Mərakeşin media nümayəndələri AZPROMO-da olub
İqtisadiyyat

Mərakeşin media nümayəndələri AZPROMO-da olub

Azərbaycanda səfərdə olan Mərakeşin bir qrup nüfuzlu media orqanlarının nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində - AZPROMO-da olub.

"Respublika" xəbər verir ki, bu barədə AZPROMO-dan bildirilib. 

Görüş zamanı qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanda baş verən proseslər, təşkil olunan irimiqyaslı beynəlxalq tədbirlərdən, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafı, eləcə də biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Azərbaycanda və Mərakeşdə biznes və investisiya mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunan Yusif Abdullayev, ölkələr arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması üçün AZPROMO-nun Mərakeşin İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE), Mərakeş Müəssisələrinin Ümumi Konfederasiyası (CGEM) ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa etdiyi və hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyi media nümayəndələrinin diqqətinə çatdırılıb, Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə qayıdışı çərçivəsində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 7 milyard dollardan çox vəsait ayrılıb və bu proses davam etdirilir.