Deputat:
Gündəm

Deputat: "İnanırıq ki, ermənilər Azərbaycan torpaqlarını tərk edəcəklər"

“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib.

“Respublika”ya açıqlamasında deputat Naqif Həmzəyev bildirib ki, heç kəsə sirr deyil ki, üçtərəfli bəyanatda Laçın yolu ilə əlaqədar xüsusi müddəa var və məhz Laçın yoluna alternativ yol Azərbaycan tərəfindən istifadəyə verildikdən sonra Laçın şəhəri tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və orada da quruculuq, abadlıq işləri başladı: “Bundan öncə isə Laçın yolu vasitəsilə dəfələrlə erməni separatçıları tərəfindən silah-sursatın daşınmasına dair məlumatlar və faktlar var idi. Bu səbəbdən də bilirsiniz ki, bu prosesi durdurmaq və ona nəzarət etmək üçün yeganə vasitə bu yol üzərində nəzarət, keçid məntəqəsinin qurulması idi. Çünki bu missiyanı rus sülhməramlıları həyata keçirmirdi, onların mandatında belə bir xidmət yox idi. Bu səbəbdən də mülki və humanitar məqsədlərlə bu ad altında əslində separatçılar silah, sursat və Azərbaycana qarşı hərbi cinayətlər törətmiş insanların bu yoldan istifadəsini həyata keçirirdilər. Ancaq Laçın buraxılış məntəqəsi qurulduqdan sonra faktiki olaraq bu prosesin qarşısı qismən alındı və demək olar ki, bu yol yalnız humanitar məqsədlər üçün istifadə edilir”.

Millət vəkili həmçinin qeyd edib ki, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə erməni rəsmiləri bildirib: “Laçın yolu üzərində keçid məntəqəsinin quraşdırılması Azərbaycanın suveren hüququ idi. Azərbaycan vətəndaşları və ölkə ərazisindəki istənilən proseslərə nəzarət etmək üçün dövlətimiz tərəfindən bu nəzarət-keçid məntəqəsinin qurulması legitim idi. Bunu da Azərbaycan tərəfi həyata keçirdi. Hal hazırda bildiyiniz kimi, bu yol vasitəsilə humanitar məqsədlərlə erməni sakinlər rahatlıqla hərəkət edə bilirlər. Onlar sərhəd qoşunları tərəfindən və gömrük xidməti tərəfindən yoxlanılır. Hansısa qanunsuz fəaliyyət, qanunsuz əşyalar olduqda onlara xəbərdarlıq edilir və hərəkətlərinə heç bir maneə törədilmir. Çox təəssüflər olsun ki, ermənilər dezinformasiya olaraq sanki Xankəndi və onun ətrafında yaşayan erməni sakinlərinin blokadaya alınması fikrini formalaşdırmaq istədilər. Azərbaycana qarşı çox böyük təzyiq hiss olunurdu. Artıq mərhələli şəkildə bu təzyiq dəf edildi və beynəlxalq təşkilatlar, dünya dövlətləri də tam olaraq Azərbaycanın doğru və hüquqi addım atdığını qəbul edirlər. Hətta Ermənistanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə xüsusi iclasın keçirilməsinə nail olsalar da, burada belə onlar öz gözləntilərinə çatmadı. Çünki beynəlxalq təşkilatlar, dövlətlər ermənilərin haqsız iradlarını qəbul etmədilər. Yəni Azərbaycana qarşı heç bir sənəd, hansısa bir tövsiyə xarakterli olsa da bəyanat qəbul edilmədi. Bir sözlə, Azərbaycanın Laçın yolu üzərində nəzarət-keçid məntəqəsinin quraşdırılması Azərbaycanın tam suveren haqqı idi. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq istəyir, Azərbaycan separatçıların güclənməsini və onlara silah-sursat daşınmasını istəmir. Eyni zamanda dövlətimiz azərbaycanlılara qarşı hərbi cinayət törətmiş şəxslərin də tutularaq qanun qarşısında cavab verməsinin reallaşması üçün bu missiyanı yerinə yetirib. Biz inanırıq ki, ən qısa zamanda Ermənistanla sülh anlaşması imzalanacaq və erməni sakinləri də Azərbaycan torpaqlarını tərk edəcəklər və ümumiyyətlə, biz bu problemləri artıq müzakirə etməyəcəyik”.

Röya RÜSTƏMLİ,

“Respublika”.