Yeni missiya: milli ideya haqqında düşüncələr
Siyasət

Yeni missiya: milli ideya haqqında düşüncələr

Müharibə bitdi, həm də şanlı Zəfərlə. Mübaliğəsiz demək olar ki, bu tarixi Zəfərin bir müəllifi var - gücü və birliyi simvolizə edən dəmir yumruq. Dəmir yumruğun isə memarı Azərbaycanın mövcud və gələcək inkişaf yolunu uzaqgörənliklə müəyyənləşdirən Heydər Əliyevin layiqli davamçısı, xalqımızın milli-mənəvi dəyərlərini, tarixi yaddaşını bütün varlığı ilə öz ruhunda yaşadan, böyük strateq, rasional-leqal lider İlham Əliyevdir.

Alman sosioloqu M.Veber "Siyasət peşə kimi" əsərində siyasət, milli dövlət, dövlət məmuru anlayışlarına və peşəkar siyasətçi kimdir suallarına cavab axtarmağa çalışmışdır. O, həm peşəkar siyasətçi dedikdə nə başa düşülür sualını qoyur, həm də bu şəxslərin əsas xarakteristikasını açıqlayır. Qeyd edir ki, hər bir peşəkar siyasətçi üçün vacib olan əsas 3 şərtdir: fəalliyyət ehtirası (buna pasionarlıq da demək olar); kənardan baxaraq qərarvermə bacarığı; məsuliyyət hissinin olması.

O, həm də liderləri, ənənəvi, xarizmatik və rasional-leqal olaraq üç qismə bölür. Rasional (məntiqlə, qanunla) idarəçilik tipində bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur. M.Veberə görə, bu idarəetmə sistemi ən davamlı, möhkəm və effektiv idarəetmə üsulu olmaqla, əsasən böyük cəmiyyətlər üçün səmərəlidir. Verilmiş qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. Rasional-leqal lider tipi bütün dövrlər üçün ən ideal lider tipidir. Rasional-leqal idarəçilik zamanı cəmiyyətin üzvləri hüquqların dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. Elə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində özünün real təcəssümünü tapan dəmir yumruğun fəlsəfəsində də liderə, onun rasional keyfiyyətinə inam dururdu. Bəli, dəmir yumruq bir gün, bir ay, bir il ərzində ərsəyə gəlməmişdi. Birinci Qarabağ müharibəsində daxili qeyri sosial-siyasi sabitlik və hakimiyyət uğrunda irrasional savaşı nəticəsində tarixi ibrət dərsi çıxarmalı olduğumuz acı məğlubiyyətin yaratdığı kütləvi melanxoliyadan xalqı çıxarmaq, milli həmrəyliyə nail olmaq. Sonra ölkənin hərbi immunitetini gücləndirməyə təkan verən iqtisadi əsasları yaratmaq, dövlətin beynəlxalq nüfuzunu qlobal ictimai rəyə təsiretmə səviyyəsinə qaldırmaq kimi tarixi misiyanı həyata keçirmək lazım idi. Bu missiyanı səbirlə, təmkinlə, addım-addım həyata keçirən böyük tarixi şəxsiyyət Heydər Əliyev son nəfəsinədək çalışdı və yarımçıq qalmış arzularını, tarixi missiyanı davam etdirməyi əminliklə, müdrikliklə İlham Əliyevə həvalə etdi.

Bu tarixi hadisələr həm siyasi metodologiya, həm də xronoloji kontent baxımından epoxal xarakter daşıyır. İlk mərhələdə yenicə müstəqillik qazanıb kövrək addımlarla irəliləyən respublikamızın müstəqilliyini qəbul etməyən dövlətlər daxili qarışıqlıq yaradaraq xalqımızı vətəndaş müharibəsinə sürükləmiş, digər tərəfdən ölkəmizin ərazi bütövlüyü, suverenliyinə erməni separatizmi ilə qəsd edilmişdi. Təbii ki, siyasi, dövlət idarəetmə təcrübəsinə malik olmayan o zamankı hakimiyyət ağır tarixi və geosiyasi şəraitdə müstəqilliyi və suverenliyi qoruyub saxlamaq gücündə deyildi. Ancaq onların ən böyük tarixi addımı böyük dövlətçilik təcrübəsinə malik, dünya siyasətinə bələd olan, xüsusilə də həmin dövrün çağırışına cavab verən xarizmatik siyasi lider Heydər Əliyevi xalqın təkidi ilə hakimiyyətə dəvət etmələri oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan qarşısında ikinci missiya müəyyənləşdi. Bu missiyanın əsaslarını təcrübəli siyasi xadim Heydər Əliyev yaratdı və missiyanı rasional-leqal lider keyfiyyətini özündə ehtiva edən İlham Əliyevə ötürdü. Bəli, zəfərlə başa çatan müharibə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ancaq ölkə Prezidentinin təbirincə desək, "… bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır…"

Bununla da ölkə qarşısında növbəti vəzifə durmalıdır. Həm də bu qaçılmaz, taleyüklü bir missiya kimi hamımızı düşündürməlidir.

