Baş nazir Əli Əsədov
Siyasət

Baş nazir Əli Əsədov "SpaceX" şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın "Space Exploration Technologies Corporation" ("SpaceX") şirkətinin prezidenti baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda "Starlink" internet xidmətlərinin göstərilməsi ilə bağlı "SpaceX" şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.

Bakı şəhərinin bu ilin oktyabr ayında keçiriləcək 74- Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə "SpaceX" şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.