MƏKTƏBLİ ŞAHMATÇININ UĞURLARI
Region

MƏKTƏBLİ ŞAHMATÇININ UĞURLARI

Nərmin Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. Yaşıdları arasında istedadlı şahmatçı kimi tanınır. Bu günlərdə Nərmin Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turnirində birinci yerə layiq görülüb.

Mötəbər turnirdə ölkəmizi Azərbaycan çempionu, yeniyetmələr arasında keçirilən olimpiadada öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil ediblər.

Nərmin Abdinova indiyə kimi bir sıra uğurlara imza atıb. Dəfələrlə ölkə birincisi, keçən il 14 yaşadək qızlar arasında Avropa çempionatının birincisi, bu il dünya çempionatının beşincisi olub. Moskva şəhərində MDB ölkələri arasında Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal qazanıb. Bu ilin oktyabr ayında isə istedadlı yeniyetmə şahmatçı “Azərbaycan-1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasında qızıl medala layiq görülüb.

Əlisəfa HƏSƏNOV,

                                                                           “Respublika”.