Tarla seminarı
Bölgələr

Tarla seminarı

Tərtər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər" mövzusunda tarla seminarı keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin "Bitkiçiliyin təşkili və monitorinqi" şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, DAİM-in, Tərtər Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Seminarda qeyd edilib ki, dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Tərtər rayonunda taxılçılıq sahəsində əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən söz açılıb.

Kənd Təsərrüfatı Nazirliyinin "Bitkiçiliyin təşkili və monitorinqi" şöbəsinin müdiri İmran Cümşüdov "Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edərək, seminar iştirakçılarına geniş məlumat verib.

Seminar iştirakçıları bölgə təcrübə stansiyasının əkin sahəsində nümayiş etdirilən buğda sortlarına baxış keçiriblər.

Vəli VƏLİYEV,

"Respublika".