İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Karateçilərimiz üç medal qazanıblar

Almaniyanın Regensburq şəhərində keçirilmiş ənənəvi karate-do üzrə Avropa çempionatında karateçilərimiz üç medal qazanıblar. 

Yarışda İmran Quluzadə (72 kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. 80 kiloqram çəki dərəcəsində Fuad Əliyev isə yarışın bürünc mükafatına yiyələnib. Təmsilçilərimiz komanda yarışında da fərqləniblər. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət "üçlük" Avropa çempionatını üçüncü yerdə başa vurub.

İdmançılarımız Avropa çempionatında çıxış ediblər

Azərbaycan fudokançıları Sloveniyanın Podsetrtek şəhərində keçirilən Avropa çempionatında uğurlu nəticə əldə ediblər. Onlar ümumilikdə 8 medal qazanıblar.

Uşaqlar arasında Mövlan Məmmədli qızıl, Mənsumə Məmmədli bürünc, yeniyetmələrin yarışında Leyla Mahmudlu, Rəşidə Qafarlı bürünc, gənclərdə İsmayıl İbrahimli və Şəhriyar Behbudzadə bürünc, böyüklərdə isə Vahid Həsənov və Kamran Heydərzadə qızıl medal qazanıblar.

Boksçularımız turniri 2 medalla başa vurublar

Qazaxıstanın paytaxtı Astanada keçirilmiş boks üzrə "Elorda Cup" beynəlxalq turniri başa çatıb. Azərbaycan boksçuları turniri 2 medalla başa vurublar.

Yığmamızın heyətində 86 kiloqram çəki dərəcəsində Murad Allahverdiyev həlledici görüşdə gümüş medala sahib olub. Digər təmsilçimiz  Məhəmməd Abdullayev (+92 kiloqram) isə turniri üçüncü yerdə bitirərək bürünc medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".