Baş prokuror Gəncə şəhərində vətəndaşlarla görüşüb
Gündəm

Baş prokuror Gəncə şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, oktyabrın 10-da Baş prokuror Kamran Əliyev Gəncə Şəhər Prokurorluğunun inzibati binasında Gəncə şəhər və digər bölgələrdən olan vətəndaşlarla görüşüb.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra Baş prokuror Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə gedərək şəhid olan mülki şəxslərin xatirəsini yad edib.

Qəbulda iştirak edən 74 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

“Respublika”.