“Abşeron
İqtisadiyyat

“Abşeron" yatağı: Beynəlxalq şirkətlər üçün yeni perspektivlər

Xəzər dənizində olan buruqlar illərdir ki, ölkəmizə milyonlar qazandırıb. Bu siyahıya Bakının incisi "Abşeron" yatağı liderlik edir. Şübhəsiz ki, neft-qaz strategiyasının uğurla davam etdirilməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Bu da o deməkdir ki, Azərbaycan həm neft, həm də qaz ixrac edən ölkə kimi dünyada öz çəkisi olan dövlətlər siyahısına daxil olub.

"Abşeron" yatağı kəşf edildiyi gündən onun hasil edilməsi üçün böyük işlər görülüb. Belə ki, ötən əsrin 60-cı illərində tapılan yataq tam formada fəaliyyət üçün hazır olmayıb. Buna səbəb isə həmin dövrlərdə qazmaq üçün lazımi texnikanın olmamasıdır. 30 il sonra 1997-ci ildə "Abşeron" yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Təəssüf ki, görülən işlər müsbət nəticə vermədiyinə görə, 2005-ci ildə müqaviləyə xitam verilib. Lakin geoloqlar burada böyük sərvət olduğunu bildirirdilər. Həmin dövrlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri ilə yanaşı, xarici tərəfdaşlar da burada kifayət qədər karbohidrogen ehtiyatlarının olmasına inanırdılar. Bunun nəticəsidir ki, xitamdan 2 il sonra fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Total" şirkəti arasında "Abşeron" yatağı üzrə yeni müqavilə imzalanıb. Bundan sonra isə əməkdaşlıq yüksələn xətlə inkişaf edib və nəticədə SOCAR və "Total" birgə Joined Operating Company Absheron Petroleum (JOCAP) əməliyyat şirkətini yaradıblar. Bununla da "SOCAR Absheron" və "Total E&P Absheron" törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi "JOCAP" birgə müəssisəsi "Abşeron" yatağının operatoru elan olunub. Qeyd edək ki, müqavilənin 30 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

"Abşeron" yatağı böyük imkanlara malikdir. Onun kəşf edilməsi böyük hadisədir. Bunu 2011-ci ildə mətbuata verdiyi açıqlamasında Prezident İlham Əliyev də təsdiq edib: "Doğrudan da bu, böyük hadisədir. "Abşeron" yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir. Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək".

"Abşeron" yatağı layihəsi üçün 2020-ci il xüsusi önəm daşıyır. Belə ki, sentyabrın 19-da ulu öndər Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi baş tutub. Qeyd edək ki, SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən "Abşeron" yatağında quraşdırılacaq dörd əsas dayaq bloku, həmçinin digər sualtı qurğuları tikilib. Buraya ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması aiddir.

Bildirək ki, ötən aylarda yatağın işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb. Bu da sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə bağlı yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 12 min barel kondensat və 4 milyon kubmetr qaz təşkil edir. Qeyd edək ki, qaz Azərbaycanın daxili bazarında satılmaq üçün nəzərdə tutulur. JOCAP şirkəti tərəfindən idarə olunan layihədə SOCAR və "Total Energies" şirkətləri hər biri 50% paya malikdir.

"Total Energies" şirkəti ilə bu il ərzində bir sıra mühüm görüşlər həyata keçirilib. Bu ilin may ayında iqtisadiyyat naziri Mikayıl Cabbarov "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazla görüşüb. İclasda SOCAR-la "Total Energies" arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə məsələlərdən danışılıb. Bu yaxınlarda daha bir görüş baş tutub. Görüşdə "Abşeron" qaz-kondensat yatağı layihəsinin növbəti mərhələsi "Faza-1" üzrə proseslərin inkişafına dair fikir mübadiləsi aparıb. Bununla yanaşı, ölkəmizin enerji təchizatçısı kimi öhdəliklərinin yerinə yetirilməsində "Abşeron"un əhəmiyyəti, xüsusilə təbii qazın enerji təhlükəsizliyinin təminatında rolu bildirilib. Bundan başqa, ölkə başçımız avqustun 31-də "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib. Prezident İlham Əliyevə yataqda hasilatın başlanılması və layihənin parametrləri barədə ətraflı məlumat verilib. Yatağın potensialının zənginliyi və perspektivi xüsusi vurğulanıb. Bildirilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malikdir. "Total Energies" şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, "Abşeron" yatağının tam işlənmə mərhələsinə keçməsi, ölkə ərazisində, həmçinin Naxçıvanda bərpaolunan enerji layihələrinin perspektivi və potensialı müzakirə edilib. Qeyd edək ki, 2023-cü ilin martında şirkətin bərpaolunan mənbələrdən enerji istehsalı gücü 18 GVt təşkil edib, bununla yanaşı, 2030-cu ilədək bu gücün 100 GVt-a çatdırılması planlaşdırılır.

Töhfə SƏMƏDOVA,

"Respublika".