Çəmbərək rayonu tarixi Azərbaycan torpağı olub
Tarix

Çəmbərək rayonu tarixi Azərbaycan torpağı olub

Yurd yerlərimiz

Son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Qərbi azərbaycanlılar ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışlar. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində soydaşlarımız indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmışlar. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Qədim İrəvan şəhərinin yaxınlığında yerləşən Çəmbərək (Krasnoselo) rayonunun müsəlman əhalisi XX əsrin ayrı-ayrı illərində erməni vəhşilikləri ilə üzləşmiş, deportasiyalara məruz qalmışlar. Çəmbərək rayonu Qərbi Azərbaycanın qədim, coğrafi-siyasi mövqeyinə görə strateji və zəngin təbiətə malik bölgələrindən biri olmuşdur. Qaraqoyunlu dərəsi, min bir naxışlı, atlas geyimli dağları bir tamaşa idi. Loğman təbiətinə görə insanlar uzunömürlü idi, şərbət bulaqlar yamaclar boyu cərgələnmişdi... Çəmbərək çağdaş dünyada erməni-hay dövləti kimi tanınsa da, onun ərazisi ta qədimdən türk-oğuz yurdu, tarixi Azərbaycan torpağı olub. Çəmbərək rayonunun ərazisində saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, at-qoç heykəlləri, məscid, pir və ocaqlar diqqəti cəlb edirdi.

Çəmbərək Qazax mahalının Dilican nahiyyəsinin, Qaraqoyunlu dərəsinin ərazisində yerləşirdi. Çar Rusiyası burada köçəri tayfa kimi məskunlaşan, xüsusilə İrandan, Türkiyədən axışıb gələn xaç qardaşlarına həmişə himayədarlıq edər, müsəlmanlara qarşı terror və qətl hadisələri əsasən keşişlər tərəfindən hazırlanardı. 1905-1907-ci illərdə xüsusilə, 1918-1920-ci illərdə Çəmbərək rayonunda yaşayan soydaşlarımıza qarşı analoqu olmayan terror hadisələri törədilmiş, müsəlman əhali qılıncdan keçirilmiş, sağ qalanlar İran, Türkiyə və Gürcüstana qaçmağa məcbur olmuşlar.

1937-ci il dekabrın 30-da yaradılmış Çəmbərək rayonu Azərbaycan Respublikasının Gədəbəy rayonu, Ermənistanın Basarkeçər, Karvansaray bölgələri ilə həmsərhəd olub. Əhalisinin 80 faizini türklər (azərbaycanlılar) təşkil edirdi. Çəmbərək şəhər tipli qəsəbə idi. Göyçə gölünün şimal-şərqində yerləşirdi. Göyçə mahalının bir hissəsini təşkil edən Çəmbərək (Krasnoselo) rayonuna XIX əsrin əvvəllərində çar Rusiyasının ruslaşdırma siyasəti nəticəsində çoxlu malakanlar sürgün edilmişdir. Ona görə də, 1920-ci ilə kimi bu ərazi Mixayılovka adlandırılmışdır. 1920-ci ildə XI Qızıl Ordunun şərəfinə Çəmbərək rayonu Krasnoselo (Qırmızı kənd) adlandırılmışdır.

Çəmbərək rayonundan Tərsə (Çedik) çayı axırdı. 1917-ci ilə kimi rayonun indiki ərazisi müxtəlif inzibati ərazi quruluşlarının tərkibində olmuşdur. Onun Çaykənd, Gölkənd, Qaraqaya, Əmirxeyir, Yanıqpəyə, Çıvıxlı kəndləri əvvəl Dilican rayonunun, Toxluca, Cil, Ağbulaq, Ardanış və Şorca kəndləri isə Basarkeçər rayonlarının ərazisi hesab olunurdu.

1920-ci ilə kimi Çəmbərək rayonunun Göyçə hissəsi İrəvan quberniyasının Yeni Bayazid qəzasının, Məzrə nahiyyəsinin Dilican hissəsi isə Yelizavetpol (Gəncə) quberniyasının Qazax rayonunun Dilican nahiyyəsinin tərkibində olmuşdur. Bu ərazilər Ermənistana (1918-1920) 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər tərəfindən ermənilərə peşkəş edilmişdir.

1930-cu ildə Göyçə mahalının torpaqlarını özündə birləşdirən Nor Bayazid qəzası ləğv edildi və 1930-1937-ci illərdə Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq (Martuni), Kəvər (Kamo), Yelenovka (Sevan) rayonları yaradıldı. Nə qədər yeni ərazilər ələ keçirsələr də, ermənilərin gözü doymadı, hər vasitə ilə Ermənistandan azərbaycanlıların kökünü kəsməyə çalışırdılar. Çəmbərək rayonunun bir hissəsini də Qaraqoyunlu dərəsi deyilən ərazi təşkil edirdi. Bu dərə Dilican dərəsi ilə Soyuqbulaq yaylasının arasında yerləşirdi. Çar Rusiyası dövründə bu ərazilər də Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasına daxil oldu. Alaçıqqaya, Muzteyil, Ağkilsə, Polad, Salah, Göyərçinli, Qaraqaya, Yanıqpəyə, Çaykənd, Bəryabad, Əmirxeyir, Gölkənd, Çıvıxlı kəndlərindən ibarət idi.

