Yevlax görüşü Azərbaycanın regionda sülhə və inkişafa maraqlı olduğunu göstərir
Gündəm

Yevlax görüşü Azərbaycanın regionda sülhə və inkişafa maraqlı olduğunu göstərir

Azərbaycan 24 saatdan qısa müddətdə keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bütün ərazilərini tam nəzarətə götürəcək və bununla da Cənubi Qafqazda sülhü təmin etməklə xalqların birgəyaşayışında əsas vasitəçi rol oynayacaq. Dünən keçirilən Yevlax görüşü də bunu təsdiq etdi. Lakin separatçı ünsürlərin bir qismi hələ də dirənməyə davam edir. Bu hallar isə Azərbaycanın Cənubi Qafqaz regionu üçün ən ali məqsədi olan sülh məsələsini ləngitməyə yönəlmiş cəhddir. Buna baxmayaraq,  Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan regionda sülhü bərpa etmək uğrunda daima mübarizə aparacaq.

Politoloq Samir Hümbətov bildirir ki, bu gün Azərbaycan nəinki ölkə daxilində, həm də Cənubi Qafqazda ən etibarlı təhlükəsizlik təminatçısıdır: "Cənubi Qafqazda böyük maraqlar toqquşur. Bəzi nəhəng güclərin Cənubi Qafqaz ilə bağlı fərqli planları və məqsədləri var. Amma ən önəmli məsələ odur ki, bölgə dövlətləri, yəni Cənubi Qafqazın üç dövləti - Ermənistan, Azərbaycan və Gürcüstan bu məsələdə birlik nümayiş etdirməli, beynəlxalq maraqların regiona hər hansı bir zərər verməsinə icazə verməməlidir. Amma çox təəssüflə qeyd etmək istəyirəm ki, 30 il ərzində biz Ermənistandan bu mövqeni görmədik. Əksinə, Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla bu prosesi ləngitdi. Həmçinin Ermənistan müəyyən güclərin, dövlətlərin maraqlarına xidmət etdi. Amma 2020-ci ilin 27 sentyabrında artıq Azərbaycan formalaşdırdığı güclü ordu ilə işğala son qoydu və sülh prosesinin ilk təməllərini atdı.

Keçirdiyi lokal xarakterli antiterror tədbirlərlə Qarabağ müharibəsindən fərqli olaraq region dövləti ilə deyil, öz ərazisi daxilindəki separatçı ünsürlərlə mübarizə aparan Azərbaycan həm region üçün, həm də Avrasiya üçün çox önəmli strateji nöqtədə yerləşən dövlətlərdən biridir. Azərbaycanın güclü ordusu və güclü iqtisadiyyatı var. Bu isə əslində Azərbaycanın Cənubi Qafqazda sülhün əsas təminatçısı funksiyasını yerinə yetirməyə imkan verir. Hesab edirəm ki, ən qısa zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baş tutacaq və bu təminat daha da möhkəmlənəcək. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, öz ərazi bütövlüyünü təmin edib. Amma Cənubi Qafqazda sülhün təmin olunması təkcə müharibə vəziyyətinin bitməsi ilə deyil, eyni zamanda iqtisadi, siyasi əməkdaşlığın dərinləşdirilməsi ilə də reallaşır. Azərbaycan dəfələrlə Ermənistana sülh təklif edib. Lakin Ermənistan rəhbərliyi hələ ki, bu təkliflərə cavab vermir. Ümid edirəm ki, yaxın zamanlarda bu da olacaq və sülh müqaviləsi imzalanacaq. Bundan sonra artıq Cənubi Qafqaz əməkdaşlıq platformasına çevriləcək və bölgəyə sülh gələcək. Azərbaycan da sülhün əsas təminatçısından biri olaraq bu missiyanı layiqli şəkildə yerinə yetirəcək. Məhz dünənki Yevlax görüşünün fonunda Azərbaycan bu prosesdə maraqlı olduğunu bir daha göstərdi".

Tacir SADIQOV,

"Respublika".