Azərbaycan Prokurorluğu çətin və şərəfli yol keçib
Tarix

Azərbaycan Prokurorluğu çətin və şərəfli yol keçib

Oktyabr ayının 1-i Prokurorluq əməkdaşlarının peşə bayramıdır. 1998-ci ildən etibarən hər il qeyd edilən bu gün ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmişdir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra respublika prokurorluğu qanunun aliliyinin qorunmasına, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə xidmət edən orqana çevrilməklə demokratik inkişaf yoluna qədəm qoymuşdur.

Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiqlənib. F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.

105 ili geridə qoyan Azərbaycan prokurorluğu olduqca çətin və şərəfli yol keçmişdir. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik hökm sürürdü. Səriştəsiz idarəçiliyin gətirdiyi labüd nəticə göz qabağında idi. Erməni təcavüzü gündən-günə güclənir, ordumuzda fərarilik artır, bölgələrdə üsyanlar baş qaldırırdı. Azərbaycanda ciddi hakimiyyət boşluğu yaranmışdı. Gənc müstəqil respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında artıq Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Ulu öndərin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasəti nəticəsində bütün digər qurumlarla yanaşı, prokurorluq orqanları da qanun əsasında fəaliyyət göstərən demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən qurulmuş, onun dövlətçiliyə sadiq kadr korpusu formalaşdırılmışdır.

 Ulu öndər Heydər Əliyevin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi görüşdən sonra Azərbaycan prokurorluğunda hərtərəfli islahatlara başlanılmış, qısa müddətdə fəaliyyət üçün zəruri normativ-hüquqi baza yaradılmışdır. "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili üçün yüksək tələblər səviyyəsində çalışmaq bacarığı olan kadr korpusu formalaşdırılmış, mənfi hallara qarşı prinsipial və qətiyyətli mübarizə aparmaqla ciddi nəzarət mexanizmi yaradılmış, maddi-texniki təminat və işçilərin sosial müdafiəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya sübut edən Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı barışmaz və qətiyyətli mübarizə aparılmış, ilk növbədə, bu sahədə fəaliyyət göstərən hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluğun işində ciddi qayda-qanun yaradılmış, onların fəaliyyəti müasir tələblər səviyyəsində yeniləşdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülmüşdür. Dövlətimizin başçısının təşəbbüsü ilə yeni dövrün tələblərinə cavab verən islahatlar dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli təkmilləşdirmələr yolu ilə uğurla həyata keçirilmişdir. Bu islahatlar həm də məhkəmə və hüquq sisteminin, o cümlədən prokurorluq institutlarının yenilənməsini də əhatə etmişdir.

Dövlətimizin başçısının 2020-ci il mayın 1-də Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru təyin etməsi prokurorluq orqanlarında yeni mərhələnin başlanğıcını qoydu. Belə ki, Prezident İlham Əliyev sözügedən təyinat zamanı prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, islahatların dərinləşdirilməsinə yönəlmiş mühüm göstəriş və tapşırıqlar vermişdir. Məhz həmin göstərişlərin nəticəsində son iki ildə prokurorluq orqanlarında geniş və institusional kadr islahatları aparılmaqdadır. 2020-ci il mayın 12-də Baş Prokurorluğun Fəaliyyət Planı təsdiq edilmişdir.

Prezidentin prokurorluq orqanları qarşısında qoyduğu vəzifələrin daha operativ və keyfiyyətli icrasına yönəlmiş göstərişləri sadəcə bunlarla bitmir. Belə ki, İlham Əliyevin 16 iyun 2020-ci il tarixli Sərəncamına uyğun olaraq prokurorluq orqanlarının inkişaf edən ictimai tələblərə adekvat uyğunlaşması, fəaliyyətində şəffaflığın təmin edilməsi, çeviklik və operativliyin yüksəldilməsi, prokurorluq orqanlarının tələblərinə cavab verməyə qadir peşəkar kadrlar yetişdirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Baş Prokurorluğun yeni strukturu təsdiq edilmişdir ki, bu da qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla daha çevik inzibati quruluş yaradılmasına səbəb olub. Həmçinin dövlətimizin başçısının fəaliyyətinin əsas istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq səlahiyyətli orqanları ilə əlaqələrin qurulmasına, daha da inkişafına xüsusi diqqət yetirilir.

İkinci Qarabağ savaşında qazandığımız şanlı zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə prokurorluq orqanları da öz töhfələrini verir. Bölgədəki prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və nəzarət tədbirlərinin gücləndirilməsi, aparılan islahatların tərkib hissəsi kimi "Elektron Prokurorluq" İnformasiya sisteminin yaradılması, onun Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 2021-ci il 7 may və 2022-ci il 3 mart tarixli fərmanlarından irəli gələn vəzifələrin, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi bunun əyani sübutudur.

Bundan başqa, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki əhalimizə və infrastruktur obyektlərinə qarşı təcavüzünün nəticələrinin prokurorluq tərəfindən lazımi qaydada sənədləşdirilməsi və digər zəruri addımların atılması da görülən işlərin effektivliyini təsdiqləyir. Bu məqsədlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və araşdırmalar davam edir.

Prokurorluq işçiləri öz peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edir, yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun fəaliyyət prinsipi ilə dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı qətiyyətli mövqe sərgiləyirlər. Qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparılması, yüksək rifahın təmin edilməsi işində yorulmadan çalışırlar.

Nurlan ABDALOV,

 "Respublika".