Əzəli yurdumuzda el şənlikləri
Sosial həyat

Əzəli yurdumuzda el şənlikləri

"Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb". Bu sözləri avqustun 26-da Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində deyib.

Ölkə başçımız vurğulayıb ki, Şuşa və Laçının işğalı bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Belə ki, Laçının strateji mövqedə yerləşməsi işğal altına düşdükdən sonra Azərbaycan üçün ciddi fəsadlar törədib. Bununla da Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılıb.  Ümumilikdə isə may ayı ölkəmiz üçün çətin dönəmlərdən biri olub. Belə ki, ilk olaraq mayın 8-də Türk dünyasının mədəniyyət paytaxtı Şuşa, daha sonra isə həmin ayın 18-də narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, mərmər, ipək daşı və s. faydalı qazıntılarla zəngin olan Laçın işğal altına düşüb. Nəhayət, doğma torpaqlarımız artıq öz sahiblərinə qovuşub. İstər Şuşada, istərsə də Laçında yenidənqurma və bərpa işləri sürətlə davam edir. Bu barədə çıxışı zamanı ölkə başçımız da məlumat verib: "Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi".

Cəmi bir neçə ay ərzində təkcə Laçın şəhərində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Mənzil sayı isə 144 olub. İşğal olduğu vaxtdan 28 il sonra elə həmin ayda doğma Laçın öz vətəndaşlarına qovuşub. Mayın sonuna yaxın 20 ailə öz dədə-baba yurdlarına yerləşdirilib. Bu günə qədər minə yaxın ailə burada məskunlaşıb, ilin sonuna qədər əlavə 900 nəfərin buraya köçürülməsi nəzərdə tutulub. Artıq Laçında Azərbaycanın müxtəlif yerlərindən, xarici ölkələri təmsil edən diplomatları, qonaqları qəbul edirik.

Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın döyünən ürəyi Şuşada isə artıq 2 ildir ki, festivallar, tədbirlər və konfranslar keçirilir. Əlbəttə, bunun strateji və siyasi baxımdan böyük əhəmiyyəti var. Dünya mediasının da maraq dairəsində olan Şuşa gündən-günə gözəlləşir və sürətlə dirçəlir. Prezident İlham Əliyevin ürəklərə toxunan, hər kəsi göz yaşlarına boğan, dilindən su kimi axan sözləri bu gün artıq təsdiqini tapır:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!"

Ölkə başçımızın da söz verdiyi kimi, Şuşa bu gün dirçəlməyə davam edir. Şuşada strateji əhəmiyyət daşıyan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, ADA Universitetinin təşkilatçılığı ilə baş tutmuş konfrans və sair tədbirlərin keçirilməsi gələcək illərdə də şəhərin region və ətraf ölkələr arasında xüsusi əhəmiyyət daşıyacağının göstəricisidir.

Bu günə qədər Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada məscid, muzeylər, otel və Yaradıcılıq Mərkəzi kimi yerlərin, bir sıra küçələrin, qeyri-yaşayış və yaşayış tikililərinin, Mehmandarovların malikanə kompleksinin, həmçinin Atatürk, Heydər Əliyev və 8 Noyabr küçələrinin, Milli Xalça Muzeyinin, Otel-Konqres Mərkəzi Kompleksinin, Saatlı və Yuxarı Gövhər Ağa məscidlərinin  açılışı olub.

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən Yaradıcılıq Mərkəzi ilkin vəziyyətinə qaytarılıb. Yubiley münasibətilə mərkəzdə "Heydər Əliyev və Qarabağ" sərgisi keçirilib. Sərgidə ulu öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar, həmçinin ulu öndərin Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb. Şübhəsiz ki, Qarabağ və onun döyünən ürəyi Şuşa tez bir zamanda dirçələcək və ayağa qalxacaq.

Qeyd edək ki, növbəti aylarda sıra ilə "şəhər günləri" keçiriləcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".