Ermənilərin Çəmbərək rayonunun ərazisinə gəlişi yalnız XIX əsrin əvvəllərinə təsadüf edir. Onlar üçün köhnə Başkənd, Aşağı Çəmbərək, Yuxarı Çəmbərək və Qoturbulaq kəndləri salınmışdır. Həmin ermənilər əsasən Türkiyədən və İrandan köçürülmüşdür. Haylar gələn ərazilər əvvəllər türklərin otlaq və yaylıq yerləri olmuşdur.

1938-ci ildə Gədəbəy rayonunun köhnə Başkənd kəndi də yenicə yaradılmış Krasnoselo rayonunun tərkibinə qatıldı. Rayonun ərazisində azərbaycanlılar, ermənilər və malakanlar yaşayırdı. Azsaylı haylar özlərini həmişə yazıq, kimsəsiz bir millət kimi göstərir, lakin əlaltından azərbaycanlılara qarşı xəyanət toru hazırlayırdılar.

Çəmbərək rayon mərkəzində mədəniyyət işçilərinin seminar müşavirəsində iştirak edən Ermənistan mədəniyyət nazirliyinin nümayəndəsi çıxışı zamanı demişdi: "sonu yan, tan, can, an şəkilçiləri ilə bitən sözlərin hamısı ermənilərə məxsusdur və buradan belə nəticəyə gəlmək olur ki, erməni xalqının özü kimi dili də dünyada ən zəngin dildir". Bir nəfər azərbaycanlı isə soruşur: - O zaman Tayvan, Livan, Kuban, Pakistan da sizindir? O, cavab verə bilmir. Azərbaycanlılar qəh-qəhə çəkib gülüşürlər. İrəvandan gələn erməni nazir şok vəziyyətinə düşür, iclası yekunlaşdırıb aradan çıxır...

Çəmbərək rayonunun azərbaycanlıları 1918-1920-ci illərdə olduğu kimi, 1948-1953-cü illərdə də İ.Stalin, Molotov və digər ermənipərəst ölkə rəhbərlərinin xəyanəti sayəsində yenidən deportasiyaya məruz qalmış, "könüllülük" pərdəsi altında ata-baba yurdlarından zorla Azərbaycanın Kür-Araz ovalığına və digər ərazilərinə köçürülmüşlər. İ.Stalinin ölümündən sonra köçürülmə prosesi dayandırılmış, rayonun bir çox azərbaycanlıları yenidən doğma ocaqlarına dönmüşlər.

XX əsrin 80-ci illərində bütün Qərbi azərbaycanlılar kimi, Çəmbərək rayonunun müsəlman əhalisi də yenidən erməni xəyanəti ilə üzləşdilər. Erməni şovinistləri Qarabağı Ermənistana birləşdirmək məsələsini ortaya atdılar. Mixail Qorbaçov və digər ermənipərəst qüvvələr hayların arxasında idi. Ermənilər azərbaycanlıların öz ata-baba torpaqlarından çıxarılmasını təkidlə tələb edirdilər. Ermənistan televiziya kanallarında Zori Balayan, Silva Kaputikyan, Viktor Hambartsumyan və digər millətçi şovinistlər tərəfindən anti-Azərbaycan, antitürk təbliğatı aparılırdı. Belə bir çətin məqamda azərbaycanlılar susmadı. Basarkeçərin Nərimanlı, Şişqaya kəndlərinin ərazisində olduğu kimi, Çəmbərəyin Gölkənd, Şorca kəndlərində də etiraz mitinqləri keçirdilər. Ermənistan rəhbərliyinə, "qüdrətli" sovetlər ölkəsinin başçılarına etiraz və qəzəblərini bildirdilər, hətta Göyçə mahalına muxtariyyət tələb etdilər. Xalq arxasız, köməksiz idi. Məhz buna görə də, 1988-ci ilin boranlı, çovğunlu günlərində Çəmbərək rayonunun sakinləri də min illər boyu yaşadıqları yurd yerlərini məcburən tərk etdilər.

Düz 35 ildir ki, Qərbi Azərbaycanın bir parçası olan Çəmbərək rayonunun sakinləri də Vətən, yurd eşqi ilə yaşayır, sönmüş ocaqları yandırmaq istəyirlər. İnanırlar ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox tezliklə Qayıdış Konsepsiyası reallaşacaq, ermənilər heç vaxt dönəcəyimiz yollara sipər çəkə bilməyəcəklər. Haylar türkün qəzəbi, cəsarəti qarşısında duruş gətirə bilməzlər. Rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində cəmi 44 gün ərzində qələbə qazandı, sentyabrın 19-da erməni separatçılarına qarşı Qarabağ ərazisində lokal antiterror tədbirləri keçirildi, faşist xislətli haylar zərərsizləşdirildi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və digər ərazilərdə üçrəngli Azərbaycan Bayrağı ucaldıldı.

8 noyabr 2023-cü ildə bütün türk dünyasının gözü Azərbaycana dikildi, Zəfər paradı Xankəndidə keçirildi. Azərbaycanın ünvanına minlərlə təbriklər gəldi. Xalqımız qürur, iftixar, sevinclə bu tarixi qələbənin üçüncü ildönümünü qeyd etdi.

Sevinc sevinc gətirir deyirlər. Günlərin birində çəmbərəklilər də sevinc və coşqu ilə yurd yerlərinə dönəcəklər.

Qədir ASLAN,

"Respublika".