AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"TRT World": Bakıda Türkiyə müdafiə naziri ilə Azərbaycan Prezidenti arasında görüş keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin müdafiə naziri Yaşar Güləri qəbul edib.

Bu barədə "TRT world" xəbər saytı məlumat yayıb. İlham Əliyev və Yaşar Gülər  Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildiriblər. Onlar "Mustafa Kamal Atatürk-2023" adlı Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini yüksək qiymətləndirərək, iki ölkənin hərbçilərinin "yüksək peşəkarlıq və bacarıq" nümayiş etdirdiyini vurğulayıblar. Yaşar Gülər təlimlərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etdiyini bildirib.

"Business Lend": Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı istiqamətində birgə işləyirlər

"Business Lend" xəbər saytı Bakıda Qazaxıstanın Respublika Gününə həsr olunmuş tədbirin keçirilməsi haqqında xəbər yayımlayıb. Bildirilib ki, Qazaxıstanın səfiri Alim Bayel tədbirdə çıxışı zamanı Azərbaycan və Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR və ya Orta Dəhliz) inkişafı istiqamətində birgə işlədiklərini açıqlayıb. O qeyd edib ki, 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların həcmi 85 faiz artıb.

"Son illər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq xeyli intensivləşib. Bu il ticarət dövriyyəsi 60 faiz artıb. Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn turistlərin demək olar ki, yarısını qazaxıstanlılar təşkil edir. Qazaxıstan və Azərbaycan təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətli layihələr həyata keçirirlər", - deyə səfir bildirib.

Alim Bayel qeyd edib ki, bu il Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber optik kabelin çəkilişinə də başlayıb və bu da öz növbəsində, Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin mühüm tərkib hissəsidir.

Bundan əlavə, səfir 2023-cü ildə Qazaxıstanın da Azərbaycan vasitəsilə neft ixracına başladığını vurğulayıb. Bildirib ki, neftin Azərbaycan ərazisindən nəqlinin bir neçə milyon tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya və Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur.

"TASS": Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin dekabrda Moskvada keçirilməsi nəzərdə tutulan görüşü müzakirə edilib

"TASS" media agentliyinin xəbər saytı Rusiya və Azərbaycan xarici işlər nazirlərinin telefon danışığı barədə xəbər yayımlayıb. Yazıda telefon danışığı zamanı Sergey Lavrov və Ceyhun Bayramovun Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, "3+3" regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparması qeyd edilib.

"Vestnik Kavkaza": Rusiya sülhməramlıları Qarabağı tərk etməyə davam edir

Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağı tərk etməyə davam etdiyini bildirib.

"Vestnik Kavkaza" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, sentyabrın 19-dan bu günə qədər Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları 24 müşahidə məntəqəsini bağlayıb.

Departament qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi ilə birgə ümumilikdə altı post yaradılıb.

"Daily Sabah":Azərbaycan və rusiyalı diplomatlar sülh prosesini müzakirə ediblər

Türkiyənin məşhur "Daily Sabah" xəbər saytı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığı barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, "3+3" regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.

"Respublika".