İlk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
İdman

İlk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib

Mayın 21-də Binə Atçılıq Mərkəzində qədim adət-ənənələrimizi əks etdirən Çövkən atüstü oyununun açılış mərasimi keçirilib. Təntənəli tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Atçılıq Federasiyasının rəsmiləri iştirak edib. Həmçinin yüzlərlə həmyerlimiz bu tarixi oyuna tamaşa ediblər.

Mərasimdə çıxış edən Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğində böyük rol oynayacağını bildirib. Şübhəsiz ki, respublikamızın yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsi çox sevindirici haldır.

Ən yaddaqalan məqam isə yarış iştirakçılarının keçidindən  sonra Üzeyir bəy Hacıbəylinin şah əsəri "Koroğlu" operası ilə həm at üzərində, həm də milli geyimlərdə nümayiş olunan möhtəşəm səhnə oldu. Sanki xüsusi harmoniya ilə rəqs edən atlar insanın zövqünü oxşayırdı. Rəqqaslar isə olduqca təhlükəli fəndlərlə atların üzərində hərəkət edirdilər. Şounun sonunda Azərbaycan bayrağı bütün səhnə boyu  qürurla dalğalandırıldı. Ardınca uşaq və yeniyetmə qruplarının rəqs və çalğı ansamblları çıxış etdilər.

Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev bildirib ki, bu idman növü bir çox məqamlara görə mühüm əhəmiyyət kəsib edir: "Milli at cinsin inkişafı, eyni zamanda qədim atüstü oyunlarımızın inkişafı naminə görülən addımlardır. "Prezident kuboku" uğrunda yarışlarımız keçirildi. İndi isə məqsədimiz mütəmadi çempionatın təşkilidir ki, bu da Peşəkar Çövkən Liqası sayəsində baş tutacaq. Bu liqa növbəti illərdə 10 deyil, daha çox komanda ilə davam edəcək".

İlk turda qarşı-qarşıya gələn komandaların nəticələri isə belədir: "Omar" 1-0 "Embawood", "Sərhədçi" 7-0 "Ağstafa Dilbaz".

Qeyd edək ki, yarışlar növbəti həftələrdə davam edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".