Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
Region

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

Avqustun 26-da Baş prokuror Kamran Əliyev Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul və digər rayonların sakinlərini qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 27 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Hacıqabul Rayon Prokurorluğuna gedib, əməkdaşlarla görüş keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

AZƏRTAC