Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anews": Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb

"Anews" yazır ki, Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra razılaşmalar əldə olunub. Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında keçirilən görüşün yekunlarına dair turizm, mədəniyyət və Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafı ilə bağlı ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə müəyyən sənədlər imzalanıb.

"Mehr News Agency": Azərbaycanın diplomatik nümayəndə heyəti yaxın vaxtlarda İrana səfər edəcək

Azərbaycan və İranın xarici işlər nazirləri çərşənbə axşamı gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası çərçivəsində ölkələr arasında ikitərəfli münasibətləri müzakirə etmək üçün görüş keçiriblər.

Bu barədə "Mehr News Agency" xəbər saytı məlumat yayıb. İranın xarici işlər naziri Əmir-Abdollahian bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı məhkəmənin keçirilməsini nəzərə alaraq, C.Bayramovla Azərbaycan diplomatının Tehrana göndərilməsi barədə razılığa gəliblər. Hələ oktyabr ayında İranın xarici işlər naziri vurğulayıb ki, Tehran və Bakı ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.

"Turkic World": Qazaxıstan və Azərbaycan birgə investisiya fondu yaradılır

Azərbaycan və Qazaxıstan birgə yaradacaqları investisiya fondu vasitəsilə liman infrastrukturunun inkişafı layihələrini maliyyələşdirməyi planlaşdırır. Bu barədə Qazaxıstan Nazirlər Kabineti məlumat yayıb.

"Birgə fondun mühüm infrastruktur layihələrini maliyyələşdirməsi planlaşdırılır", - deyə hökumətin məlumatında bildirilib.

"Riviera": "WindEurope" külək enerjisi komponentlərinin Azərbaycan və Avropa mənbələrindən əldə edilməsi imkanlarını araşdıracaq

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və "WindEurope" Avropa Külək Enerjisi Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəddə külək enerjisi komponentlərinin yerli və Avropa mənbələrindən əldə edilməsi imkanlarının araşdırılması, külək enerjisi layihələrinin tətbiqi, istehsal olunan elektrik enerjisini təmin etmək üçün interkonnektorların inkişafı ilə bağlı bilik və qabaqcıl təcrübə mübadiləsinin aparılması, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq öz əksini tapıb.

"Vestnik Kavkaza": Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür

Martın 5-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

"Vestnik Kavkaza" Dövlət Komitəsinə istinadən xəbər verir ki, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında məcburi köçkünlərin geri dönüşünə hazırlıq görülür, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb orada daimi yaşamaq istədiklərini bildiriblər.

"Respublika".