Bununla bağlı ölkə başçımız İlham Əliyev yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində açıq mətnlə elmi ictimaiyyətin nümayəndələrinə, sahə mütəxəssislərinə xitab edərək bildirdi: "Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır…".

Nəzərə alsaq ki, bu gün bəşəri meyil qeyri-müəyyəndir, ideologiyasızlaşdırılmış və yaxud ideologiya böhranı yaşayan dünya iki qütb arasında qalıb Sovet İttifaqının fiaskosu ilə əslində təkcə ikiqütblü dünya reallığı aradan qalxmadı, həm də dünya evi qarşısında bir sual yarandı: "Bəs sonra? İndi yolumuz haradır?". Qeyd edək ki, bununla bağlı çoxlu polemikalar başladı. Sovetlər İttifaqının fiaskosunu, liberal demokratiyanın geridönüşü olmayan qələbəsi kimi sadəlövhlüklə tarixin sonu kimi dəyərləndirməyə çalışan düşüncə adamları da tapıldı. Amma çox keçmədi ki, ABŞ başda olmaqla Qərb cəbhəsində də fövqəldövlətçilik davranış modeli əsl anaxronizm elementi kimi qıcıq yaratmağa başladı, demokratiya və liberal dəyərlərin sadəcə instrument olduğu faktını ortaya qoydu, ABŞ-ın və Qərbin "xeyirxah hegemoniyası" antiamerikanizmin, antiqərbçiliyin güclənməsinə səbəb oldu.

Baxmayaraq ki, uzun illər Qərbdə düşüncə adamları (əvvəlcə A.Toynbi "Sivilizasiya mühakimə olunur" əsəri, daha sonralar F.Fukuyama "Tarixin sonu, sonuncu insan" əsəri belə bir ideyanı durmadan təlqin edirdilər ki, dünya tarixinin mərkəzində daima Qərb dayanmışdır, bu gün də, sabah da Qərb dayanacaq. Ancaq günümüzdə də baş verən geosiyasi hadisələr onu deməyə əsas verdi ki, neoimperializm, neokolonializm və onun müasir formaları üçün ekzotik ideyalar və idealogiyalar sadəcə bir alətdir. Belə bir şəraitdə sanki dövlətlər var olmaq uğrunda çaba göstərirlər.

Azərbaycanın yaratdığı mövcud reallıqdan irəli gələn yeni milli ideyanın konturları rasional-leqal lider, böyük strateq İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş və yol xəritəsi hazırlanmışdır. Bu, son illər qəbul olunmuş milli prioritetlərlə bağlı strateji yol xəritələrində, Dövlət proqramlarında, institusional islahatlarla bağlı Prezident sərəncam və fərmanlarında, dövlətin xarici siyasət vektorlarında, dövlət başçımızın proqram xarakterli çıxışlarında aydın şəkildə özünü göstərir. Müstəqillik bərpa edildikdən sonra güclü dövlət milli ideyamızın əsas istiqaməti qalib dövlət isə növbəti milli ideya istiqaməti və yeni missiya oldu.

Postmüharibə dövrü Azərbaycanda sosial dövlət sosial rifah dövləti quruculuğu bir sosial sifariş olmaqla yanaşı, milli ideyamızın əsas prioriteti kimi böyük strateq İlham Əliyevin fəaliyyət hədəflərindən biridir. Müzəffər xalq postmüharibə dövründə ancaq sosial rifah dövlətinə xas bir inkişaf yoluna layiqdir ki, bu yolun özülü artıq qoyulmuşdur.

Ancaq bu tendesiya davamlı və ardıcıl olmalıdır ki, prinsipcə qurulmaqda olan sosial dövlət bunun öhdəsindən gələ bilsin. Sosial dövlətin sabitliyi, dayanıqlılığı müasirlik, güclülük və qanunun aliliyini ehtiva edən hüquqi prinsip şərtləri daxilində mümkündür. Sosial dövlət üçün əsas ədalət anlayışıdır ki, ölkə başçımız bunu bütün uğurlarımızın, gücümüzün dəyəri kimi qiymətləndirir. Sosial dövlətin dayanıqlılığı üçün ədalət, bərabər imkanlar və bərabər şanslar, əlçatanlıq tam təmin olunmalı, bərabərsizliyə məmnunluğa nail olunmalı, fərdlər kollektiv şüurla özlərini idarə etməyi bacarmalı, cəmiyyət olaraq bütün neqativlərdən arınmalı, katarsis yaşamalı, sosial nəzarət, ictimai qınaq fəal olmalıdır. Xalqın ehtiyaclarını qarşılaya bilən peşəkar dövlət adamlarının olması və davamlı hazırlanmasından çox şey asılıdır. İdarəetmə, siyasət peşəkarlar tərəfindən həyata keçirilməlidir. Artıq Azərbaycanda hakimiyyətin, dövlət başçısının, liderin İlham Əliyev meyarı yaranmışdır.

