"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına uyğun olaraq Zaqatala rayonunda da nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilib. Proqramın əsas məqsədi ölkədə regionların davamlı və tarazlı inkişafının təmin olunması, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir.
Qazanılan uğurlar və gələcək layihələr barədə məlumat almaq üçün rayonda fəaliyyət göstərən bir neçə qabaqcıl fermerlə həmsöhbət olduq.
Zeynullah Əhmədov (fermer):
- Xeyli müddətdir ki, maldarlıqla məşğulam. Bu səbəbdən də ilin fəslindən asılı olaraq gah aranda, gah da dağda oluram. Dövlət proqramlarının uğurlu icrası qeyri-neft sektorunun sürətli yüksəlişini təmin etməklə yanaşı, yeni iş yerlərinin açılmasını şərtləndirir. Sayca dördüncü olan "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası rayonumuzda da uğurla davam etdirilib.
Ümumiyyətlə, dövlət tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminində heyvandarlıq məhsulları mühüm yer tutur. Həyata keçirilən tədbirlər isə heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələrin geniş vüsət almasına yol açıb. Eyni zamanda, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürü isə real göstəricilərdə əks olunmaqdadır. Süd, ət və yun istehsalı ildən-ilə artır.
Qarşıdan gələn növbədənkənar prezident seçkilərinin inkişafımıza böyük dəstək verəcəyinə inanıram. Əminəm ki, xalqımızın yekdil səsi ilə seçiləcək dövlət başçımızın rəhbərliyi ölkəmizin daha böyük sürətlə inkişafı yolunda başlıca faktor olacaq.
Mövlüddin Qurbanəliyev ("Eko Zaqatala" arıçılıq təsərrüfatının rəhbəri):
- Dövlətin hərtərəfli dəstəyinə arxalanan təsərrüfatımız "Boz Qafqaz", "Karpat" və "Karnika" cinslərinə mənsub arılar yetişdirərək, arıçılığı inkişaf etdirməklə məşğuldur. Bal arısı cinslərinin təmizliyinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə ana arıların təbii mayalanması üçün rayonda tarixən mövcud olmuş "Boz Qafqaz" arı cinsinin təmizqanlı genefondunun qorunması, çoxaldılması və ana arıya olan tələbatın öyrənilməsi ilə əlaqədar bir sıra məqsədyönlü tədbirlər görülmüşdür. Təsərrüfat üçün ayrılan torpaq sahəsində təcrid bölgə müəyyən edilmişdir. Bu məqsədlə "Boz Qafqaz" arının genefondunun qorunması üçün Qafqaz bölgəsində ilk damazlıq təsərrüfatı yaratdıq. Hazırda təsərrüfatda 130-dan çox "Boz Qafqaz" arı cinsi ailələrinə xidmət olunur. Çünki arı insan həyatı, sağlamlığı və onlarla xəstəliklə müalicə üçün son dərəcə səmərəlidir. Bunun üçün arıçılıqla bağlı xaricdə olduğu kimi, bölgələrdə də keçirilən seminarlarda iştirak etməklə həmkarlarımızla fikir mübadiləsi aparırıq.
Prezident İlham Əliyev tərəfindən fermerlərə yaradılan hərtərəfli şərait rayonumuzda da bu sahənin inkişafına səbəb olub. Ailəmizdə də bu sahəyə böyük maraq var. İki oğlum da ayrı-ayrılıqda arıçılıqla məşğul olur. Çünki dövlətimizin aqrar sahəyə siyasəti bizi son dərəcə məmnun edir.
Akir Kələşov (tütünçü):
- Tütünçülük gəlirli bir sahə olduğundan 1976-cı ildən bu sahədə çalışıram. Vaxtilə xeyli uğurlar qazanmışıq. İndi isə bu sahəni genişləndirmək istəyirik.
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq tütün sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması və kənddə yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görülür. Biz də bir fermer olaraq üzərimizə düşən öhdəliyə uğurla əməl etməyə çalışırıq. 20 hektar ərazidə tütün əkərək 280 ton yaşıl tütün təhvil vermişik. Gələcəkdə əkin sahəsini genişləndirməklə məhsuldarlığı artırmaq və əlavə iş yerlərinin açılması üçün çalışırıq. Tütünçülüklə yanaşı, yazlıq və payızlıq bitkilərin əkilməsi ilə də məşğul oluruq.
Ümumilikdə 40 hektar torpaq icarəyə götürmüşəm. Arpa, buğda və qarğıdalı da əkirik. Lakin ixtisasım tütünçü olduğu üçün bu sahəyə daha böyük önəm verirəm. Təsərrüfatımızda 20-25 ailə işləyir. İnqubasiya dövründən başlayaraq tütünün təhvil verilməsinə qədər təsərrüfatda həmişə iş olur.
Ölkəmizin daha böyük inkişafı üçün dövlət tərəfindən bu gün fermerlərə geniş şərait yaradılır. Mən bir fermer olaraq bunu yüksək qiymətləndirir və davamlı olmasını istəyirəm. Bu səbəbdən də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində bütün kollektivimizlə ölkəmizin işıqlı gələcəyini təmin edəcək şəxsə səs verəcəyik.
M.QULUYEV,
"Respublika".