Anklavlar düyünü...
Siyasət

Anklavlar düyünü...

Azərbaycan və Ermənistan arasında Baş nazirlərin müavinləri - Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Görüş Qazax rayonunda sərhəddə gerçəkləşib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) görüşlə bağlı yaydığı məlumatda qeyd edilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər ilkin olaraq iclasların və birgə işçi görüşlərinin təşkili və keçirilməsi reqlamentinin mətnini razılaşdırıblar. Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin hazırlanması istiqamətində işin başlanılması barədə də razılığa gəliblər. Politoloqların qənaətinə görə, qısa müddətdə böyük nəticələr əldə edilməsi çətin məsələdir. Çünki tərəflərin sərhədlər, kəndlərlə bağlı fikir ayrılıqları var. Ermənistan Azərbaycana qarşı kəndlərlə bağlı iddialar da irəli sürür. Azərbaycanın isə faktiki olaraq 8 kəndi Ermənistanın işğalındadır. Qeyd edək ki, delimitasiya və demarkasiya ilə bağlı komissiyalar bundan əvvəl görüş keçirsələr də proses dayanmışdı. Bu baxımdan yenidən görüşün keçirilməsini müsbət hal kimi dəyərləndirmək olar. Rəsmi Bakının Kərki kəndi ilə bağlı nümayiş etdirdiyi mövqe sübut etdi ki, Azərbaycan anklavlar məsələsində geri addım atmayacaq. Yəni Ermənistan Azərbaycanın bütün 8 kəndini geri qaytarmalıdır, əks təqdirdə, sülh müqaviləsinin imzalanması təxirə salınacaq. Ermənistan anlayır ki, sülhdən başqa yolu yoxdur. Baş nazir Nikol Paşinyan da, digər dövlət rəsmiləri də Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanındığını bəyan edib, həm də bu bəyanatı dəfələrlə səsləndiriblər. Belə olan halda sərhədlərin müəyyənləşməsi, delimitasiyanın aparılması çətin olmamalıdır.

Sosial şəbəkədə yayılan rəsmi məlumatlar belə deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin xəritə üzərində dəqiqləşdirilməsi üçün konstruktiv masa qurulmasına cəhd olunur. Bu, özlüyündə Azərbaycan-Ermənistan sülh müqaviləsi proqramının "sərhəd cəbhəsi"ndəki dəqiq qaydaları və müəyyən ediləcək rejimi "qırmızı xətlər" nəzərə alınmaqla əks etdirir. Lakin bu "qırmızı xətlər"i Ermənistan təyin etmək iqtidarında deyil, bütün iplərin ucu və rıçaqlar Azərbaycanın əlindədir. Bu mənada Qazaxın görüş yeri seçilməsi də açıq qalan məsələlərə aydınlıq gətirir. Bakının tələbləri daha əsaslı və haqlıdır. Bakı Qazaxın (Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 7 kəndinin, Naxçıvanın Kərki kəndinin təhvil verilməsini istəyir.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edir. Qarabağdan 100 kilometrlərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Qazax rayonu Ermənistanla 168 kilometrlik sərhəd zolağına malikdir. Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. 1992-ci il martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri ermənilər tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci il aprelin 23-dən başladı və 4 gün davam etdi. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın döyüşdülər.

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələri dağıdılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə-yeksan edilib. Digər işğal edilən kəndlərdə də dağıdılan tarixi mədəniyyət abidələri az deyil. Qazax rayonunun işğal olunan ərazilərində təbii sərvətlər talan olunur. Sərhəd boyu yerləşən meşə sahələrində qiymətli ağac növləri; palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. ağaclar erməni işğalçı ordusu və orada yaşayan erməni əhalisi tərəfindən məhv edilir.

Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan işğal altındakı 7 kəndin 7 mindən çox əhalisi Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb və məcburi köçkün həyatı yaşayır. Naxçıvanın Kərki kəndi 15 yanvar 1990-cı ildə ermənilər tərəfindən işğal edilmişdir. Kənd ermənilər tərəfindən işğal edildikdən sonra əhalisinin bir hissəsi 8 fevral 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda yaradılmış Yeni Kərki kəndində məskunlaşdırılmışdır. Bir müddət əvvəl Ermənistan hakimiyyəti çalışırdı ki, Kərki kəndi ilə Naxçıvanın əsas hissəsi arasında yerləşən Arazdəyən bölgəsində xarici şirkətlərin sərmayəsi ilə metallurgiya zavodu tiksin. Rəsmi İrəvan düşünürdü ki, zavodun tikintisində Qərb şirkətləri iştirak etdiyi üçün Azərbaycan Kərki ilə bağlı iddialarından geri çəkiləcək.

Onu da qeyd edək ki, anklav bir dövlətin kiçik bir hissəsinin ölkədən kənarda, başqa bir dövlətin içində yerləşməsidir.

Qazaxda prinsipial məsələlərdə razılaşma olmasa da görüşün keçirilməsi bir sıra məqamlara görə çox önəmlidir. Belə ki, bu görüş sonrakı mərhələdə yol xəritəsini müəyyən edəcək. Ermənistan-Azərbaycan görüş formatı işə düşmüş olacaq. Digər tərəfdən, başqa oyunçuların müdaxiləsinə gərək qalmayacaq. Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması fonunda liderlərin ikitərəfli görüşü hələ ki, baş tutmur. Ermənistan məhz üçüncü tərəfin vasitəçiliyilə danışıqlarda maraqlıdır. Paşinyan hakimiyyətinin əsas məqsədi Azərbaycana təzyiqlərin gücləndirilməsi fonunda öz şərtləri çərçivəsində sülh müqaviləsinin bağlanmasına nail olmaqdır. Ermənistanın şansı azdır, çünki onun effektiv və əhəmiyyətli mübarizə metodologiyası yoxdur. Bunu Ermənistan hakimiyyəti də anlayır. Bu baxımdan, İrəvanın yaxın perspektivdə Azərbaycanın şərtlərinə müsbət cavab verəcəyini proqnozlaşdırmaq mümkündür.

Mustafa KAMAL,

"Respublika".