Ölkə ən ağır təhlükədən xilas edildi
Tarix

Ölkə ən ağır təhlükədən xilas edildi

Ötən əsrin 90-cı illəri Azərbaycan tarixinin ən təlatümlü, mürəkkəb dövrü kimi xarakterizə olunur. 70 il sonra müstəqilliyini bərpa etsə də, onu qoruyub saxlamağa iqtisadi-siyasi gücü olmayan bir ölkədə hakimiyyəti ələ keçirmək istəyənlər üçün meydan açılmışdı. Ən dəhşətlisi isə ölkəni məhvə sürükləyən qüvvələrə daxildən verilən dəstək idi. Respublikada hakimiyyətsizlikdən istifadə edən "siyasi qüvvələr" daxili sabitliyi pozaraq vəziyyəti gərginləşdirir, xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Hakimiyyət davası müstəqilliyini yenicə bərpa edən respublikanın hələ möhkəmlənməmiş sütunlarını yerindən oynadır, xalqı böyük çətinliklərlə üzbəüz qoyur, ölkədə vətəndaş müharibəsinə zəmin yaradırdı.

1995-ci il martın əvvəllərində Xüsusi Təyinatlı Polis Dəstəsi dövlət çevrilişinə cəhd göstərmiş, silahlı qarşıdurma yaranmışdı. Hər ötən gün vəziyyət daha mürəkkəb, ziddiyyətli xarakter alırdı. Planlı şəkildə baş verən hadisələr xaricdən idarə olunsa da hakimiyyət hərisləri sapı özümüzdən olan baltalar idi. Öz şəxsi maraqları naminə xalqı çıxılmaz vəziyyətə salan, qardaşı qardaşla üz-üzə qoyan qüvvələr öz məqsədlərinə çatmaq üçün bütün yollara əl atırdılar. Hakimiyyət uğrunda gedən mübarizə mənfur qonşularımız üçün də münbit şərait yaradırdı. Daxildən parçalanan respublikanın əraziləri bir tərəfdən də ermənilərin işğalına məruz qalırdı.

Xalqın israrlı təkidilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı isə həmin qüvvələrin planlarını alt-üst etdi. Belə ki, Ümummilli Liderin respublikaya rəhbərliyinin ilk günlərindən daxili sabitliyin təmin edilməsi, hakimiyyətdə özbaşınalığa son qoyulması, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, ayrı-ayrı qüvvələrə xidmət edən silahlı birləşmələrin ləğvi, milli ordunun formalaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər öz bəhrəsini verirdi. Bu xarici agentura şəbəkələrinin ələ aldığı şəxslərin hakimiyyəti ələ keçirmək istəyi yolunda əsl maneə yaratdı. Buna baxmayaraq, 1995-ci il mart ayının əvvəllərində həmin qüvvələr çirkin planlarını reallaşdırmaq məqsədilə dövlət çevrilişinə cəhd etdilər. Hesab olunurdu ki, bu, 1994-cü ildə Surət Hüseynovun həyata keçirmək istədiyi, lakin uğursuzluqla nəticələnən planın davamı idi. Hələ sovet hakimiyyətinin süqutundan əvvəl, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyində ölkəmizin ərazi bütövlüyünün erməni təcavüzündən qorunması üçün yaradılmış, Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsində mərdliklə döyüşmüş Xüsusi Təyinatlı Polis Dəstələrinə rəhbərlik edən Rövşən Cavadov növbəti dövlət çevriliş planını həyata keçirmək istəyirdi. Onun rəhbərlik etdiyi XTPD müstəqil Azərbaycanın qanunlarına tabe olmur, soyğunçuluq, quldurluq əməlləri törədir, dövləti devirməyə, hakimiyyəti ələ keçirməyə cəhd göstərirdi. Xaricdən dəstəklənən dairələr, ölkədə iqtidara düşmən kəsilən müxalif qüvvələr də bu silahlı dəstənin ətrafında cəmləşmişdilər. Öz sıralarını möhkəmləndirən, "OMON" adıyla tanınan Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri martın 12-dən 13-nə keçən gecə Qazax və Ağstafa rayonlarında sabitliyi pozaraq dövlət çevrilişinə cəhd göstərmiş, dövlət hakimiyyət orqanlarına hücum etmiş, hadisələr zamanı dövlətçiliyi müdafiə edən Ağstafa Rayon Polis Şöbəsinin bir əməkdaşı öldürülmüşdü. Silahlı qüvvələr bütün polis işçilərini tərk-silah etmiş, silahlar ayrı-ayrı təxribatçıların əlinə keçmişdi. Rövşən Cavadovun rəhbərliyi ilə dövlət çevrilişi cəhdləri digər rayonları da əhatə etməli və Bakıda bu çevriliş başlanmalı idi. Lakin XTPD-nin komandiri Azərbaycana dövlət idarəçiliyinin nə olduğunu anlamayan, səriştəsiz AXC-Müsavat komandasının deyil, dünyaşöhrətli siyasətçi, dahi lider Heydər Əliyevin rəhbərlik etdiyini unutmuşdu.

Ümummilli lider Heydər Əliyev martın 15-də milli televiziya ilə Azərbaycan vətəndaşlarına müraciət edərək demişdir: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqi deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidisiniz. ...Bütün bu mühafizəkar qüvvələr, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan qüvvələr birləşirlər. Çünki görürlər ki, Azərbaycan artıq dördüncü ildir müstəqil dövlət kimi yaşayır, bütün bu təzyiqlərə sinə gərir və möhkəm dayanmışdır".

Həmin günün səhəri ulu öndər Heydər Əliyev DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin sabiq əməkdaşları haqqında Fərman imzaladı. Sənəddə humanizm prinsipləri rəhbər tutularaq silah və sursatını könüllü təhvil verən əməkdaşların cinayət məsuliyyətinə cəlb olunmaması və onlar haqqında qanunvericiliklə nəzərdə tutulan digər tədbirlərin tətbiq edilməməsi öz əksini tapmışdı. Ulu öndərin bu addımına məhəl qoymayan dəstənin üzvləri Rövşən Cavadovun göstərişi ilə öz millətinə silah tuşlamaqdan belə çəkinmədilər. Martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsindəki qərargahlarında onları bu yoldan çəkindirmək istəyən hökumət qüvvələrinə qarşı silah işlətdilər, qardaş qanı töküldü. Hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək istəyən "OMON"çuların törətdikləri qanunazidd hərəkət səbəbindən 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşı həlak oldu, 105 nəfər yaralandı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi. Təxribatçılar, Azərbaycan dövlətçiliyini dağıtmaq istəyən qüvvələr məhv edildi.

Bütün ömrünü xalqının tərəqqisinə, dövlətinin müstəqilliyinə həsr etmiş, bu yolda fədakarlıqla mübarizə aparmış, müasir Azərbaycanı tarixin çətin sınaqlarından, mürəkkəb dövrlərindən mətanətlə çıxarmış ulu öndər Heydər Əliyev yüksək idarəçilik məharəti, müdrik siyasəti ilə xalqı bölünmək, parçalanmaq təhlükəsindən xilas etdi.

Mehparə ƏLİYEVA,

"Respublika".