Nəyi, nə zaman, necə etməyi gözəl bilən Prezident İlham Əliyev strateji düşünür və gələcəyin yol xəritəsini zərgər dəqiqliyi ilə proqnozlaşdırır, layihələndirir.

Dövlətimizin başçısı elə bir şanlı tarixə imza atmışdır ki, xalqımızı onilliklər, yüzilliklər boyu onun əbədiyaşarlığını təmin etməlidir. Çünki Azərbaycan tarix boyu permanent keçidlərə məruz qalmış, toplum olaraq Sizif əməyi yaşamışdır. Azərbaycanın gələcəyi proqnozlaşdırılmalıdır. Düşünürəm ki, bu missiyanı da həyata keçirmək liderliyin rasional-leqal keyfiyyətlərini özündə ehtiva edən İlham Əliyevə nəsib olacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilən, milli bayrağımızda əbədiləşən Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləşmək kimi irəli sürdüyü milli ideya istiqamətləri Cümhuriyyətin tarixi-hüquqi və mənəvi varisi olan bugünkü Azərbaycanın da əsas milli ideya istiqamətlərindən biridir. 44 günlük zəfərin fəlsəfəsində bu üç istiqamət üzrə əldə etdiyimiz uğurlar öz əksini tapdı.

Bu gün məhz Azərbaycanın təşəbbüsü ilə yaradılan, təqribən beş milyon kvadratkilometrlik, yüz əlli milyon nəfərlik insan kapitalına malik Türk Dövlətləri Təşkilatı geosiyasi məkanda real təsir aktoruna çevrilir. Bu, həm də Azərbaycanın daxil olduğu türk coğrafiyasının təhlükəsizlik çətiri anlamına gəlir. Əlbəttə, sivilizasiyaların toqquşması şəraitində belə bir təhlükəsizlik qalxanının olması həyati məna kəsb edir.

Digər istiqamət olan islamlaşmaq islam dininin fəlsəfəsindən, onun sosial mahiyyətindən irəli gələn mənəvi-əxlaqi dəyərlər, norma və qaydaları dərk etmək , inam və etiqadı bu əsaslar üzərində qurmağı nəzərdə tutmaqla yanaşı, İslam coğrafiyasının konsolidasiyasının əlavə immunitet yaratmasını hədəfləyir.

Üçüncü istiqamət müasirləşməkdir ki, bu da yeniliyə, sosial, iqtisadi, mədəni, texnoloji tərəqqiyyə çağırışları təşviq edir. Daim yenilənmə, inkişaf, yeni hədəflər yalnız toplumu, dövləti qüdrətli edə bilər. Ölkə başçımız tam haqlı olaraq bəyan edir ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Pasionar lider xalqı daim dinamik və pasionar görmək üçün səfərbər edir, cəmiyyət və dövlət qarşısında yeni hədəflər, yol xəritələri, yeni missiya və milli ideya istiqamətləri müəyyənləşdirir. Bu gün geosiyasi maraqlar şəraitində, neoimperializm, neokolonializm dalğaları gerçəkliyində ölkəsini bu qovğalardan kənarda tutmağı bacaran, dünyaya humanist dəyərlər ixrac edən, filantrop mesajlar ötürən, coğrafi və əhali resursları baxımından heç də böyük olmayan Azərbaycanı sülh, barış, əməkdaşlıq, konstruktiv dialoq, bəşəriyyətin taleyüklü məsələlərinin müzakirə olunduğu məkana çevirən Prezident İlham Əliyev tarixi zəfərlərə imza ataraq dünya siyasi liderlərinin qibtə obyektidir. Artıq dünya Azərbaycan möcüzəsi haqqında danışır, beləliklə də böyük tarixi şəxsiyyət Heydər Əliyevin proqnozlaşdırdığı kimi "…Azərbaycan dünyaya günəş kimi doğacaq" gerçəkliyi öz həyati təsdiqini tapır.

Yeni missiya və milli ideyadan danışarkən qeyd etməliyik ki, xalqımızın qarşısında daha bir missiya vardır. Bu, Böyük Qayıdışa tam nail olmaq, eyni zamanda əzəli, tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycana qayıdışa müvəffəq olmaq, Azərbaycanın qərb rayonları ilə Naxçıvanın qeyd-şərtsiz əlaqəsini təmin etməkdən ibarətdir. Sevindirici haldır ki, bu istiqamətdə xeyli işlər artıq həyata keçirilib və öz uğurlu sonluğunu gözləyir.

Üzeyir ŞƏFİYEV,

BDU-nun sosial iş kafedrasının

müdiri, sosioloq.