Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində 5 məntəqədə səsvermə keçirilib
Diaspora

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində 5 məntəqədə səsvermə keçirilib

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı Baş Konsulluğunda 53 və 54, Qarsdakı Baş Konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun olaraq aparılıb. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda seçici aktivliyi müşahidə olunub. Seçicilərin böyük bir qismi səhər saatlarından başlayaraq seçki məntəqələrinə gəliblər. Konsulluğun əhatə dairəsində daimi yaşayan, müvəqqəti və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşları məntəqələrə gələrək səs veriblər.

Səsvermədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları üçün Baş Konsulluq tərəfindən nəqliyyat dəstəyi də təşkil olunub. İstanbulun Küçükçekmece, Sultanqazi, Bayrampaşa rayonlarından və Bursa vilayətinin Osmanqazi və Nilufer rayonlarından nəqliyyat vasitələri ilə vətəndaşların seçki məntəqəsinə gəlmələri təmin olunub. Konsulluq dairəsində yaşayan vətəndaşlarımız tərəfindən səyyar səsvermə hüququndan istifadə etməklə bağlı daxil olan müraciətlər əsasında məntəqəyə gələ bilməyən seçicilərin səsvermə hüququnu təmin etmək məqsədilə Baş Konsulluq tərəfindən ünvanlara daşınan qutular da göndərilib. ''YAŞAT'' fondunun dəstəyi ilə İstanbulda müalicə alan, Vətən müharibəsinin şəhidi Asəf Ağayevin atası, Ağayev Abid İsrafil oğlu da səsverməsinin təmin edilməsi üçün Baş Konsulluğa müraciət edib. Müraciətə əsasən, Konsulluğumuz tərəfindən Ağayev Abidin yerləşdiyi ünvana səyyar qutu göndərilib və onun səsverməsi təmin olunub.

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri çərçivəsində İstanbulda seçici aktivliyi ilə bağlı açıqlama verən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva bu seçkilərin ötən illərdəki seçkilərdən fərqli olduğunu qeyd edib: "Tarixi seçkilərdir. Ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu dəfə səsvermə prosesi Azərbaycanın bütün ərazilərində keçirilib. Vətənlərindən didərgin düşmüş insanlar Xankəndi, Şuşa, Füzuli və digər işğaldan azad olunmuş torpaqlara qayıdaraq orada açılmış məntəqələrdə səs verirlər. Bu günümüz xeyirli olsun. İnanırıq ki, seçkilər həm burada, həm ölkəmizdə yüksək aktivlik ilə başa çatacaq və bu seçkilərdən sonra Azərbaycanın ulduzu regionda daha da parlaq yanacaq".

İstanbulda Azərbaycanın Prezident seçkiləri üzrə qurulan seçki məntəqələrinə gələn Azərbaycan vətəndaşları əvvəlki illərdən fərqli olaraq seçkilərə daha yüksək əhvali-ruhiyyədə gəliblər. Çünki onlar ilk dəfədir ki, qalib Azərbaycanın qürurlu vətəndaşları olaraq seçkilərdə iştirak ediblər.

''Azərbaycanın şanlı tarixini yaşayaraq Zəfər seçkilərində iştirak etdik. Və işğaldan azad olunan ərazilərimizdə ilk dəfə səsvermə keçirildiyi üçün çox qürurluyuq''. Bu fikri açıqlamasında İstanbulda təhsilini davam etdirən həmyerlimiz doktor Səyaqət Musayeva söyləyib. O deyib: "Bizim üçün bu gün olduqca əlamətdar bir gündür. Azərbaycan uğurlu daxili və xarici siyasəti, yüksək diplomatik fəaliyyəti ilə 44 günlük Vətən müharibəsində qalib ölkə adını qazandı. Bu da Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Qazanılan o böyük Zəfər biz gənclərə qalib olmanın, Qələbənin verdiyi gücün nə qədər əhəmiyyətli olduğunu göstərdi. İnanıram ki, bundan sonra da Azərbaycanın bir çox qələbələrinin şahidi olacağıq. Və ümid edirəm ki, seçicilər Azərbaycana müstəqilliyi, azadlığı, suverenliyi qazandıran namizədi seçərək, Azərbaycan naminə ədalətli seçimlərini edəcəklər''.

''Bugünkü seçki ab-havasından da görünür ki, Konsulluqda qurulan seçki məntəqələrində əsl bayram ovqatı var. Biz işğaldan azad edilən torpaqlarımızın, vətənimizin insanı olaraq, həm də Türkiyədə ilk dəfə qalib Qarabağla prezident seçimi edirik. Azərbaycan vətəndaşı olaraq torpağı işğalda olmayan vətənimizin seçkilərində iştirak etdiyim üçün çox xoşbəxtəm. Qalib xalqın vətəndaşı kimi səsvermə prosesində iştirak etmək mənim üçün böyük fəxrdir''. Bu fikri isə həmyerlimiz uzman doktor Hədi Verdiyev açıqlamasında vurğulayıb. H.Verdiyev deyib ki, çox şadam ki, bir Azərbaycan vətəndaşı kimi İstanbulda səs verdim və əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz konstitusion hüquqlarından istifadə edərək, düzgün seçimini edəcək. Səsvermənin ədalətli, şəffaf və demokratik şəraitdə keçirildiyini vurğulayan həmyerlimiz ölkəmizin gələcəyi naminə qüdrətli Azərbaycanın tərəqqisi və çiçəklənməsi üçün səs verdiyini də bildirib.

Xatırladaq ki, prezident seçkiləri üzrə xarici ölkələrdən ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri çərçivəsində Türkiyə ərazisində səsvermə prosesi yerli vaxtla saat 19.00-da başa çatıb. İlkin hesablamalara görə, İstanbulda qeydiyyatda olan seçicilərin 70%-i prezident seçkilərində səs verib.

Ankarada qeydiyyatda olan seçicilərin isə 74%-i səsvermə hüququndan istifadə edib. Seçkidə iştirak etmək üçün səfirliyə gələn Azərbaycan vətəndaşları, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Şanlı Zəfərdən sonra keçirilən ilk prezident seçkilərində iştirakdan qürur duyduqlarını bildiriblər.

Esmira Yazkan Aslanova,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.