Cənubi Qafqaz uğrunda mübarizə gərginləşir
Siyasət

Cənubi Qafqaz uğrunda mübarizə gərginləşir

Ötən ay Azərbaycanla ABŞ arasında münasibətlərin gərginləşməsinin pik dövrü yaşanıb. 907-ci düzəlişin dayandırılmasının ləğv edilməsi və Amerikanın transmilli şirkəti olan USAID-ın Qarabağdan köçən erməni sakinlərinə 4 milyard dollar maliyyə yardımı ayırması narazılığa səbəb olub. Lakin bu da məsələnin əsl mahiyyəti deyil. ABŞ-ın illərdir Rusiyaya olan ədavəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə birləşərək regionda fərqli ab-havanın formalaşmasına səbəb olub.

Noyabrın 15-də ABŞ-ın Azərbaycana birbaşa yardımına qadağa qoyan 907-ci düzəlişin dayandırılmasının ləğvi senat tərəfindən qəbul edilib. Dinləmələr zamanı müdafiə xərclərinin artması ilə əlaqədar olaraq 907-ci düzəliş məsələsi ortaya atılıb. Sual olunur: ABŞ Ukrayna və İsrailə maliyyə yardımı ayıran zaman öz müdafiə xərclərinə baxmır. Amma Azərbaycanla münasibətdə eyni addım atılmır. Səbəb nədir? Bəlkə ABŞ həqiqətən də müdafiə xərcləri artdığı üçün Azərbaycana yardımı lazımsız hesab edir. Bu fikri həqiqət olaraq qəbul etsək görərik ki, Azərbaycanın Amerikanın yardımına ehtiyacı yoxdur. Məsələn, 2019-cu ildə ABŞ ölkəmizə 40 milyon dollar hərbi yardım ayırıb. Azərbaycanın isə həmin il müdafiə xərcləri 1,8 milyard dollar təşkil edib ki, bu da həmin yardımdan 45 dəfə çoxdur. Yəni bu fikir həqiqəti əks etdirmir.

İkinci və ən vacib məsələ isə erməni lobbisidir. ABŞ-ın Azərbaycana qarşı münasibətinin ötən ay dəyişdiyi düşünülsə də, əslində məsələnin kökü sentyabra gedib çıxır. Belə ki, sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri və onun ölkəmiz üçün uğurlu nəticəsi erməni lobbisini bərk qəzəbləndirib. Həmin vaxtdan etibarən ABŞ konqresində kütləvi təxribatlara əl atılması və namizədlərin lobbi maraqlarına xidmət edən çıxışları buna bariz nümunədir. Lakin hazırkı situasiyada ermənilərin "907-ci istəyi"nin reallığa çevrilməsi çətindir. Çünki ABŞ konqresi təkcə senatdan ibarət deyil. Bu, ilkin mərhələdir. Senatın qəbulundan sonra məsələ Nümayəndələr Palatasında müzakirəyə çıxarılır. Burada isə erməni lobbisi hələ ki, öz kütləsini yığa bilməyib. Məsələ Nümayəndələr Palatasında qəbul olunsa belə daha sonra onu Senat və Palata ortaq sənəd şəklində ABŞ prezidentinə təqdim etməlidir ki, Co Bayden də Azərbaycanla münasibətləri pisləşdirmək niyyətində deyil.

Rəsmi Vaşinqton Cənubi Qafqazın hər üç ölkəsi ilə əlaqələri genişləndirmək niyyətindədir. ABŞ və Qərb bloku Rusiyanı regiondan uzaqlaşdırmaq, NATO ordularını bölgədə yerləşdirmək məqsədilə Ermənistanı qurban seçir. Cənubi Qafqazın avropalaşdırılması və Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması indi sözügedən dairələr üçün ən vacib məsələdir. Ermənistan isə zəif bənd olaraq bu oyunların qurbanına çevrilməkdədir. Müstəqil xarici siyasətin olmaması rəsmi İrəvanı bütün variantlarda asılı hala salacaq. Azərbaycan isə dəfələrlə qeyd edib ki, Rusiya ilə müttəfiqlik əlaqələri Qərbdən uzaqlaşmaq məqsədi güdmür. Həmin dairələrin ölkəmizə qarşı "səlib yürüşü" aparması faktiki olaraq Azərbaycanı demokratiya olmayan dövlət kimi təqdim etmək siyasətindən irəli gəlir.

USAID-ın Qarabağdan köçən erməni sakinlərə 4 milyard yardım ayırması isə tamamilə səhv siyasi gedişdir ki, Amerika illərdir bu səhvini təkrarlayır. Qarabağdan zorla məcburi köçkünə çevirən 1 milyon azərbaycanlıya 30 il ərzində maddi yardım ayrılmaması ikiüzlülüyün göstəricisidir. İkinci Qarabağ müharibəsində işğaldan azad olunan ərazilərdən USAID-ə aid izlərin tapılması onun separatçı rejimə dəstək verməsini sübut edir. Azərbaycanda isə agentura şəbəkəsi kimi tanınan bu qurum ölkəni daxildən parçalamağa xidmət edir. Göründüyü kimi, Cənubi Qafqazın iki ölkəsində yaradılan fərqli vəziyyət ABŞ-ı bir addım arxaya atdı.

Rusiya ilə Ermənistan arasında gərginliyin yaradılması isə Qərbin planıdır. "102-ci baza" məsələsinin gündəmə gəlməsi də Rusiyanın Ermənistandan tamamilə çıxarılmasına yönəlib. Sonrakı mərhələdə NATO-nun regiona daxil olmasıdır. Bu isə Rusiya üçün fəlakət deməkdir. Sovet imperiyası dövründə başlayan soyuq müharibənin XXI əsrdə daha da qızışması fonunda Cənubi Qafqaz həlledici ola bilər. Əgər Qərb istəyinə nail olub Cənubi Qafqazda möhkəmlənsə, faktiki olmasa da, Rusiya demək olar ki, müharibəni uduzacaq. Ukrayna məsələsində Moskva üçün hər hansı bir uğurlu nəticənin önəmi qalmayacaq. Yox əgər, Rusiya Qərbin bütün hücumlarını dəf edib zəif bənd olan Ermənistanı müstəqil siyasət yürütməyə təşviq etsə, o zaman kartlar yenidən paylanacaq. Bu baxımdan, Cənubi Qafqaz soyuq müharibənin açarı hesab oluna bilər.

Tacir SADIQOV,

"Respublika".