“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də müstəmləkəçiliklə bağlı konfrans keçirilib
Gündəm

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də müstəmləkəçiliklə bağlı konfrans keçirilib

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində BMT-nin qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində "Dekolonizasiya: Sakit inqilab" adlı konfrans keçirilib.

Konfrans Qoşulmama Hərəkatının bu il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində təşkil edilmiş tədbirin nəticəsi olaraq yaradılmış “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edilib.

Qeyd edək ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı yan tədbir keçirilib. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər.

Bakıda keçirilən tədbirin davamı, eləcə də Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə "Bakı Təşəbbüs Qrupu" tərəfindən dünən BMT-də təşkil edilmiş konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik" adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak ediblər. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.

Daha sonra konfrans iştirakçılarına yeni yaradılan "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib, Qoşulmama Hərəkatının koordinasiya bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında danışılıb, iştirakçılar tərəfindən təmsil etdikləri bölgələrdəki vəziyyətə dair çıxışlar edilib və dekolonizasiya mövzusu ilə bağlı geniş müzakirələr aparılıb. Sonda yekun Bəyanat oxunub və qəbul edilib.

Ülvi QARAYEV,

"Respublika".