Azərbaycan dayanıqlı sülhün tərəfdarıdır
Siyasət

Azərbaycan dayanıqlı sülhün tərəfdarıdır

Neft və qaz sektorundan asılılığı azaldaraq iqtisadiyyatını şaxələndirən, böyük geosiyasi əhəmiyyətə, müasir nəqliyyat infrastrukturuna malik, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan sərhədlərini dost ölkələrə hər zaman açıq saxlayaraq qonşu dövlətlərlə səmimi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, milli maraqlara söykənən daxili və xarici siyasət yürüdür. 

İkinci Qarabağ müharibəsində qalibiyyət qazanan müstəqil dövlətimiz Ermənistana bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə, ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşmasını özündə əks etdirən beş baza prinsipindən ibarət sülh müqaviləsi bağlamağı təklif etsə də, Ermənistan  nəinki sülh sazişini imzalamadı, hətta 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına əməl etməyərək qanunsuz silahlı birləşmələrini ölkəmizin ərazisindən çıxarmadı.

Müharibədən keçən 3 il ərzində sərhəd zonalarında davamlı olaraq təxribatlar törətdi, xunta rejimi respublikamızın ərazisində saxta "prezident seçkiləri" keçirərək Azərbaycanın konstitusion huquqlarını pozdu, qanunsuz erməni silahlı dəstələri mina terrorunu davam etdirdi. 30 il Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Azərbaycan 44 günlük müharibədən sonra dəfələrlə Ermənistanı imzaladığı kapitulyasiya aktına əməl etməyə çağırdı. Lakin qanunsuz birləşmələrini ərazilərimizdən çıxarmayan, hətta onu silahlandıran düşmən dövlətimizin sülh naminə atdığı addımlara məhəl qoymadı. Beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü təmin edən Azərbaycan 24 saatlıq antiterror tədbirləri keçirmək, separatizmin qarşısını almağa məcbur oldu. Rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində cəmi bir günə separatçıların hərbi mövqeləri, silahları, texnikaları məhv edildi. Qeyri-qanuni erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim oldu.

Antiterror tədbirlərindən sonra Ermənistanın yalan, böhtan təbliğat mexanizmi daha fəal şəkildə işə düşdü. 30 ildən çoxdur ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan dinc erməni əhalisini girov saxlayan, onlardan öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edən separatçılar bütün dünyaya guya Azərbaycanın Qarabağda yaşayan etnik erməniləri blokadaya saldığı, humanitar böhran yaratdığı haqda yalan məlumatlar yaydılar. Halbuki, müharibənin bitdiyi ilk vaxtlardan etibarən dövlət başçımız Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların reinteqrasiyası üçün hər cür şəraitin yaradılacağını, Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə ölkəmizin konstitusiyasına uyğun olaraq azərbaycanlılarla eyni hüquqa malik olacaqlarını dəfələrlə bildirmişdir. Prezident İlham Əliyev noyabrın 23-də "Euronews" televiziyasına müsahibəsində bu məsələyə növbəti dəfə aydınlıq gətirmişdir: "Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası "dağlıq qarabağ respublikasında" yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası "dağlıq qarabağ respublikası" mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir".

Beynəlxalq arenada müstəqil siyasət yürüdən Azərbaycan Cənubi Qafqazda sülhə nail olmaq üçün ciddi səy göstərir. Heç bir ölkənin daxili işlərinə qarışmayaraq məqsədyönlü siyasət həyata keçirən dövlətimiz regionda hər hansı riskin olmaması, Ermənistanın nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymaması üçün iki ölkə arasında münasibətlərin normallaşmasını zəruri hesab edir və sülhün alternativinin olmamasını vurğulayır. Qarabağ münaqişəsinin sona çatdığı 3 il ərzində müxtəlif beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərdə müəyyən irəliləyişlərə baxmayaraq, hələ də sülhün əldə olunmaması, danışıqlar prosesinin müsbət nəticə verməməsi regionda sülhü təhdid edir. Sözdə sülh istədiyini bildirən Ermənistanın bunu öz imzası ilə təsdiqləməsi yeganə yoldur. Baş verən son hadisələr göstərir ki, iki ölkə arasında sülhün əldə olunması üçün beynəlxalq vasitəçiyə ehtiyac yoxdur. Noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti görüşünün keçirilməsi ikitərəfli dialoqun başlanğıcı oldu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə yaydıqları açıqlama, Bakı ilə İrəvan arasında birbaşa danışıqlar nəticəsində Ermənistanın iki əsgərimizi, Azərbaycanın 32 erməni hərbçini qaytarması isə regionda sülhə vasitəçilərsiz də nail olmağın mümkünlüyünü təsdiq etdi. Kənar qüvvələrin regiona yerləşmək, öz maraqlarını həyata keçirmək üçün atdığı addımlar sülhə əngəllər yaratdığını artıq Ermənistan da qəbul edir. Azərbaycanın isə dayanıqlı sülhün tərəfdarı olduğu bütün dünyaya bəllidir.

Mehparə ƏLİYEVA,

"Respublika".