyd edir ki, beynəlxalq yarışların ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın tanıdılması və müsbət imicin formalaşdırılması baxımından turizmə öz töhfəsini verir. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi turizmin inkişafına müəyyən dərəcədə uzunmüddətli təsir imkanlarına malikdir. Əlbəttə, yarışların və beynəlxalq tədbirlərin keçirilməsi müəyyən müddətdə ölkəyə gələn ziyarətçilərin sayına təsir edərək turistik aktivliyə səbəb olur. İrimiqyaslı beynəlxalq yarışlar həm də iqtisadi baxımdan öz töhfəsini verir, iqtisadiyyatın turizmlə bağlı müxtəlif sahələrində  canlanma yaranır, həmçinin Azərbaycanda turizm sənayesi ilə işləyən kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. Beynəlxalq yarışlarda ölkəmizə həm də xarici media nümayəndələri də gəlir ki, bu da ölkənin və paytaxt Bakının tanıdılması üçün əlverişli imkandır.

Bu cür tədbirlərin keçirilməsi üçün əsas şərtlər təhlükəsizlik, infrastruktur, təşkilati, texniki bazanın və praktikanın mövcudluğudur ki, bunların hamısı ölkəmizdə mövcuddur. Azərbaycan böyükmiqyaslı yarışlara ev sahibliyi etmək iqtidarındadır.

Töhfə SƏMƏDOVA,

"Respublika".